Gürcüstan hökuməti kütləvi aksiyalardan sonra “Xarici agentlər haqqında” qanunu geri çağırsa da, etirazlar tam səngiməyib. Belə ki, hökuməıtin geri çəıkilməsinə rəğmən, xalq onun istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Politoloq İlqar Vəlizadə də Gürcüstanda siyasi sistemin böhran içərisində olduğunu düşünür.
O, Bakupost.az -a bildirib ki, qonşu ölkədə tez-tez müxtəlif kütləvi etiraz aksiyaları müşahidə olunur:
"Hazırda Gürcüstanda Qərbdən maliyyələşən qeyri-hökimət təşkilatları xüsusi çəkiyə malikdirlər. Onların vasitəsilə xaricdən daxili siyasi proseslərə qarışırlar. Məhz elə buna görə də bu cəhdləri müəyyən dərəcədə nəzarət altına almaq üçün "Xarici agentlər haqqında" qanun birinci oxunuşda qəbul olundu. Bu da etirazlara səbəb oldu. Təbii ki, bu etirazların arxasında xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları dururdu".
İlqar Vəlizadə qeyd edib ki, Gürcüstanda hökumətin istefası yalnız etiraz dalğası geniş vüsət alacağı təqdirdə baş tuta bilər:
“Hesab etmirəm ki, indiki halda hakimiyyət istefa verəcək. Çünki bunun üçün kifayət qədər zəmin yoxdur. Böhran hələ o dərəcədə dərinləşməyib. Amma əgər mitinqlər səngiməsə və etiraz dalğası paytaxt Tbilisidən digər bölgələrə yayılsa, istefa məsələsi gündəmə gələcək”.
Əfsanə Rəcəb
BakuPost