Ru
15:05 / 25 Noyabr 2022

Fikrət Əmirovun yaradıcılığını dəfn etdilər - Bəhram Bağırzadədən nazirliyə ittihamlar

983
Əməkdar artist Bəhram Bağırzadə Xalq artisti Fikrət Əmirovun 100 illik yubiley gecəsini tənqid edib.


Bakupost.az xəbər verir ki, əməkdar artist sosial media hesabında yubiley gecəsində səslənən musiqilərin Fikrət Əmirov yaradıcılığına yaraşmadığını yazıb:


“Bu, ötən əsrdə və hətta ötən minillikdə olmuşdu. 1984-cü il. Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım var idi. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım... Hardasa yarım əsrdən çox vaxt keçib. Və bu gün, yeni minillikdə mən - artıq 50 yaşlı kişi - dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim... Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm... Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük, kişiləşmişik və gözəl şeyləri öyrənmişik. Fikrət müəllim, bizi bağışlayın. Biz sizi pis vəziyyətdə qoyduq...”.


Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova isə Bəhram Bağırzadənin tənqidi paylaşımına bu sözləri yazıb:


"Hörmətli Bəhram bəy, ilk növbədə onu qeyd edim ki, mən sizin paylaşımınıza cavabı Azərbaycan dilində ifadə edəcəm. Çünki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə rəhbərlik edirəm və bildiyim qədərilə siz də ana dilimizdə təhsil almısınız, məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Əziz Bəhram bəy, dahi Fikrət Əmirovun yubiley tədbirləri çərçivəsində keçirilən konsertdən məmnun qalmadığınızı ötən gün geniş şərh etmişdiniz. Təbii ki, buna bir vətəndaş olaraq tam haqqınız var idi və bu səbəbdən şərhinizə xüsusi münasibət bildirmədim. Amma müəyyən texniki qüsurları olan konsertlə bağlı 2 gündür davam edən həyəcanınıza səbəb verə biləcək məqamları görə bilmirəm. Konsert sizin zalı tərk etməyinizlə müşayiət olunmadı, davam etdi. Konsertin sonunda ssenari və ifaları ayaq üstə alqışlayanlar isə nazirliyin əməkdaşları deyildi, sıravi Azərbaycan tamaşaçısıydı. Təxminən bir neçə ildir, sizin o tamaşaçıya kütlə münasibəti göstərdiyinizi, o sıravi Azərbaycan vətəndaşını "tin"ə sıxışdıraraq ələ saldığınızın (üzr də istəmisiniz buna görə) şahidi oluruq. İllər öncə Azərbaycanı böyük səhnələrdə layiqli təmsil edib, uğurlu çıxışları ilə bizi qürurlandıran adamdan əsər-əlamət qalmayıb. Fikrət Əmirov dahidir. Bu dünyaya bəlkə 100 ildə bir dəfə gələn dahi. Onun adına keçirilən konsertdə hər hansı qüsur olubsa, buna görə üzr istəyirəm. Amma bu konsert sizin günlərdir davam edən statuslarınızdakı təsvirin motivi olacaq qədər pis keçsəydi, o zalı tərk edənlər təkcə bir neçə nəfər olmazdı. Çünki bu xalq dəyərlərinə sahib çıxmağı bacarır".


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər