"Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çox əhəmiyyətli idi və yüksək səviyyədə keçdi".
Bunu Bakupost.az -a açıqlamasında Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin nəticələrini şərh edən politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Avropa Birliyinin aparıcı dövləti olan Almaniya ilə münasibətlərin daha yüksək səviyyəyə keçməsi vacib idi və buna nail olundu:
"Üstəlik Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkəyə səfərindən sonra Azərbaycan prezidentinin Almaniyaya yüksək səviyyəli səfəri, ona göstərilən ehtiram və qarşılanma protokolu bir daha göstərir ki, Azərbaycan bölgənin sayılıb-seçilən dövlətidir. Almaniya prezidenti ilə görüşlərdə Azərbaycanın ərazi bütövlüyü və bu ərazilər üzərində onun suveren hüquqları birmənalı qaydada vurğulandı. Həmçinin, Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafına, gələcəkdə enerji resurslarının, təbii qazın Almaniyaya göndərilməsi ilə bağlı məsələlərə, habelə Almaniya şirkətlərinin ölkəmizdə fəaliyyətinin qurulmasına da diqqət yetirildi".
Qabil Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsla görüşündə kifayət qədər ədalətli, beynəlxalq hüququ normalarına uyğun razılaşmalar əldə edildi:
“Bu həmin Şoltsdur ki, Nikol Paşinyanla görüşdə Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi hüququnu vurğulamışdı. Dövlət orqanlarının müdaxiləsindən sonra onun yanlışı dərhal düzəldildi. Nikol Paşinyanla mətbuat konfrasında söylədiyi fikirlər Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə hörməti özündə ifadə edən müddəalarla yenidən təsdiq edildi. O, jurnalistlərin suallarına cavab olaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü sözsüz tanıyır. Ölkədə erməni azlığının hüquqları barədə gələcək Brüssel prosesində lazımı razılaşmaların həyata keçiriləcəyini, ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etdi”.
Politoloqun sözlərinə görə, bu səfərin Azərbaycanla Ermənistan arasında ədalətli sülh müqaviləsinin imzalanmasına mühüm töhvə olacağını da söyləmək mümkündür:
“Səfər zamanı Avropa Birliyin ən güclü ölkəsinin Azərbaycanla olan münasibətləri bütün konturları üzrə dəqiq təsvir edildi və münasibətlərin bundan sonra daha rəvan inkişaf edəcəyinə böyük ümidlər yarandı. Azərbaycan Avropa və Asiya materiki üzərində, xüsusilə Çin və Avropa bazarları arasında çox böyük rol oynayacaq logistika qovşağına malikdir. Ölkəmizin əhəmiyyəti Avropa dövlətləri tərəfindən başa düşülür və qiymətləndirilir. Avropa ilə əməkdaşlıq dərinləşir və inkişaf edir”.
Əfsanə Rəcəb
BakuPost