Ru
22:00 / 30 Avqust 2022

Hər gün birini gözləmək... Tək birini

16196
Bakupost.az Gecə pıçıltıları” rubrikasında tanınmış şair, bəstəkar Xanım İsmayılqızının son şeirlərini təqdim edir:


Tək birini...

Pəncərədən, qapıdan,
Səslərdən, ətirlərdən
bir az onu oğurlamaq.
Gözlərinin içindən də
onu qoparıb götürmək,
Yatağına gətirmək,
Yenə üstünü örtmək
Və gözlərindən öpmək...


Hər gün birini gözləmək...
Tək birini...
Kölgələrin boyunda
axtarışına çıxmaq.
Göydən, yerdən,
buludların arasından,
ağacların, adamların arxasından
boylandığını görmək,
Bir də, bir də itirmək,
İtirdiyində itmək...


Hər gün birini gözləmək...
Tək birini...
Masanın boş yerində
onun yerini saxlamaq,
Telefonun zənginə,
Qapı döyülüşünə,
Dəli kimi gülüşünə
diksinərək atılmaq...
Ayılmaq və ayılmaq...
Yoxluğu udub əsmək,
Ayıqlığından küsmək...
Tək birini... Tək birini


Hər gün, hər gün gözləmək...
Tək birini...Tək birini
ölüncə əzizləmək...


***


Ürəyinə gələn də var, lap yanından ötən də,
Elə də ola bilirmiş, belə də ola bilər.
Göy üzündə tapılan var, yer üzündə itən də,
Elə də ola bilirmiş, belə də ola bilər.


Fəsillərin arasında yeni fəsil doğular,
Ayaq üstə dura-dura ruh bədəndən çıxılar,
Ömrünə bel bağladığın qucağından yıxılar,
Elə də ola bilirmiş, belə də ola bilər.


Səfil kimi, səfir kimi gecən gündüzü gəzər,
Gözlərin də gördüyünü görə bilməkdən bezər,
Dözə bilmərəm - deyilər... Adam çox şeyə dözər,
Elə də ola bilirmiş, belə də ola bilər.


Gerçəyə dönmürsə həyat, bir də onu yuxu bil,
Sənə yazılan kitabı aç, vərəqlə, oxu, bil,
Azlığında olmayanı çırp özündən, çoxu bil,
Elə də ola bilirmiş, belə də ola bilər.


Əkdiyin ağacın özü qollarını sındırar,
Təmizliyə çıxartdığın üstünə toz qondurar,
İşığını yandırdığın, zülmətiylə yandırar,
Elə də ola bilirmiş, belə də ola bilər.


Hər bir anı yaşayırsan göy üstə ya göy altda,
Sevinclə tək qala bilmir bu ürək yeddi qatda,
Hər istək sevgi deyil ki yaşanılan həyatda,
Elə də ola bilirmiş, belə də ola bilər.


Ürəyinə gələn də var, lap yanından ötən də,
Elə də ola bilirmiş, belə də ola bilər.
Göy üzündə tapılan var, yer üzündə itən də,
Elə də ola bilirmiş, belə də ola bilər.




27 avqust 2022.


***


Məni axtarıb, axtarıb tapa bilməsin heç kim,
Yağış yuyan izlər kimi mən də qeybə çəkilim.
Dumana düşüb eləcə gözəgörünməz olum,
Hamının yadından çıxım, yeri bilinməz olum.


Yiyəsiz bir varlıq kimi hardasa gecələyim,
Küncə sıxılan ruhumu ulduzlara bələyim.
Mən də özümü tapmayım, unudum kimliyimi,
Yaddaşımı da itirim dəli adamlar kimi.


Kiçilib gizlənə bilim bir quşun yuvasında,
Mənə də quşun anası yem gətirsin ağzında.
Divarlardan, yuvalardan azad olub uçum mən,
Mənə özümdən də uzağ bir məkana keçim mən.

Uçuşuma heyran olsun bu sahibsiz səmalar,
Köç eləyim quşlar kimi, qoy tapmasın adamlar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər