Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib.
Millət vəkili Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında bildirib ki, iqtisadi təhlükəsizlik kontekstində Davos Forumu və hərbi-siyasi təhlükəsizlik kontekstində Təhlükəsizlik konfransı nə qədər əhəmiyyətlidirsə, sosial-siyasi təhlükəsizlik kontekstində Qlobal Bakı Forumu da böyük əhəmiyyətə malikdir:
“X Global Bakı Forumu beynəlxalq gündəmdə olan ən aktual məsələlərin və problemlərin müzakirə olunduğu böyük beynəlxalq platformadır. Budəfəki X Global Bakı Forumu dünyada mövcud olan hazırkı çağırışlarla və ümidlərlə bağlı gündəmi özündə əks etdirən mühüm bir beynəlxalq tədbir kimi yadda qaldı. Hazırda dünya yeni nizama doğru irəlilədiyi tarixi bir yolda çox saylı problemlərlə, ziddiyyətlərlə üz-üzə qalıb. Dövlətlə bu ziddiyyətlərin aradan qaldırılması, yeni strategiyaların düşünülməsi istiqamətində ciddi addımlar atmalıdır. Bakı Forumunda 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Dünyaya yeni mesajlar verildi. Bunların bir qismi iqtisadi, bir qismi siyasi və ümumi təhlükəsizlik çağırışları idi. Dünyada mövcud olan aclıq və miqrasiya təhlükəsizliyi ilə bağlı müzakirələr də xüsusi diqqət çəkdi”.
Əfsanə Rəcəb
BakuPost