Ru
22:55 / 01 Dekabr 2022

Bazarlarda ucuzluqdur: bəs niyə hamı marketlərə üz tutur? - Ekspert rəyi

5816

Bakıda supermarketlərin açılması bazara getmək ənənəsini sıradan çıxarıb. Hazırda paytaxtda 4 böyük bazarın fəaliyyət göstərməsinə baxmayaraq, əhali bayram günləri də daxil, kənd təsərrüfatı mallarına olan tələbatını yaxınlıqdakı marketlərdən təmin etməklə kifayətlənir. Marketlərlə müqayisədə bazarlarda kənd təsərrüfatı məhsulları nisbətən ucuz olsa da, əhali nə üçün marketlərə üz tutur?



Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov insanların bazarlardan üz döndərməsinin bir neçə səbəbi olduğunu deyib:


“Bu, yalnız madiyyatla deyil, həm də rahatlıq məsələsidir. Məsələn, elə məhsullar var ki, onlar bazarda satılmır. İnsan bazara getdiyi zaman meyvə-tərəvəz alırsa, həmin yükü mütləq aparıb evinə qoymalı, daha sonra marketə gedib təmizlik vasitələri və ya başqa vacib məhsulları almalıdır. Amma marketdə insanlar siyahısında olan 10-15 adda məhsulun hamısını ala bilir. Bu baxımdan günümüzdə bazara getmək əlavə vaxt itkisi, "parkovka" ilə vaxt itirmək, əlavə yük daşımaq deməkdir”.


Ekspert həmçinin son illərdə paytaxtda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ilə bağlı məsələyə toxunub:

“Belə yarmarkaların ən gözəl nümunəsi Türkiyədədir. Orada yarmarkalar daha çoxdur, kənd təsərrüfatı məhsulları istehsalı Azərbaycanla müayisədə daha genişdir. Ona görə də fermerlər məhsullarını birbaşa kənd təsərrüfatı yarmarkalarında satışa çıxarırlar. Ancaq bizdə təəssüf ki, bu qaydalar pozuldu. Düzdür, ilk zamanlar fermerlər üstünlük təşkil edirdi. Amma son illərdə biz görürük ki, yarmarkalarda fermerlərdən daha çox kənd təsərrüfatı məhsulunun satışı ilə məşğul olan adamlar üstünlük təşkil edir. Həftənin beş günü bazarda kənd təsərrüfatı məhsulu satan şəxs şənbə-bazar günləri gəlib yarmarkada satışını həyata keçirir. Bu yarmarka qanunlarına ziddir”.


E.Əmirovun fikrincə, bu baxımdan nəinki böyük bazarlar, hətta həftə sonları təşkil olunan yarmarkalarda da müştəri qıtlığı var. Ekspert bunun fermerlərin birbaşa yarmarkalara çıxışının təmin olunmamasından qaynaqlandığını deyir:


“Bu problemlər Azərbaycanda bazar ənənələrinin yox olub getməsinə, bazarın müştərilərinin itirilməsinə səbəb olur. Bazarlarda digər imkanların yaradılmaması, əvəzində qiymətlərin qənaətbəxş olmaması da insanların marketlərə üz tutmasına şərait yaradır. Düşünürəm ki, Azərbaycanda kənd təsərrüfatı mallarının satış yarmarkaları təkcə şənbə-bazar deyil, digər günlərdə də təşkil olunmalıdır. Eyni zamanda belə yarmarkaların sayı daha çox olmalıdır. Ən əsası isə fermerlərin öz məhsullarını bu bazarlara çatdırılması problemi aradan qalxmalıdır. Ucqar bir kənddə yaşayan fermerin beş-altı kisə məhsulunu Bakıya gətirib bazara çıxarması ona çox baha başa gəlir”.

Ekspert bu istiqamətdə əsaslı bir mexanizm işlənilməsinin vacibliyini vurğulayır:


“Birincisi, regionlardan kənd təsərrüfatı məhsullarının rahat şəkildə Bakıya çatdırılması məsələsi həll olunmalıdır. Məsələn, fermer rayonda məhsulunu öz maşınına yükləyib Bakıya gətirirsə, yolda ona toxunulmamalıdır. Başa düşürəm, onları tam nəzarətsiz də qoymaq olmaz. Amma bütün hallarda elə bir mexanizm işlənilməlidir ki, fermerlər təhlükəsizlik qaydalarına əməl etdiyi halda rahat gələ bilsin.

İkincisi, ənənəvi bazarda kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan şəxslər yarmarkalara buraxılmamalıdır. Düzdür, bu o qədər də asan məsələ deyil. Amma hər halda bir yol düşünülməlidir.


Üçüncüsü, rayonlarda tədarük məntəqələri olmalıdır. Bir sahibkarın hər çeşiddən 30 kiloqram məhsulu varsa, onları bazara çıxartmaq ona sərf etməyəcək. Bunun üçün də regionlarda rayon mərkəzlərində iri tədarük mərkəzləri olmalıdır ki, həmin tədarük məntəqələrində toplanan məhsullar daha rentabelli şəkildə böyük şəhər bazarlarına nəql olunsun. Bu gün həmin tədarük məntəqələrinə böyük ehtiyac var. Əgər biz tədarük mərkəzləri yaratmasaq, daşınmadakı problemləri aradan qaldırmasaq, istəyimizə nail ola bilməyəcəyik”.


Günel
Baku Post

Şərhlər
  • t.ədalət

    Marketlərdə satılan məhsulların çoxu təbii deyil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər