Ru
20:00 / 01 Fevral 2023

Həkim reklamları jurnalist etikasına qarşı – Fantastik qiymətlər peşəkarlığı da satın alır...

4965
Azərbaycan telekanallarında həkimlərin reklam qiymətləri ilə bağlı Medicina.az saytının araşdırması hələ də müzakirə mövzusudur.

Peşəkar olmayan həkimləri pul qarılığında efirə çıxarmaq, onları öz sahəsinin ən yaxşı həkimi təqdim etmək adi hal alıb. Bu isə pasiyentləri səhv istiqamətə yönləndirməklə yanaşı, peşəkarlar həkimlərə qarşı ən azı haqsızlıq hesab olunur.

Məsələnin digər tərəfi həmin verilişlərin aparıcılarının peşə etikasına riayəti ilə bağlıdır.

Əməkdar jurnalist Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasına bu sahədə anormal vəziyyətin hökm sürdüyünü deyib:

“Azərbaycan televiziyalarında gedən reklamlarda ən diqqəti cəlb edən məqam ondan ibarətdir ki, reklamla bağlı etik qaydalar pozulur. Dünya artıq çoxdandır reklam siyasətində, reklam fəaliyyətində “ən yaxşı”, “hamıdan yaxşı” kimi ifadələrdən imtina edib. Bizim reklam haqqında qanun da bu məsələlərdə müəyyən məhdudiyyətlər qoyub. Amma buna baxmayaraq yenə də bu ifadələr bizdə “ən yaxşı klinika”, “bu sahənin ən yaxşı həkimi”, “bu sahənin tanrısı”, “filan sahənin Allahı” və s. bu cür qeyri-etik və şişirdilmiş, həddindən artıq mübaliğəli ifadələr işlənir.


Bu o zaman daha əcaib şəkil alır ki, verilişlərin aparıcıları bu cür təqdim edir. Verilişin ortasında guya, hər hansı bir ciddi məsələdən danışıldığı halda reklamda həmin tibb qurumu və həkim reklam olunur. Televiziyalar əlbəttə ki, pul gəlməlidir. Çünki reklam televiziyada maddiyyatın mühərriki rolunu oynayır. Amma burda etik qaydaların nəzərə alınması mütləqdir”.


Mütəxəssis hesab edir ki, televiziya rəhbərləri, prodüserlər, aparıcılar uyğun formalar tapmalıdırlar ki, bu verilişlə üzvü şəkildə bağlı olmasın:

“Yəni sponsordursa reklam verirsə bunun elə bir uyğun formasını tapmalıdır ki, verilişin məzmunu, seqmenti ilə iştirak etməsin burada. Bu da müəyyən ölçülərin qoyulmasını tələb edir. Mənim fikrimcə, kənardan məzmuna aktiv müdaxilə yolverilməzdir. Amma bununla yanaşı nəzərə almaq lazımdır ki, bu cür verilişlərə baxanlar, reklamları görənlər bəzən pisi yaxşıdan, yalanı doğrudan ayıra bilmir. Onlarda bir illüziya yaranır. Beləliklə gedirlər o həkimin yanına və kor-peşman qayıdırlar. Belə hallar çox təəssüf ki, olur. Ona görə də ölçüləri, qaydaları gözləmək çox önəmlidir. Etik hədləri dəqiq müəyyənləşdirmək lazımdır ki, belə hallar baş verməsin”.


Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər