Ru
15:46 / 27 Oktyabr 2022

Dövlət yazıçılara borcunu qaytarmalıdır - Sabir Rüstəmxanlının qurultaydakı çıxışı

25632
“MİLLİ SİMASIZLIĞA, ŞƏRƏ QARŞI MÜBARİZƏYƏ HƏMİŞƏKİNDƏN DAHA ARTIQ EHTİYAC VAR”


Azərbaycan Yazıçılar Birliyinin dünən keçirilən XIII qurultayında Xalq şairi Sabir Rüstəmxanlı geniş çıxış edib.


Həmin çıxış böyük marağa səbəb olduğundan onu olduğu kimi oxuculara təqdim edirik:


Əziz qurultay nümayəndələri, hörmətli xanımlar və bəylər!


Ömür qısa olsa da, hər insan həyatında bir əbədiyyət havası və tarixin bütün yükünü daşımaq gücü var. Biz 200 illik bir ayrılığın və 30 illik məğlubiyyətin acısını yaşadıq. Bu qurultaymızı bütün əvvəlki Yazıçı qurultaylarından fərqləndirən 44 günlük savaşın nəticəsi və 2 ildən bəri davam edən Böyük Zəfər havasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərəməzə Allahdan can sağlığı arzulayıram.


Elə bil dünən idi, mən bu kürsüdən Azərbaycan Yazıçılarının Qurultayının ən gənc və ən dəli-dolu nümayəndəsi kimi çıxış edirdim. Bu gün qurultayın ən yaşlı nümayəndələrindən biri kimi danışıram.



Lakin prinsiplər dəyşilməzdir. 1981-ci ildə, sovet rejiminin sarsılmaz göründüyü bir vaxtda dediyim sözləri bu gün də eyni mənada təkrar etmək istəyirəm: “Ədəbiyyatın hesabatı əslində, elə cəmiyyətin, xalq mənəviyyatının hesabatıdır və burada yaradıcılıq söhbətləri ilə yanaşı, istər-istəməz, yaradıcılığa qida verən ictimai həyatın başlıca problemləri haqqında danışmağa da zəruri ehtiyac baş qaldırır. Yazıçı sözünün böyük mənası tələb edir ki, bizim çıxışlarımızda dövrümüzün geniş mənzərəsi əhatə olunsun, təkcə bu günümüzlə yox, keçmişimiz və gələcəyimizlə bağlı olan bir çox məsələlər araşdırılsın. Qurultay öz açıq, səmimi, mərdanə mövqeyi ilə bizə uzun illər üçün vətəndaşlıq və yaradıcılıq proqramı versin.


Sovet dövründə keçirilən qurultaylardakı çıxışlarımda səsləndirdiyim qayğılarımızı və tələblərimizi indi təkrar etməyə vaxt çatmaz. Ən başlıca məsələlər milli haqlarımıza sahib çıxmaq, milli-mənəvi bütövlüyümüzün, ana dilimizin qorunması, tariximizə münasibətdəki düşmənçiliyə son qoyulması, yazıçılara qayğının və qonorarın artırılması, kitab nəşrinin genişləndirilməsi, Güney Azərbaycanla əlaqələrin möhkəmlədirilməsi, əlimizdən alınmış tarixi dəyərlərimizin geri qaytarılması, milli özünüdərk prosesinə kömək edən əsərlərə yaşıl işıq yandırılması və s-dir.. O zamankı istəyimizin ən böyüyünə, müstəqilliyimizə nail olmuşuq. Lakin ədəbiyyatımızı narahat edən problemlərin bir çoxu müstəqillik dövründə də həll edilməmişdir. Bunun obyektiv səbəblərini başa düşürük: müharibə, ordu quruculuğu, dünyanın ikili standartlara söykənən siyasətinə qarşı dirəniş və s. Lakin bir sıra subyektiv səbəblər də var ki, onlar nə ədəbiyyatımızın, nə də qurultayımızın gözündən yayınır.


Qismətimiz ayrıclardan, zaman qovşaqlarından, ictimai-siyasi, coğrafi kəsişmə nöqtələrindən adlamaq oldu. İki yüz ildən, iki min ildən keçdik. Siyasi sistemlərin, eraların və dünya tarixinin dəyişildiyini, bir şəkildən başqa şəklə düşdüyünü gördük.


Bizim nəslin ədəbi taleyinə bu müstəvidə baxmaq lazımdır. Və bu gün keçmişə boylananda görürəm ki, bu dövrün milli taleyimiz üçün elə bir önəmli olayı və önəmli şəxsiyyəti yoxdur ki, yazılarımızda əksini tapmamış olsun.


Rəsmi tarix sovet ideologiyasının milli inkarçılıq, nihilizm siyasətini bütün qəddarlığı ilə genişləndirəndə Azərbaycanın qabaqcıl ədəbiyyatı bütün gücü ilə zəncirləri qırır, xalqın gözündəki qorxu və yalan pərdələrini cırıb atır və milləti müstəqilliyə hazırlayırdı.
Bu gün bütün qurultay nümayəndələrinin bu böyük həqiqəti bilmələrini və ədəbiyyatımızla qürur duymalarını istərdim. Milyonlarla insanı Meydanlara Azərbaycan ədəbiyyatı yığmışdı, Milli-azadlıq hərəkatının başında namuslu yazıçı və ziyalı sözü dayanır, milli oyanışın səbəbkarı, Azərbaycan ədəbi-mədəni təfəkkürü idi və nəhayət, Azərbaycanın Müstəqillik ideyasının baş memarı bütün repressiyalara baxmayaraq, ötən əsrin 60-80-ci illərində yeni bir intibah dövrünə qədəm qoyan Azərbaycan şeri və nəsri idi. Bu Azərbaycan ədəbiyyatının dövlətçiliyə təmənnasız xidmətidir. Ədəbiyyat müstəqilliyimizin bərpası üçün Sovet sisteminin verdiyi bütün üstünlüklərdən, sosial təminatlardan, nəşr və qonorar imkanlarından imtina etdi. Məncə, müstəqil dövlət bunu unutmamalı və imkan düşüdükcə ədəbiyyatın bu borcunu qaytarmalıdır..

Siyasətçilər söz adamlarını nə dərəcədə qoruyub, deyə bilmərəm. Ancaq dövlətləri öz çağları üçün silahları və gücləri qoruyursa, gələcək üçün söz, ədəbiyyat, tarix qoruyur.




Yazıçının vəzifəsi insan ruhunun və mənəviyyatının quruculuğu və qorunmasıdır. Bu məqamda ədəbiyyat və siyasət çox fərqlidir. Dövlət insanları zor və qanun gücüylə özünə bağlayır, eyni qanun çatılarının altına yığır, yazıçı isə onu azadlığa, dövlətdən asılı olmamağa səsləyir. Siyasətçi adamları «özününkü» və «özgələrinki» deyə bölür. Ədəbiyyat isə adamları ayırmır. Siyasətçi sərhəd çəkir, ədəbiyyat sərhəd və məhdudiyyət tanımır, sərhədləri dağıdır. Siyasətçi məqsədinə çatmaq üçün insanları qurban verməyə hazırdır, ədəbiyyatçı isə özü qurbanlıq doğulmuşdur. Bu baxımdan ədəbiyyatla siyasəti uzlaşdırmaq çətindir. Amma hər xalqın taleyinin elə ölüm-dirim anları var ki, orada hansı sənətlə məşğul olduğun yadından çıxır. Səngərə atılmaqdan və ya milli mübarizəyə qatılmaqdan başqa yolun qalmır.

Biz Azərbaycanın gələcəyindən danışarkən ilkin şərt kimi dövlətçiliyin möhkəmlənməsindən söz açırıq. İki əsr boyunca dövlətçiliyini itirmiş, parçalanmış bir millət üçün Müstəqil Dövlətdən və Birlikdən böyük ideal yoxdur. Bunu hər kəs bilir və iki yüz ildir, nəsil-nəsil azərbaycanlı öz itirdiklərini bərpa etmək yolunda qan və can verməkdən usanmır. Təkcə bu əsrdə Azərbaycanın quzeyində iki, güneyində bir dəfə müstəqil dövlət qurub onu yaşatmağa cəhd göstərmişik. İkisinin ömrü üst-üstə üç ilə çatmayıb. Üçüncüsü, inşallah, yaşayır və yaşayacaq.


Dövlət müstəqilliyinin alternativi yoxdur. Millətin öz bayrağı altında öz iradəsinin sahibi olması elə bir tarixi qazanc və xoşbəxtlikdir ki, heç nə ilə müqayisəyə gəlməz. Lakin dünyada alternativi olmayan başqa dəyərlər də var və müstəqil dövlət yalnız o zaman məna və əhəmiyyət qazanır ki, həmin dəyərlərə sayğı göstərsin. Bunlar ədəbiyyatın əbədi mövzusu olan dəyərlərdir: Haqq, ədalət, vətəndaşın hüquqlarının qorunması, insanın öz həyatını qurub imkanlarını sərf etməsi üçün şəraitin yaradılması, söz və əməl azadlığı, bərabərlik, milli sərvətlərin qorunub inkişaf etdirilməsinə təminat və s.


Bütün bunlara etinasızlıq olan bir yerdə müstəqilliyin və dövlətin mənası qalmaz!
Yoxsa zopa hansı əldə olur-olsun, elə zopadır. Əksinə, qardaş əliylə vurulanda daha bərk yandırır.
Qapıdan içəri buraxılmamağın bir adı var - istəyir rusca “net” deyilsin, istəyir türkcə “yox”!
Açıq əllər və ac gözlər bütün dillərdə eyni dillə danışır.
Rüşvət cəmiyyətin dayaqlarını həmişə eyni şəkildə laxladır: istər “day” deyilsin, istər “ver”...


Haqsızlığın, yalanın, laqeydliyin, qudurğanlığın da imperiya variantı ilə milli dövlət variantı bir-birindən seçilmir. Müstəqil dövlətimizdə bu böyük dəyərlərin itirilməsinə, müstəqilliyə olan ümidlərin qırılmasına yol vermək olmaz. Məncə, bu gün ədəbiyyatımızın əsas vəzifələrindən biri bu həqiqətlərin bədii sözlə anladılmasıdır.


Vətən cazibəsi böyükdür. Amma haqqın, xeyrin, işığın, ədalətin, insanlığın cazibəsi ondan da böyükdür.


Azərbaycanın bütövlüyünü, böyüklüyünü, xoşbəxt gələcəyini istəyiriksə, müstəqil respublikamızda elə bir şəraitin yaranmasına çalışmalıyıq ki, dünyaya səpələnənlərimiz də, İranda yaşayanlarımız da həsəd aparsınlar. Buranın hər cəhətdən üstünlüyünü, buradakı mənəvi havanın təmizliyini duymasalar, kim bizimlə qovuşmağa can atar?




Müstəqil dövlətdə bütün mədəniyyət, informasiya və təhsil siyasəti milli xarakterin, milli bilinc və təfəkkürün, milli elm və texnologiyanın inkişafına yönəldilməlidir.


Azərbaycanda çağdaş tələblərə cavab verən yeni bir muzey kompleksi tikilməlidir. Əlyazmalar İnstitutu daha etibarlı şəraitdə qorunmalıdır.


Dünya muzeyləri Azərbaycan mədəniyyət inciləri ilə doludur. Onların ölkəyə qaytarılması da əsas vəzifələrimizdən biridir. İndi bu işlə Heydər Əliyev Fondu məşğuldur.


Əhalinin çox hissəsinin yaşadığı kənd yerlərinin ümumi mədəni mühitimizə daha fəal şəkildə qoşulmasına çalışmalıyıq. İndiki halda kəndlər yalnız televiziyaların ümidinə qalıb. Kəndlərin çoxunda əhali bir yerə toplaşmağa məscidlərdən başqa bir yer tapa bilmir. Yenidən orta əsrlərə qayıdırıq.


Əziz dostlar, deyilənlər onu göstərir ki, ictimai ruh və vətəndaşlıq problemləri indi bədii ədəbiyyatı həmişəkindən daha çox düşündürməlidir. Milli problemlərimiz, Qarabağ müharibəsində qazanılmış parlaq qələbənin daha ciddi şəkildə təsviri və tərənnümü yazıçıların əsas mövzusu olmalıdır. Bu baxımdan müasir ədəbiyyatımızdan gileylənməyə haqqımız yoxdur. Ədəbiyyat bədii imakanlarını genişlındirir. Yeni üslublar və yazı tərzi ilə zənginləşir. Gənclər ənənəvi sayılan köhnə stereotiplərdən daha cəsarətlə qopub öz yollarını axtarırlar. Lakin bu nəsillər arasında yadlaşmağa və inkarçılığa çevrilməməlidir. Ədəbiyyata nəsillərin savaş meydanı kimi baxmaq olmaz. Əksinə, ədəbiyyat ən yaşlı yazıçıdan ən gənc şairə qədər özü bütöv bir cəbhə olmalıdır. Milli simasızlığa və şərə qarşı mübarizəyə indi həmişəkindən daha artıq ehtiyac var. Bu mənada hər bir qələm sahibi öz məsuliyyətini düşünməlidir. Ana dilinin qorunması, mədəniyyət və təhsil problemləri, milli-mənəvi bütövlük yenə də ədəbiyyatın əsas mövzusu olaraq qalmalıdır.


Ola bilsin ki, ən yaxın zamanlarda biz dünyada iki Azərbaycan dövlətinin varlığı kimi böyük bir xoşbəxtliyin şahidi olacağıq. Lakin rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlamaq imkanını əldən verib. Dəfələrlə yazsaq və desək də, Güneydən gələn bircə nəfər gənci də burda dövlət hesabına oxutdura bilmirik. Ədəbi əlaqələrimizin möhkəmləndirilməsi, milli birliyin inkişafı üçün az iş görülür.


Vaxtilə biz türk sözünü dilimizə gətirəndə nizələr üzümüzə tuşlanırdı. Şükür, bu gün Qarabağ savaşı və bölgədə gedən proseslər Türk birliyi yolunun nicat yolu olduğunu təsdiqləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə ədəbi əlaqələrin möhkəmləndirilməsi zəruridir.


Danışılmalı problemlər çoxdur. Lakin mən onlardan bir-ikisini sadalamaqla çıxışımı yekunlaşdırmaq istəyirəm.


Mədəniyyət sahəsində aparılan yanlış siyasət nəticəsində bu gün Azərbaycan kitabı Abşeron sınırlarını aşıb rayonlarımız və kəndlərimizə çata bilmir. Ən yaxşı kitablarımızın tirajı 20.000-dən 200 nüsxəyə enib. Kəndlərdəki mədəniyyət ocaqları və kitabxanalar yarıbayarı ixtisar edilib. Müasir dövrün ədəbiyyatı hətta rayonların mərkəzi kitabxanalarına gedib çatmır. Bu, ədəbiyyatın faciəsidir.


Əhalinin sayına görə bizdən xeyli kiçik olan qonşu ölkələrdə belə kitabın tirajı bizdən yüksəkdir. Ölkədə müxtəlif fondlar var. Məncə, bir kitab fondu da yaradılmalı və onun hesabına ən gərəkli ədəbiyyat nümunələrinin nəşri və yazıçılara qonorar verilməsi stimullaşdırılmalıdır. Vaxtilə mən yazıçıların bir qurultayında kitablarımıza verilən qonorarın azırlığından danışanda mərhum Heydər Əliyevin tapşırığı ilə elə həmin gün qonorar fondu 1 milyon artırılmışdı. Güman edirəm, ədəbiyyatın ölkənin taleyində xüsusi rolu nəzərə alınaraq ən yaxşı əsərlərimizin müəlliflərinin həyat şəraitinin yaxşılaşdırılması, kitablarımızın xarici dillərə tərcüməsi və nəşri sahəsində gərəkli addımlar atılacaqdır.


Oxucularımız çox surətlə əlimizdən alınır. İngilis və rus dilli məktəblərin sayı artır. Həmin gənclərin öz ədəbiyyatımızdan aralı düşməməsi üçün də müəyyən tədbirlər görülməlidir.


Bütövlükdə mən Azərbaycanın gənc ədəbiyyatına böyük ümid və sevgiylə baxıram. Yazıçılar birliyinin qorunub saxlanılmasına sevinirəm və bu baxımdan Anar bəyə minnətdarlığımı bildirirəm, güman edirəm, o, qoruyub saxladığı bu birliyi bundan sonra da yaşadacaqdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər