Ru
11:36 / 13 Sentyabr 2022

Cəhənnəmin ortasında ümid necə parıldayır...

14439

İlknur Salamova


Şeytanın aciz qaldığı suala cavab TAPDIM


Bu aralar dünyada səs-küy salan “Sandman” serialını izləyirəm. Düzdür, hələ 5-ci seriyadayam, ancaq bu, serial haqda fikir bildirməyimə mane deyil.


Elmi-fantastik janr həm kitablarda, həm də film və serial seçimlərimdə üstünlük təşkil etsə də, adətən onun “qardaşı” hesab edilən fantastik janrda nələrsə oxuyub-izləməyi elə də sevmirəm. Çünki mənə vaxt itkisi kimi gəlir.





Lakin “Sandman” istisnalardandır, çünki kürəyini mifologiyaya dayayan bir yazarın - Neil Gaimanın qələmindən çıxan eyni adlı cizgi-roman əsasında çəkilib. Mən isə uşaqlıqdan bəri mifologiyaya marağı olan biri kimi buna laqeyd qala bilmirəm. Cizgi-romanı oxumadığım üçün serialın orijinala nə qədər uyğun ekranlaşdırıldığını deyə bilmərəm, ancaq vizual effektlər heç də pis deyil.


Ekran işinin hekayəsi axıcı və obrazları maraqlı olduğu kimi, dialoqları da yaddaqalandır. İlk seriyadan etibarən dialoqlar diqqətimi çox çəkdi və istər-istəməz düşündüm ki, deməli, cizgi-romanda belə cümlələrdən daha çox var - ona görə də həm özümə, həm də sizə oxumağı tövsiyə edirəm.


Ən sevdiyim səhnə və dialoqlara 4-cü seriyada rast gəldim. “Cəhənnəmdə bir ümid” adlı bu hissədə Morfeus (Yuxu tanrısı) itmiş dəbilqəsinin bir iblisdə olduğunu öyrəndiyi üçün Cəhənnəmə gələrək onu geri almağa çalışır. Bunun üçün iblislə döyüşməlidir. Morfeus cəhənnəmə quzğunu ilə gəldiyi üçün onu döyüşdə özündən başqa təmsil edəcək heç kim olmur. İblis isə özünə təmsilçi olaraq Cəhənnəmin sahibini, yəni Lusiferi (Şeytan) seçir.


Yuxu tanrısı Şeytanın ondan qat-qat güclü olduğunu hələ Cəhənnəmə daxil olduğu ilk anlarda quzğunu ilə söhbət zamanı etiraf etmişdi. Şeytanın qadın cildində olması da diqqətimi çəkdi, amma buna etirazım yoxdur. Çünki bir qadının axmaq mələk olmasındansa, ağıllı şeytan olmasına üstünlük verənlərdənəm. Nə isə əsas məsələyə qayıdaq.


Şeytanla Yuxu tanrısı arasında “döyüş” başlayır. Ancaq bu bildiyimiz döyüşlərdən deyil. Burda daha çox düşüncə gücü ilə qarşı tərəfə zərər verilir. Məsələn, döyüşü başladan Şeytan canavar olduğunu deyir, Morfeus isə atlı bir ovçu olmağı seçir. O, canavarı ovlayaraq Şeytanı yaralayır. Daha sonra Şeytan ilan olur və atı öldürür, qarşı tərəf isə quş olub ilanı ovlayır. Beləliklə, onlar növbə ilə bakteriya, planet, nova partlayışı olmağı seçərək bir-birlərini məhv etməyə çalışırlar.


Artıq gücü tükənmək üzrə olan Morfeus kainat olur, Şeytan isə anti-yaşam olduğunu deyir və kainatı mütləq qaranlığa qərq edir.





Morfeus məğlub olmaq üzrədir. Şeytan ondan nə olacağını soruşur: “Mütləq qaranlığı nə məhv edə bilər ki?”, - deyə o, istehza ilə Yuxu tanrısının əzab çəkməsinə tamaşa edir. Bu zaman quzğun Morfeusun köməyinə gəlir; yuxuların məhv edilə bilməyəcəyini xatırladır.


Çətinliklə də olsa, Yuxu tanrısı son həmləsini edir: O, “Ümid” deyir. Burada Lusiferə digər bir adı ilə səslənir: “Bəli, İşıqgətirən, Ümidi öldürən nədir?”. Şeytan cavab verə bilmir və məğlub olur, Morfeus isə öz dəbilqəsinə qovuşur.


Təbii, bu qədər pozitivlik gözəl səslənə bilər. Özü də cəhənnəmin qaranlıq və qəsvətli atmosferində “ümid” necə də parıldayır. Bəs biz bu dialoqdan real həyatımızda istifadə edə bilərikmi? Reallıqda ümid həqiqətən də məhv edilməsi mümkün olmayan mütləq məfhumdurmu? Təbii ki, illərin pessimisti olaraq buna “yox” deyəcəyimi və hətta Şeytanın belə qarşısında aciz qaldığı o məşhur suala cavab tapacağımı başa düşdünüz.


Mən Lusiferin yerində olsaydım, (Bəli, bu dəqiqə Şeytandan belə çox bildiyimi etiraf etmiş oluram) Zaman olmağı seçərdim. Bəli, ZAMAN!!! Kifayət qədər zaman verilsə, kainatdakı hər şey kimi, ümid də öləcək. Elə bir an gələcək ki, artıq gözləməyin mənasız olduğunu anlayıb reallıqla barışacaq, reallığa təslim olacağıq. Situasiyadan asılı olaraq biz xilas ola və ya fəlakətə sürüklənə bilərik - bu, isə artıq başqa yazının mövzusudur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər