Ru
11:11 / 22 Sentyabr 2022

Ermənistan sülhdən imtina etsə, əməliyyatlar qaçılmaz olacaq - Politoloq

4435
Məlum olduğu kimi, BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş zamanı, nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.


Blinken-Bayramov-Mirzoyan görüşü ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, üçtərəfli görüşdə əsasən sülh prosesinin davam etdirilməsi və problemlərin diplomatik yollarla həlli diqqətə çatdırılıb:



"Bir-birilə zəncirvari şəkildə bağlı proseslər var. Söhbət Rusiyanın vasitəçiliyilə həyata keçirilən prosesdən və Brüsseldə Avropa İttifaqı prezidentinin vasitəçiliyilə həyata keçirilən görüşlərdən gedir. Birinci Rusiyanın iştirakı ilə keçirilən görüşlərin nəticəsi olaraq ortalıqda bir neçə sənəd var. Təbii ki, onlardan biri hərbi əməliyyatların dayandırılması prosesindən başqa 10 noyabr Bəyanatıdır ki, orada konkret öhdəliklər yer alıb. Daha sonrakı dövrlərdə yenə Rusiyanın iştirakı ilə keçirilən görüşlərdə bir sıra sənədlər, üçtərəfli bəyanatlar imzalanıb. Eyni zamanda Brüsseldə keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunsa da, bu, yalnız Avropa İttifaqı Prezidentinin yekun bəyanatlarında sadəcə, şifahi razılaşmalar şəklində dilə gətirilib. Yəni, konkret öhdəliklərin əks olunduğu sənədlər imzalanmayıb. ABŞ-ın indiyə qədərki cəhdləri, o cümlədən ATƏT-in Minsk qrupunu diriltmək istiqamətində göstərilən səylər iflasa uğrasa da, mahiyyət etibarı ilə biz artıq üçüncü bir prosesin də şahidi oluruq. Bu, ABŞ dövlət katibinin iştirakı ilə həyata keçirilən, hələlik xarici işlər nazirləri səviyyəsində baş tutan bir görüşdür. Əslində bu ondan xəbər verir ki, artıq ABŞ da dolayısı ilə ATƏT-in Minsk qrupunun məhv olduğunu, ömrünün sona çatdığını qəbul edir. Yəni, görüşün mahiyyəti də onu ifadə edir".


E.Mirzəbəyli görüşdə əldə olunan razılıqlara da diqqət çəkib:


"Görüşdə əldə olunan razılaşmalara gəldikdə isə mahiyyət etibarı ilə daha öncəki görüşlərdə səsləndirilən fikirlərin ümumi şəkildə ifadə olunmasını gördük. Daha çox Brüsseldə sülh müqaviləsi üzərində işin həyata keçirilməsilə bağlı şifahi razılaşma prosesinin davam edəcəyi barədə mesajlar səsləndi. Amma konkret olaraq ortalıqda ciddi bir sənəd yoxdur. Digər bir aspekt xüsusi olaraq diqqət çəkir. ABŞ tərəfindən Nümayəndələr Palatasının sədri Nensi Pelosinin absurd iddialarından fərqli olaraq, ittihamlar səslənmir. Yəni, orada hansısa tərəfin ittiham olunması deyil, ümumilikdə sülh prosesinin davam etdirilməsi və problemlərin diplomatik yollarla həlli diqqətə çatdırılıb. Bu da vacib məqamlardan biridir. Bundan sonrakı proseslərin gedişini izləmək lazımdır. Düşünürəm ki, ya Ermənistan son hadisələrdən nəticə çıxaracaq və sülh müqaviləsi üzərində işin aparılması reallığa çevriləcək, ya da sülhə məcburetmə əməliyyatı qaçılmaz olacaq".

Fəridə
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Hamı Ali Baş Komandan kimi danışır..

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər