Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:23 / 31 Oktyabr 2024

Göbələkdən zəhərlənmə hansı hallarda baş verir? - Açıqlama

2247
Xəbər verdiyimiz kimi, bu günlərdə Xaçmaz rayonunda iki qadın göbələkdən zəhərlənib. 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi Günel Abdullayeva rayonda qonaq olarkən meşə sahəsində topladıqları göbələkdən yeyiblər.

Daha sonra onlar zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qadınlar oradan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilərkən İ.Bayramova yolda vəfat edib.



Əməkdar mədəniyyət işçisi, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov Bakupost.az -a deyib ki, göbələklərin bir qismi bu məhsulu yaxşı tanımayan insanlar tərəfindən yığıldığından, onlar arasında zəhərlilərə də rast gəlinir. Üstəlik, göbələklərin saxlanılması zamanı bəzi qaydalara riayət olunmur:

"Zəhərli növ sayılan "Muxamor", istifadə olunan bir neçə göbələyə çox bənzəyir. Ancaq "Muxamor"u gövdəsində olan kiçik xətlərlə seçmək mümkündür. Ona görə də yığılan zaman buna xüsusi olaraq diqqət yetirilməlidir. Göbələk yalnız alüminiumdan olan qapalı qablara yığılmalı və soyuducuda saxlanılmalıdır. Yığıldıqdan 3 gün sonra istifadə müddəti ötdüyündən satışdan çıxarılmalıdır. Dünyanın bütün ölkələrində bu qaydalara əməl olunur. Ancaq təəssüflər olsun ki, Azərbaycanda əksinədir. Ona görə də göbələkdən zəhərlənmə halları bizdə tez-tez baş verir".

Tahir Əmiraslanovun sözlərinə görə, iqlimə uyğun olaraq, Azərbaycanda göbələyin 100-ə yaxın növü yetişir. Ancaq onlardan 5-i zəhərli olduğundan istifadə edilmir:

"Göbələk əsasən, payız və yaz aylarında yağan ilk yağışdan sonra bitir. Bəzi hallarda yay mövsümündə də göbələyə rast gəlmək mümkündür. Amma onlar yabanı göbələklər sayılır. Azərbaycandan fərqli olaraq dünyanın əksər inkişaf etmiş ölkələrinin mətbəxində göbələyin bütün növlərindən geniş istifadə edilir. Bir çox ləziz xörəklər məhz göbələkdən hazırlanır. Ancaq ölkəmizdə bitən 100 növdən əhali yalnız "Şanpinyon", "Ağlı" və "Donbalan"dan istifadə edir".

O əlavə edib ki, göbələkdən hazırlanan xörək və salatları 1 gündən, tutmaları isə 6 gün tamam olduqdan sonra istifadə etmək qorxuludur:


“Göbələkdən hazırlanan xörək və salat nə qədər ləziz olsa belə, onu bir gündən artıq saxlamaq olmaz. Əks təqdirdə, zəhərlənmə baş verə bilər. Həmçinin göbələkdən hazırlanan tutmaları da 6 gün tamam olduqdan sonra istifadə etmək orqanizm üçün təhlükəlidir”.




Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar