Ru
11:03 / 14 Yanvar 2022

Hansı qadınlar şiddətə məruz qalır - Onlar bunun qarşısını necə ala bilərlər? - QANUN

680
Son illər Azərbaycan ailələrində şiddət, qətlə yetirmə hallarının artması müşahidə olunur. Belə zorakılıq halları baş verdikdə isə ailənin bütün üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji zədə alır.


Bəs ailədə baş verən fiziki və mənəvi zorakılıqla bağlı vətəndaşlar hara müraciət etməlidir? Bu hadisələrin insanlarda yaratdığı psixoloji problemlər və çıxış yolları nələrdir?

Məsələ ilə bağlı Bakupost.az -a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, vəkil Xəyal Bəşir bildirib ki, vətəndaşlar özlərinə qarşı zorakılıqların baş verəcəyi, həyatları üçün hansısa təhlükəni öncədən gördükləri zaman, bu halları sübut edərək məhkəmədən qısa və uzunmüddətli mühafizə orderləri ala bilərlər:



"Vətəndaşlarda iş prosesindən, mövcud problemlərdən asılı olaraq aqresiyalar formalaşır. Bu, aqresiyaların əksəriyyəti isə xanımlara qarşı münasibətdə baş verir. Lakin qadınların da kişilərə şiddət yaşatdığını bir çox hallarda şahidi oluruq. Ona görə düşünürəm ki, cəmiyyətdəki yeri, tutduğu vəzifəsi, statusundan asılı olmayaraq, zorakılıq hallarına yol vermək, qanuna zidd addımlar atmaq qanunla qadağan olunur. Həmçinin vətəndaşın kişi-qadın, uşaq-böyük olmasından asılı olmayaraq, zorakılıqla qarşılaşan insanlar, xüsusilə də ailə-məişət zəmnində baş verən zorakılıq hallar ilə bağlı qanunvericilikdə müəyyən məqamlar öz əksini tapır. İstənilən şəxs onun həyatı üçün ailəsində, yaxud kənar aləmdə baş verən, həmçinin özünü gözləyən hər hansı bir təhlükə ilə bağlı ilk növbədə polisə müraciət edə bilər. Eyni zamanda qanunvericilikdə "mühafizə orderi" anlayışı var. Yəni, ailədə bu kimi hallar baş verirsə, həmçinin qadınlar ailədə baş verən təhlükədən narahatdırlarsa, bu halda məhkəməyə müraciət edə bilərlər. Bu, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsində öz əksini tapıb. Vətəndaşlar özlərinə qarşı zorakılıqların baş verəcəyindən, yaxud həyatları üçün hansısa bir təhlükəni öncədən gördükləri zaman, bu halları sübut edərək məhkəmədən qısa və uzunmüddətli mühafizə orderləri ala bilərlər”.

Vəkil vurğulayıb ki, mühafizə orderi, vətəndaşın həyatı üçün təhlükə yarada biləcək şəxsdən onu qoruya bilir:

"Beləliklə ona şiddət göstərən şəxs ona yaxınlaşa, təmasda ola bilməz. Bu məhkəmənin qərarı ilə qadağan olunur. Əgər həmin şəxs, bu şərtləri pozarsa, onun barəsində daha ciddi tədbirlərin görülməsi qanunda nəzərdə tutulur. Yəni, mühafizə orderi ilə bağlı tələbləri pozan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülə bilir. Əgər şəxsin sağlamlığı üçün ciddi bir təhlükə varsa, yaxud xəsarət yetirilibsə, bununla bağlı dərhal polisə müraciət etmək lazımdır. Çünki həyat və sağlamlığa xəsarətin yetirilməsi ilə bağlı araşdırmanı aparan müvafiq qurum, məhz polis orqanlarıdır. Əgər öncədən təhlükə gözlənilirsə, bununla bağlı şəxs məhkəməyə müraciət edə, qısamüddətli və uzunmüddətli mühafizə ordelərinin təminatını həyata keçirə bilər. Azərbaycan hüquqi dövlətdir. Hər bir şəxsin hüquqları qanunla qorunur. Qanun heç bir şəxsə, digər şəxs üzərində onun həyatına, şəxsiyyətinə hər hansı bir xələl gətirəcək addımlar atmasına imkan vermir. Bu, kişi-qadın, yaxud hər hansı bir vəzifə sahibi olmasından asılı olmayaraq bütün vətəndaşlara münasibətdə bərabər şəkildə qəbul edilmiş normalardır.

Eyni zamanda qanunda özünü öldürmə həddinə çatdırma maddəsi də var. Yəni, bu hallar yekun nəticədə özünü öldürmə həddinə çatdırma məqamına gətirib çıxarırsa, bu Cinayət Məcəlləsində nəzərdə tutulmuş ayrıca bir müddəadır. Ona görə düşünürəm ki, insanlar o həddə gəlməmişdən öncə bununla bağlı tədbirlər görməlidir. Qadının evdə, evdən kənarda təhqir olunması, mənəviyyatının alçaldılması, zorakılıq hallarının olması sağlamlığa ciddi xəsarət yetirir. Burada təkcə fiziki xəsarətlərdən söhbət getmir. Diqqətinizə çatdırım ki, Azərbaycan qanunvericiliyi kifayət qədər bu, məsələləri dolğun əhatə edir. Hətta vətəndaşın təhqir olunması ilə bağlı, yaxud ona qarşı böhtan atılması ilə bağlı qanunda bu məsələlərlə bağlı birbaşa şəxsin məhkəməyə müraciət etmək hüququ var”.



X. Bəşir qeyd edib ki, şəxs polisə, hüquq mühafizə orqanlarına müraciət etmədən birbaşa məhkəməyə müraciət edə bilər:

"Məhkəmə qanun pozuntusu törədən şəxs barəsində müvafiq tədbirlərin görülməsini həyata keçirə bilər. Orada azadlıqdan məhrumetmə, bu cəzaya alternativ olan cəzalar, cərimələr də var. Ona görə bu kimi hallarla qarşılaşan şəxslər dərhal bu addımların atamasında maraqlı olmalıdırlar".

Psixoloq Gülər Məmmədova isə məsələni belə şərh edib:



"Ümumiyyətlə ailə qurmamışdan öncə hər iki tərəfin həyat təcrübəsi, hansı mühitdə formalaşıb böyüməsi mühüm əhəmiyyət kəsb edir. Yəni, cütlük ittifaqa daxil olmamışdan qabaq hər kəs özünün ailə mədəniyyətini mənimsəyir, bir-birinin xarakterinə bələd olur və bir müddətdən sonra ailə qurur. Amma bir qisim insanlar var ki, onlar üçün bu meyarlar önəmli deyil. Onlar üçün sadəcə ailə qurum, toyum olsun, müəyyən maddiyyat qazanım, ondan sonra uşaqlar dünyaya gəlsin və sairə önəmli olur. Konfliktli, böhranlı ailələr var ki, onlar üçün sadaladıqlarım bir əhəmiyyət kəsb etmir. Yaxud hər hansı bir səhv olsa, başını kəsəcəm, öldürəcəm, cəzasını verəcəm uzağı həbsxanaya salacaqlar deyirlər. Qadınların bir hissəsi də bu şiddətə anam dözüb, deməli, mən də qəbullanmalıyam, tabe olmalıyam, yaxud kişi qadını döyər də, - deyib keçirlər. Bir neçə dəfə təkrarlanır və geniş vüsət alır. Vüsət aldıqca da qadının uşaqları olur və uşaqlar da bu ailə modelinə alışır, şiddətin içində böyüyür".

Psixoloq vurğulayıb ki, kimsə şiddətə dözə bilmir, psixoloji problemləri yaranır, bezir, evdən qaçır, hətta intihar edir:

"Bir qisim özünə dəyər verən qadınlar isə polisə şikayət edir. Bu, insanlar arasında fərdi yanaşmadır. Bu günün önəmi özünə dəyər vermək, yaşamın dəyərini bilmək olduğu üçün, artıq insanlar özünə hörmət qoymağa başlayıblar. Bu aspektdən qadınlar daha ağır şiddəti qəbullanmırlar. Mütəmadi şiddətə məruz qalan o qədər gizli ailələr var ki, heç kimin onlardan xəbəri olmur.



Yaxşı olardı ki, o ailələrdə böyüyən uşaqlar, bu şiddəti, vəhşiliyi görməsinlər. Bunlar birbaşa uşaqların psixologiyasına zərbə vurur və gələcəyin aqressiv, şəxsiyyət pozuntulu insanlarının formalaşmasına gətirib çıxarır. Həmçinin uşaq şiddət göstərən atadan uzaqlaşmaq üçün evdən qaçır, pis yola düşür, bu kimi davranışları kənarda sərgiləyir. Bunlardan çıxış yolu odur ki, özünə dəyər verən qadınlar, ərinin hər hansı psixi problem, içki, yaxud narkotik maddə asılılığından dolayı mütəmadi döyülürlərsə, birmənalı şəkildə şikayət etməlidir. Şikayət olanda qarşı tərəfdə bir qədər qorxu yaranır. Yox əgər bununla da vəziyyət düzəlmirsə, yəqin ki, hər kəs məsələyə fərdi yanaşmalıdır.

Hər kəs özünə dəyər verməyi bacarmalıdır. Burada elmi biliklər də mühüm rol oynayır. Ümumiyyətlə yaxşı olardı ki, valideynlər övladlarına yaxşı təhsil versinlər. Təhsil alan oğlan və qızın dünyagörüşü, intellekt səviyyəsi artır. Elə bir zəkaya sahib olurlar ki, bu kimi davranışlara yol verməkdən çəkinirlər. Çünki savadlı adam başa düşür ki, qadına əl qaldırmaq, şiddətlə yanaşmaq düzgün deyil".


F. Söhrabqızı
Baku Post


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər