Ru
11:52 / 13 Sentyabr 2022

"Ermənistanın təxribatlarını bəzi xarici dairələr stimullaşdırır" - Ekspert

2356
“Nə zaman ki, proseslər konkret bir razılaşma nöqtəsinə çatır, o zaman Ermənistan prosesdən yayınmaq üçün müxtəlif bəhanə və təxribatlara əl atır”.


Bunu tanınmış jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli Ermənistanın Azərbaycan sərhəddində törətdiyi növbəti təxribatla bağlı Bakupost.az -a açıqlamasında deyib.


O qeyd edib ki, Ermənistan Azərbaycanla sərhəddə mütəmadi olaraq təxribatlar törədir və bu təxribatlar iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə yönəlib:


“Biz daha öncə eyni təxribatların Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərdə həyata keçirildiyinin şahidi olduq. O zaman “Qisas” əməliyyatı ilə erməni separatçı və terrorçularının tör-töküntüləri zərərsizləşdirildi. Azərbaycan bir sıra yüksəkliklərə nəzarəti ələ keçirərək, həmin ərazilər üzərində öz suveren hüquqlarını bərpa etdi və təhlükəsizlik tədbirləri gördü. Dediyim kimi, Ermənistan razilaşmaları pozmaq, hansısa razilaşmaya imza atmamaq üçün ya ölkə daxilində vəziyyətin gərginliyini bəhanə edir, ya da sərhəddə təxribat törətməklə prosesin uzadılmasına cəhd göstərir. Brüssel görüşündən sonra erməni təxribatlarının intensivləşməsi də bunu təsdiq edir”.

E. Mirzəbəyli bu məsələdə kənar qüvvələrin də rolu olduğu fikrindədir:

"Ermənistandakı siyasi qüvvəni hakimiyyətə gətirən dairələr onun Azərbaycana qarşı təxribatlarını faktiki olaraq, stimullaşdırırlar. Bu stimullaşdırıcı davranışlar həmin qüvvələrin faktiki bəyanatlarında da qabarıq şəkildə nəzərə çarpmaqdadır. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Prosesdən yayınmağa çalışır. Ermənilər hesab edir ki, regiondakı reallıqlar hansısa fövqəlqüvvənin təsiri nəticəsində dəyişəcək və öz təcavüzkar siyasətlərini davam etdirəcəklər".


Siyasi ekspert hesab edir ki, son təxribatlar Ermənistanla danışmağın yalnız bir yolunun olduğunu təsdiqlədi:


"Bu da Ermənistanı sülhə məcbur etməkdən ibarətdir. Hazırda həyata keçirilən tədbirlər ilk növbədə Azərbaycanda mülkü əhalinin, eyni zamanda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsinə, bölgədə həyata keçirilən infrastruktur layihələrə mane olmağa çalışan təxribatçı davranışlar və Azərbaycanın təhlükəsiliyini təhdid edən addımların qarşısının alınmasına yönəlib. Ümumiyyətlə, beynəlxalq təcrübəyə görə, hər hansı bir qonşu dövlət təcəvüzkardırsa, öz təcavüzünə son qoymur və bu, davamlı hal alırsa, o zaman həmin dövlətlə sərhəddə neytral bufer zona yaradılır. Bu o zamana qədər davam etdirilir ki, həmin ölkə sülh sazişi imzalamağa məcbur olsun. Azərbaycanın Ermənsitanın təxribatlarına qarşı gördüyü tədbirlərin təməlində də işğalçı dövlətin sülhə məcbur edilməsi niyyəti dayanır”.


Qeyd edək ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.





Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər