Ru
14:11 / 29 İyun 2022

Ətir ustası...

9311
Firidun Ağazadə



İndiyə qədər 30-dan çox kitab tərcümə etmişəm, onların içərisində “Qanun” nəşriyyatının sifarişi ilə tərcümə etdiyim Məhəmməd Əsəd Bəyin “Qafqazın on iki sirri” kitabının xüsusi yeri var. Bu kitabdan 10-15 nüsxə hədiyyə də etmişəm – kitab hansısa bir işimin, xahişimin həll olunmasına vəsilə olub, vizit kartı kimi. Çünki onu yaxşı və lazımlı kitab hesab edirəm. Sevə-sevə etdiyim tərcümədir.


Kitabın adındakı “12” rəqəmi magik və simvolik məna daşıyır, kitabda, əslində, Qafqazın min bir sirri var. Əsəd Bəy onun səhifələrində Qafqazın etnoqrafik-tarixi yaddaşını rəsm edir, baş verənlər fonunda bu mürəkkəb diyarın əlvan etnoqrafik spektrini çəkir. Kitab təxminən yüz il əvvəl yazılsa da, bu gün də aktual olan böyük informativ material daşıyır, yaxşı mənbədir.
Kitabdan bir fəsli oxuculara təqdim edirəm.


Dağıstanda hamı quldur, soyğunçu ya da savaşçı deyil. Əlçatmaz dağların zirvələrində, aullarda və hələ də cəngavərlərin istehkamı olan qalalarda kahinlər, xəttatlar, cindar-cadugərlər, hətta sənətkarlar də yaşayır, həm də onlar Allahın sevimliləri, seçilmişləri məqamındadır. Dağlarda sənətkar təkcə şairə, rəssama yaxud da xanəndəyə demirlər. Unudulmuş, ucqar yerlərdə, çirkli-palçıqlı qazmalarda xüsusi bacarığa malik, bir çox başqa sənətkarlar da yaşayır. Belə sənətkarlar heç Avropada bəlkə yoxdur, onlar haqqında heç Avropada bilmirlər də, halbuki onlar bəlkə də bir çox qədim sənətləri yaşadan sonuncu insanlardır.


İtməkdə, yox olmaqda olan bu sənət sahibləri nə kitab yazır, nə musiqi bəstələyir, nə də tənqiddən qorxurlar. Onlar Dağıstanda, Konstantinopolda, İranda gözdən uzaq hücrələrinə çəkilib öz işlərini görürlər. Onların nəcib işi insanlar üçün möhtəşəm qoxulu ətirlər yaratmaqdır. Bu elə də asan iş deyil, hər halda Dağıstanda mahir ətir ustalarından biri məni buna inandırdı, sonra da keçmiş vaxtların xiffətini çəkib dedi ki, əvvəllər onun sənətini başa düşənlər vardı. İndi işsiz olan bu adam orada ləzgi mesenatlarının qonağı idi, sənətinin bütün sirlərini, incəliklərini mənə danışdı (çünki mən təvazökar, ədəbli, nəzakətli dolanırdım və hər şeyi bilmək istəyirdim), dedi ki, onun sənəti indi yalnız müstəbid Əbdülhəmidin Bosfor üzərində, İstanbuldakı İldiş Köşkü sarayında yaşayır.


Ətir ustasının işi hər kəsin, hər şeydən də əvvəl, hər bir qadının öz ətrini tapıb düzəltməkdir. Avropada bu işlə bərbər ya da Parisdə “M. Coty” ətriyyat şirkəti (1904-ci ildə Parisdə Fransua Koti tərəfindən yaradılmışdır – Tər.). məşğul olur. Buna baxmayaraq, bu adamlar sadəcə pinəçi ya da fabrikdə istehsal olunmuş ətirlərin satıcılarıdır, amma minlərlə qadın yalan-doğru bu ətirlər üçün ağlını itirir, hamı onları vurur. Ətir ustası deyirdi ki, bu, böyük barbarizmin bir parçasıdır. Heç bir qadın o biri qadına bənzəmir, ona görə də, hər bir qadının ətri ayrıca, yalnız özünə xas olmalıdır.


Əbdülhəmidin hərəminə, Şahın “Gül Sarayı”na ya da Dağıstan şamxalının (“şamxal” hökmdar tituludur – Tər.) qalasına təzə qız gətiriləndə, onlardan da qabaq qızı ətir ustasının yanına gətirirdilər, bu kişi də yeganə adam idi ki, ona qızla təkbətək qalmağa izn verirdilər. Ətir ustası qızın əslini-nəcabətini soruşur, adətlərini, tərbiyəsini öyrənir, rəqs etdirir, yeməyinə, mahnı oxumağına diqqət edirdi, hər tərəfini gözdən keçirir, daha neçə-neçə sual verirdi. Sonra qaşlarını bərk-bərk çatıb, qayğılı halda uzaqlaşır, öz hücrəsinə çəkilirdi.
Usta beləcə oturub işləyir, bəzən də bir neçə damcı xoş qoxulu ətir düzəltmək üçün həftələrlə çalışırdı. Gərək bu ətir o qızı bundan sonra hamıdan, bütün qadınlardan fərqləndirəydi. Ətir ustasının fikrincə ya da ətriyyat qaydalarına görə, həmin ətir o qadının gizli xüsusiyyətlərini üzə çıxarmalı, fiziki məziyyətlərini tamamlamalı, nöqsanını gizlətməli idi. Məsələn, barbar ləzgi qızına kobud və kəskin qoxulu ətir, mədəni, əsl-nəcabətli şahzadə qıza yumşaq, xoş qoxulu ətir ya da incəliyinə, zərifliyinə görə güclü ətir vurulmalı idi.
Ətrin keyfiyyətini qızın aldığı ümumi təəssürat, onun boy-buxunu, yeriş-duruşu, hərəkətləri, Ustanın yaradıcı ruhunu ilhama gətirən hər şey müəyyən edirdi. Tez-tez, əgər qadının hansısa məxsusi cəhətləri vardısa, xüsusən çətin hallarda, məsələn, Avropalı qadınlar gətiriləndə, hökmdar hövsələdən çıxa bilərdi. Qız, hər şeydən əvvəl, vurduğu ətirdən bilinirdi, sonra onu saç ustasına və məşşatəyə göndərirdilər, axırda isə zinət və geyim üçün cavabdeh olan xədim öz işlərini görürdü. Ətir ustasına görə, gözəl qız hərəm xanımı olmaq üçün təbiətin bəxş etdiyi xammaldır, çox qiymətli materialdır, o isə bu xammalın işlənib cilalanmasında həlledici rol oynayır. Geyim, daş-qaş, hətta ənlik-kirşan onun düşüncə tərzi üçün xırda şeylərdir. Usta, xüsusən, qadının geyiminə üstündə işləyəcəyi həmin xammalın müvəqqəti büküldüyü kağız kimi baxır. Onun üçün əhəmiyyəti olan bir şey varsa, o da hökmdarın həzz saatlarında duyacağı (onun seçdiyi) ətir qoxusudur. Əgər işini yaxşı yerinə yetiribsə, səhər hökmdar bunun müqabilində onun ciblərini qızılla dolduracaq.
Ətirdən istifadə Şərqdən gəlib və bu gün mədəni bəşəriyyətin adətinə çevrilib. Heç yerdə buna qədim ustaların laboratoriyalarında olduğu kimi fikir vermirlər.


Həmin incəsənətin başqa bir sahəsi kişi ətriyyatıdır. Burada başqa qaydalar var. Savaşçı elə ətir vurmalıdır ki, onu cəsarətə gətirsin, düşməni çaşdırsın, buna görə də ətriyyatı sarımsaqdan və digər kəskin qoxulu şeylərdən düzəldir, hər bir savaşçıya fərdi olaraq verirdilər. Onlar döyüşdən qabaq belə ətri bədənlərinə, üzlərinə sürtürdü. Ustanın dediyinə görə, bu, narkotik kimi təsir edirdi, düşmən bu qoxunu hiss edən kimi qorxur və çaş-baş qalırdı. Buna baxmayaraq, döyüş-vuruş ətriyyatı icad etmək elə də hörmətli bir iş deyildi. Usta üçün qadınlar daha əhəmiyyətli idi. Onun həqiqi yaradıcı dühası məhz qadınlar üçün daha böyük önəm daşıyırdı.


Qadınlar da, savaşçılar da öləridir. Onlar çox tez unudulurlar. Onlardan sonra Ustanın yüksək məharətini xatırladacaq bir şey qalmır. Amma əsl dahi əbədiyyət üçün yaradır, məhz bu səbəbdən, Usta ən ilhamlı saatlarını kitablara həsr edir, buna görə də, kitablara da qadın kimi yanaşmaq gərəkdir. Kitabların da ətri, qoxusu olmalıdır, onların məzmunu özlüyündə oxucunu tutmaq, cəlb etmək üçün bəzən kifayət etmir. Müəllif, rəssam, kalliqraf, bir də ətir ustası kitabın hazırlanmasında bərabər iştirak edirlər. Amma hər kitaba düzgün qoxu vermək heç də asan iş deyil. Usta təzə kitabı səylə nəzərdən keçirir, “içinə girir”, qədim ustaların işlərinə baxır, müəlliflə, rəssamla məsləhətləşir, lazım gələndə tələb edir ki, düzəliş etsinlər.


Kitab qadından çox əhəmiyyətlidir. O, müəllifin və ətriyyatçının sənətini əbədiyyətə aparır. Onun qoxusu özünə məxsus, məzmunu, cildi və kalliqrafiyası ilə harmoniyada olmalıdır. O, fikri yayındırmamalı, özünəməxsus şəkildə məzmunu çatdırmalı, nağıl etməlidir.

- Kitabın qoxusu olmalıdır, - ətir ustası bir dəfə mənə dedi. – Qədim, incə kalliqrafiya ilə yazılmış fikirlər canlanma, oyanma qoxusu yaymalıdır ki, yorulmuş oxucu işdə yatmasın, onu düzəldən Ustanın xatirəsinə təşəkkür etsin.


Bu gün bu sənət yox olub gedib, qadınlar və kitablar daha öz daxili mahiyyətinin ətrini saçmır, bəlirləmir. Onların mühafizəkar sahibləri ağıllı xəttatların, xədimlərin və ətir ustalarının şöhrətli vaxtlarını yalnız hərdən yada salır.


Bəs o ustalar indi haradadır? Onların sonuncuları Türkiyəyə, İrana çıxıb gedib ya da əlçatmaz Dağıstan dağlarında son günlərini yaşayırlar. Onlar indi heç kimin inanmadığı nağıllar danışır, ilahi bir sənəti məhv etdiyinə görə “M. Coty” şirkətinə lənət yağdırırlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər