Ru
10:59 / 05 Dekabr 2022

Hər yolunu azan, hər əxlaqsız “psixoloqam” deyib dələduzluq edir - Elmir Əkbərdən ETİRAZ

5741
“Azərbaycanın ən bahalı psixoloqları” siyahısı ölkədə psixoloq kimi xidmət göstərən şəxslər arasında birmənalı qarşılanmadı. Bir çoxları siyahıya etirazını bildirdi, tənqidi fikirlər səsləndirdilər.

Qeyd edək ki, siyahıya psixiatr və psixoterapevtin daxil edilməsi də təsadüfi deyil. Onlar sırf psixoloq kimi fəaliyyət göstərməsələr də, istər uşaq, istər böyükləri qəbul edir, ilkin diaqnoz qoyur və sonra psixoterapevtik seansa başlayırlar. Yaxud da müraciət edənlər müvafiq mütəxəssisə yönəldilir. Məsələn, psixiatr İkram Rüstəmov pasiyentləri qəbul edir, eyni zamanda onun psixoloji mərkəzi var, psixoloji seans qiymətləri 80-100 manat arasındadır.

Siyahıda həkim-psixoterapevt ixtisaslı 2 mütəxəssisdən biri Elmir Əkbərdir. O, məqalədə adı keçənlərin çoxunun psixoloq kimi təqdim edilməsi ilə razı olmadığını bildirir. Elmir Əkbər Azərbaycanda psixoloq xidmətlərin hazırkı durumunun biabırçı olduğunu da etiraf etdi.

Bakupost.az -a açıqlamasında psixoloq siyahı ilə bağlı kəskin fikirlər səsləndirdi:

“Mən yeganə psixoloqam ki, Səhiyyə Nazirliyi həkim-psixoterapevt kimi fəaliyyətimə icazə verib. Nazirliyin xüsusi vəsiqəsinin sahibiyəm. O siyahıdakılardan soruşun, görək, belə bir vəsiqələri, rəsmi icazələri varmı? Dövlət Tibb Universitetini bitirmişəm, sonra Moskvada və Avropada universitet oxumuşam. Həm həkim-psixoterapevt, həm klinik tibbi psixoloqam. Başqaları kimi bazarda kartof satıb, ya başqa işlərlə məşğul olub, sonra əldəqayırma psixoloq kimi özümə qiymət qoymamışam. Onların içində seans aparmağa ixtiyarı olan yeğanə psixoloq bəlkə də mənəm, amma gəlirim də, imkanım da onların çoxundan zəifdir.

Siyahıdakılardan Kənan Rəhimovla tanışam, o həm Tibb Universitetini, həm də Bexterevi bitirib, həkim-psixoterapevtdir. Mən də Bexterev adına institutda təhsil almışam. İkram doktor həkim-psixiatrdır, müayinə və dərman yaza bilər. Başqa heç bir seans keçirə, psixoterapevtik iş apara bilməz. Ola bilər, mərkəz açıb, orda psixoloqları var. O da psixoterapevt deyil".

Elmir Əkbərin sözlərinə görə, siyahıda elə adamlar var ki, bu sahə üzrə ümumiyyətlə, təhsili yoxdur:

"Nəyə görə fəlsəfəni, pedaqoji universiteti bitirən özünü psixoloq adlandırır? Onlar peqaqoji psixoloq ola, məktəblərdə, bağçalarda işləyə bilər, amma seans keçə, diaqnoz qoya bilməzlər. Hərə bir kursda sertifikat, saxta yollarla diplom alıb özünü klinik psixoloq kimi təqdim edir. Klinik psixoloq olmaq üçün həm tibbi bitirməlisən, həm də ya burda, ya xaricdə məhz bu sahə üzrə ali təhsil almalısan. Azərbaycanda psixologiya üzrə vəziyyət biabırçıdır. Bu sahəyə aidiyyatı olmayan insanlar özlərinə qiymət qoyub, kabinet, mərkəz açıb".

Psixoloq bəzi qeyri-peşəkarların autizmli, əqli geriliyi olan uşaqlar üzərində də çox böyük biznes qurduqlarının deyib:

"Bu qədər savad, diplom və təcrübəm olsa da, autizmli uşaqları qəbul etmirəm. Çünki onlarla tamam başqa terapiya üzrə işləmək lazımdır. Sahələr o qədər dərin, fərqlidir ki, orda mənim təcrübəm yetməyə bilər. Bir psixoloq həm nevroz xəstəsi, həm depressiyaya düşən və travmalı pasiyentlər, həm də autist uşaqlarla işləyə bilməz. Mən demirəm ki, aparat gətirmişik, başa qoşacağıq, uşaq sağalacaq. 10 seansa düzəlib o biri uşaqlar kimi olacaq. Bunu demək cinayətdir. Aparatla guya psixi pozuntu düzəldirlər, dil açırlar. Bu, sadəcə, valideynləri aldatmaq və soymaqdan başqa bir şey deyil. Sizin haqqınız var ki, o siyahıda olanlarldan ali təhsil və psixoloq diplomunu göstərməyi tələb edəsiz. Klinik psixoloq ixtisasını təsdiqləyən diplom, ya da Səhiyyə nazirliyinin sənədi olmalıdır. Psixoterapiya bütün bu ixtisasların başında durur, əslində psixoloji problemləri olan insanları məhz psixoterapevt seans etməlidir. İndi psixoloqlar da, hətta nevroloqlar da özlərini psixoterapevt adlandırmaq istəyir.

Bəzi saxtakarlar üçün böyük şərəfdir ki, adları belə siyahılara düşür və ya mətbuat onları psixoloq, psixoterapevt kimi təqdim edir. Soruşun onların supervizorları kimdir? Kim onları ayda, ildə imtahan edir. Halbuki mənim bir Vyana, bir Bexterev universitetində professor supervizorlarım var. Onlar hər həftə məni sorğulayırlar. Hesabat veririk, mənim psixoloji durumumu analiz edir, dəyərləndirirlər. Bu beynəlxalq aləmdə bir tələbdir. Fəaliyyətdə olan psixoloq və ya psixoterapevt həftədə 1 dəfə superviziya keçməlidir. Bu superviziyalar da ödənişlidir və bahadır. Mən qazandığımın yarıdan çoxunu bu sahəyə xərcləyirəm, başqaları kimi kefimə xərcləmirəm”.

Elmir Əkbər ümumiyyətlə, psixi bir pozuntusu, problemi olan şəxsin ilkin olaraq psixoloq tərəfindən qəbul olunması və müalicə vədi verilməsinin səhv olduğunu bildirdi. Onin sözlərinə görə, diaqnozu psixiatr və həkim-psixoterapevt qoya bilər. Ondan sonra psixoloqa, amma yalnız və yalnız klnik psixoloqa yönləndirilə bilər:

“Psixoloq mütləq ali təhsilli olmalıdır, əlavə olaraq beynəlxalq aləmdə qəbul olunan ali təhsil müəssisəsini psixoloq ixtisası üzrə bitirməlidir. Onun diplomunda yazılmalıdır ki, bu kliniki, pedaqoji, yoxsa sosial psixoloqdur. Fəlsəfəni, peqaqoji institutu bitirən heç vaxt klinik psixoloq ola bilməz. O elan verə bilməz ki, depressiyanı, panik atakı, nevrozu və s. müalicə edirəm. Onun yanına seanslara gedə bilməzsiz. Pasiyent mütləq mütəxəssisdən diplomunu tələb etməlidir. O da onu göstərməyə borcludur. Divarını 3-5 günlük kursların sertifikatları ilə doldurmaqla təhsil olmur. Gedib Türkiyədə hansısa hocanın görüşündə əl çalıb, orda ona bir kağız veriblər, gəlib onu divara asır. Kimə və nəyə lazımdlr? O sertifikatlar heç bir rol oynamır. Yerindən duran marafon, seminar, kurs açıb, gənc qızları ora yığır, 2-3 günə bir kağız verir. Guya o keçdiyi kursu bildi? Guya psixoloq oldu? Bu onlara ixtiyar vermir ki, insanlara psixoloq kimi xidmət etsinlər, saata 100-150 manat qiymət oxusunlar. Hər yolunu azan, dələduz, əxlaqsızlıq yolunda olan özünü psixoloq adlandırır. Psixiatrlar özlərini psixoterapevt adlandılrır, nevroloqlar psixiatrlıq edir. Bilmirik, təhsili olmayan dələduzlarla mübarizə aparaq, yoxsa təhsili olan psixiatr, psixoloqlarla?! Ay balam, sənin ki təhsilin var, niyə insanları aldadırsan, niyə özünü o yola qoymusan? Niyə özünü biabır edirsən? Hər şeyi pul həll etmir axı. “İnstagram psixoloqları” deyilən bir ordu yaranıb. Normal psixoloq ancaq 30 yaşında yetişə bilər. 23-25 yaşında necə psixoloq olurlar ki?

Bu ad populyardır, xoşumuz gəlir deyə özümüzə qoya bilmərik. Bura şou-biznes deyil ki, hərə özünə ad qoysun. Bu məsələyə dövlət səviyyəsində müdaxilə olunmalıdır”.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər