Ru
22:00 / 23 Sentyabr 2022

Ərzaq böhranı dərinləşir - Gələn il dünyanı nələr gözləyir? - AÇIQLAMA

2052
Dünyanın ərzaq böhranı ilə üzləşəcəyinə dair xəbərdarlıqların sayı artır.


Məsələyə yenidən nəzər salan məşhur “The Times” nəşri Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən yazır ki, Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər. Bank xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacaq idxalının tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da öz növbəsində Ukraynada xüsusi əməliyyat başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsinə səbəb olacaq.


Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ilkin proqnozlara görə, bu il və gələn il dünyada taxıl ehtiyatının həcmi tələbatı ödəməyə kifayət etməyəcək:




"Qlobal ərzaq çatışmazlığının kökündə bir sıra obyektiv faktorlar durur. Bunlardan biri iqlim faktorudur. Dünyanı ağuşuna alan daşqınlar, şaxtalı hava, ardınca da gələn quraqlıqlar məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı saldı. Hazırda təhlükə ikinci səviyyəyə kimi qalxıb. Bu isə artıq su çatışmazlığı ilə bağlı problemlərin başladığı anlamına gəlir. Analoji vəziyyət İtaliya, Fransa, İspaniya, Portuqaliya və Yunanıstanda da yaşanmaqdadır. Bununla yanaşı pandemiyanın doğru idarə olunmaması, yanlış iqtisadi qərarlar ərzaq bazarında ciddi problemlər yaratdı. Son iki ildə Ukrayna ətrafında baş verən hadisələr, qlobal və milli iqtisadi sarsıntılar, planetin hər küncünə təsir edən iqlim böhranı, münaqişə və sabitliyin pozulması nəticəsində ərzaq qıtlığı kəskin şəkildə artıb”.


İqtisadçı ekspert qlobal ərzaq təhlükəsizliyilə bağlı ciddi problemlərin olduğunu da diqqətə çatdırıb:


"Qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradan digər faktor Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Rusiyanın Ukraynaya hücumu və buna cavab olaraq dünya ölkələrinin Rusiyaya sanksiya tətbiq etməsi bu sahədə vəziyyəti daha da gərginləşdirdi. Hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. İkisinin birlikdə dünya ixracatında payı təqribən 100 milyon ton taxıla bərabər idi. Hazırda Rusiyanın aqressiyası davam edir. Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib və bu da vəziyyətə ciddi təsir edir. Bu vəziyyətdə əksər ölkələr, o cümlədən də Avropa hələ də inflyasiya əsiri olmaqda davam edir. Hazırda Rusiya referendumlar vasitəsilə Ukraynanın bəzi ərazilərini özünə qatmağa çalışır. Bu da qarşıda Rusiyaya tətbiq olunacaq sanksiyaları daha da gücləndirəcək. Bu sanksiyaların hansı sahədə güclənməsini indidən demək çətindir. Bu həftə ərzində Avropa Birliyi və ABŞ yeni sanksiyaları elan edəcək. Bunun enerji sektoruna çox təsir edəcəyini gözləmirəm. Çünki artıq enerji sektoruna nə qədər tətbiq etmək mümkün idisə, sanksiyalar tətbiq olunub. Ona görə də başqa sahələrə daha ciddi sanksiyaların olması ehtimalı daha yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, müharibə davam etdikcə, ərzaq bazarında gərginlik də davam edəcək. Yəni, Ukrayna bu il kənd təsərrüfatı işləri ilə məşğul ola bilmir, taxıl əkmək imkanı sıfırdır. Çünki ərazisində müharibə gedir. Eyni zamanda ixracatla bağlı Rusiyaya müəyyən qadağalar var. Bu da gələn il ərzaq bazarında gərginliyin davam edəcəyini söyləməyə imkan verir".


Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin gərgin olacağı proqnozlaşdırılıb.


Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər