Ru
12:18 / 05 Yanvar 2023

General Əfqan Nağıyevin üzünə duran şəxsin kimliyi bilindi - İndi başqa adamı tutdurur - VİDEO

24843
“Balıq ticarəti ilə məşğul olan Xalis Quliyev şəxsi əlaqələri və digər vasitələrdən istifadə edərək, məni həbs etdirmək istəyir. Mənə heç bir dəlil-sübuta əsaslanmayan cinayət işi açdırıb. Guya, ona 90 min manat borcum var”.


Bu sözləri Bakupost.az -a Bakıda balıq ticarəti ilə məşğul olan Neftçala sakini Vüqar Məhərrəmov deyib.


Fotoda: Xalis Quliyev


Onun sözlərinə görə, bir-neçə il əvvəl tanıdığı Xalis Quliyevlə müştərək iş görüb:


“Xalis İrandan balıq gətirib satırdı. Sonralar aldığı balığın pulunu ödəmədiyi üçün İrandan ona mal vermədilər. Ona görə də xahiş etdi ki, məhsulu mənim firmamın adına gətirsin. Razılaşdıq və gətirdiyi məhsulun çox hissəsini mənim vasitəmlə tanıdığı Türkiyə vətəndaşı Kamal Nəbioğlu adlı şəxsə satdı. Kamal isə onun pulunu verməyərək, ölkədən getdi. Bir müddət sonra isə onun Bakıda olduğunu öyrəndim. Xalislə bir yerdə gedib onu tapdıq. Sonra məsələ polisə düşdü. Polis Kamalı saxlasa da, yetərli sübut olmadığı, həmçinin onun xarici ölkə vətəndaşı olduğunu əsas götürüb, cinayət işi açmaqdan imtina etdi. Bundan sonra Xalis Quliyev Türkiyə vətəndaşında batan pulu məndən tələb etməyə başladı. Guya, həmin pulu mənə verib. Amma ortada heç bir dəlil-sübut yoxdur. Əksinə, onun yalan danışdığı aydın görünür. İzahatını üç-dörd dəfə dəyişib. Məsələn, ilk izahatında yazıb ki, guya mənə Neftçala şəhərində 80 min nağd pul verib. Həmin izahata əsasən, Neftçala polisi heç bir araşdırma aparmadan, hansısa marağa görə, mənə cinayət içi açdı, işi məhkəməyə göndərdi. Məhkəmə mənə 4 aylıq həbs verdi. Sonra mən apelliyasiya şikayəti verdim. Kameralar və Azercell-dən aldığım məktubla sübut etdim ki, həmin adamla heç vaxt Neftçalada görüşməmişəm və məhkəmə mənim şikayətimi təmin etdi, azadlığa buraxıldım. Bundan sonra Xalis gedib izahatını dəyişdi və iş Nərimanov Rayon Polis İdarəsinə getdi. İndi yazıb ki, guya Bakıda mənə pul verib. Bunun da yalan olduğunu sübut edəndən sonra növbəti dəfə izahatını dəyişib. Amma təəssüf ki, heç kim soruşmur ki, sən niyə izahatını dəyişirsən? Yalanın gün kimi aydın olmasına baxmayaraq, mənə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açıldı və həbsim üçün iş Ağır Cinayətlərə dair Məhkəməyə gödərildi”.



Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Xalis Quliyev yalandan izahat verdiyini təsdiqləyib, amma bu məsələdə polisi təqsirli bilib: “Neftçala Polis Şöbəsinin müstəntiqi özü izahat yazdı və mənə dedi ki, imza atım. Mən də oxumadan izahata imza atdım. Sonra getdi Vüqar Məhərrəmova işlədi. Burada mənim günahım yoxdu”.


X.Quliyev digər suallara cavab verməyib: “Hər şeyi məhkəmədə deyəcəm”.


Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilir.


Qeyd edək ki, X.Quliyevin adı indiyə kimi bir neçə dəfə balıq qaçaqmalçılığı və qanunsauz balıq ovunda hallanıb. Hətta o, 2020-ci ilin fevral ayında DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyevin həbsi prosesində şahid qismində çıxış edib. Əfqan Nağıyevin saxlanılası ilə bağlı yayılan rəsmi videomateriallardan görünür ki, generalın üzünə duranlardan biri məhz Xalis Quliyevdir.


Məlumat üçün bildirək ki, general həmin vaxt həbs olunsa da, 4 aydan sonra bəraət alaraq azadlığa buraxıldı, az sonra başlayan Vətən Müharibəsinə könüllü olaraq qatıldı və bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik etdi. Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni verildi. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı əlavə məlumat verəcəyik.



Azər
Baku Post
Şərhlər
  • Ramin

    dehsetdir kim kime geldi atir, musteqil mehkemeler yoxdur deye.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər