Ru
17:54 / 21 Sentyabr 2022

"Cəbhədə gərginlik yaranan kimi içimizdəki Denikinlər aktivləşir" - VHP müraciət yaydı

1419
Azərbaycan-Ermənistan sərhəddində baş verən son gərginlikdən sonra yaranmış hərbi-siyasi vəziyyətlə bağlı Vətəndaş Həmrəyliyi Partiyası dünya azərbaycanlılarına müraciət edib.


Bakupost.az həmin müraciəti təqdim edir:

Əziz həmvətənlər!


Hər şeydən öncə bir məqamı diqqətinizə çatdıraq ki, hərbi qarşıdurma erməni tərəfin Azərbaycan ərazisində silahlı qüvvələrimizin dislokasiya məntəqələri arasındakı əraziləri minalamasından sonra yaranıb. Ermənistan Baş Naziri tərəfindən də etiraf olunan bu fakt təxribatın qarşısını almaq üçün Azərbaycanın cavab tədbirləri gördüyünü təsdiqləyir. Unutmaq olmaz ki,  ötən müddət ərzində həmin istiqamətlərdə mütəmadi olaraq Azərbaycan ərazilərinin atəşə tutulması və erməni tərəfinin hərbi təhdidləri Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmasını zəruri edirdi. Azərbaycan heç bir dövlətə ərazi iddiası irəli sürmədiyini dəfələrlə bəyan və sübut edib. Amma işğaldan azad olunmuş və quruculuq işləri görülən ərazilərin təhlükəsizliyini təmin etmək bizim beynəlxalq hüquqla təsbit olunmuş haqqımızdır!


VHP son hərbi əməliyyatları Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirən qüvvələrə 30 il ərzində torpaqlarımızın işğal altında qalması faktını xatırladaraq, bildirir ki, ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunanda da bəzi Qərb dövlətləri Ermənistanı yox, bizi işğalçı sayırdı. BMT TŞ- nın 4 qətnaməsi qulaq ardına vurulurdu. Ərazilərimizi qorumaq bizim milli haqqımızdır! 


Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirən xarici qüvvələr və siyasətçilər özlərinin erməni lobbisinin oyuncağı olduqlarını nümayiş etdirirlər. Çox təəssüf ki, bu kampaniyaya bəzi azərbaycanlı şəxslər də qoşuldu. Ölkəmizin hərbi və siyasi uğurlarını gözü götürməyən qüvvələr cəbhədə gərginlik yaranan kimi bir mərkəzdən idarə olunaraq aktivləşməyə başladılar. İçimizdəki təxribatçılar, ermənilərə xidmət edənlər xalq arasında təşviş, xof yaratmağa yönələn məlumatlar paylaşıb cəmiyyətin çaşqınlıq işində olmasına çalışdılar. Yalan xəbərlər yaymaqla rəsmi məlumatları kölgədə saxlamağa çalışan satqın qüvvələr Azərbaycanın itkilərinin çox olması, hətta ərazi itkilərimizin olduğu barədə dezinformasiyalar yayırdılar. Artıq hər iki tərəf rəsmi şəkilə itikiləri açıqlayıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Düşmənin darmadağın edildiyi ermənilər tərəfindən də etiraf edilib. "İçimizdəki Denikinlər" xaricdən aldıqları sifarişi yerinə yetirməkdədir. Bu ilk dəfə deyil. Son illər ərzində iddiası və şəxsi maraqları naminə hər yolu məqbul sayan, vətən və millət sevgisindən uzaq, milli və dini ənənələrimizi ayaq altına atmağa hazır şəxslərdən formalaşdırılmış və “demokratiyanı, insan haqlarını qorumaq” çətiri altında gizlədilmiş  bu şəbəkələrin əsas qayəsi elə məhz kritik məqamlarda ortaya çıxarılıb Azərbaycan dövlətinə içdən zərbə vurmaqdır.



Vətəndaş Həmrəyliyi Partiyası ən yaxın tariximizi yada salaraq xatırladır ki, istiqlalımızın ilk illərində hakimiyyət savaşına qalxmaq yerinə, həqiqi Vətən sevgisi, məsuliyyət və qeyrət hissiylə bir masanın arxasında toparlanmağı bacarsaydıq və bütün gücləri də iç savaşa deyil, qanımızı içməyə hazır olan düşmənlə mübarizəyə səfərbər etsəydik, 30 illik işğal əzabı yaşamazdıq. Tarixdən dərs götürmək zamanıdır. "Azərbaycan Ermənistan ərazisinə hücum edib! Bizim orada nə işimiz var?!” fikrini durmadan tirajlayan, dünənədək “10 noyabrda niyə hərbi əməliyyatları dayandırdıq?” ittihamı irəli sürüb bu gün "Bu qədər şəhid niyə verdik?!” arqumentini səsləndirənlərin erməninin başını əzən “Dəmir yumruq”la birdəfəlik əzilməsi zamanıdır. Ermənistanla sərhədlərimizin dəqiqləşdirilmədiyi bir vaxtda hansi sərhəddən söhbət gedə bilər? 2 ildir ki, Azərbaycan sərhədlərin dəqiqləşməsini istəyir, Etmənistan tərəfi bundan imtina edir və Azərbaycana hücum üçün hazırlıq işləri görür. Şəhidlərinin ruhuna hörmət edən hansı dövlət bu revanşist proseslərə biğanə qala bilər? Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır.

Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, daxili və xarici bədniyyətli qrupların həyata keçirdiyi təxribatçı planlardan asılı olmayaraq, Azərbaycan öz hədəflərinə doğru addımlamaqdadır. Azərbaycan xalqı çox yaxın zamanlarda “Zəngəzur dəhlizi”nin açılmasına, Naxçıvana dəhliz vasitəsi ilə səfərlərin təşkil olunacağına, ən nəhayət, Qarabağın dağlıq bölgələrinə Böyük Qayıdışa şahidlik edəcək. Buna heç kəsin şübhəsi olmasın!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər