Ru
15:58 / 13 Fevral 2023

Həyatımda bundan ağır vəziyyətdə olmamışam, özümə gələ bilmirəm... - Səlcuq Elçin Kahramanmaraşdan yazır

26432
Artıq 8-ci gündür Türkiyənin Kahramanmaraş bölgəsindəyəm. Yəni zəlzələ olan günün axşamından.

Bu səkkiz gündə həyatım boyu unutmayacağım hallarla qarşılaşdım. İnanmıram ki, zəlzələ bölgəsində gördüyüm bu dəhşətləri nə zamansa unudam. Buradakı faciəvi vəziyyət, zəlzələdən sağ çıxanların gözlərindəki həyat işartısı, yaxınlarının dağıntılar altından sağ (?) çıxarılmasını gözləyənlərin sonsuz intizarı, evlərini-eşiklərini itirənlərin çarəsizliyi, getməyə, gecələməyə yeri olmayan minlərlə insan, bir şəhərin yox olması... Bunların hamısının şahid oluram.

Bakıdan çıxanda vəziyyətinin bu qədər pis olacağını sanmırdım. Amma burda gördüklərim, yaşadıqlarımız psixologiyama təsir edir. Çarəsiz insanları görmək, gözlərində kədəri bu qıyıq gözlərimlə seyr etmək çətindir. Ana-ata fəryadlarını, yetim qalan körpələri gördükcə öz ailəmi, yenicə dil açmağa başlayan körpə qızımı düşünərəm. Düşündükcə havalanıram. Küçədə evsiz qalan ailələr, onların gələcəyi, şəhərin yerlə yeksan olması haqda fikirlər bir an olsun məni tərk etmir.


Ən çətin günüm isə bu gün oldu. Gözümün qarşısında ana və azyaşlı balasının cansız bədəni dağıntılar altından çıxarıldı. Həyatımda bundan ağır vəziyyətdə olmamışam. İndiyə qədər özümə gələ bilmirəm. Onların qoxusu burnumdan, görüntüsü gözümün qarşısından getmir.

Özümü saxlaya bilmədim, ürəyim bulandı. Bu an ayaqlarımın altının sirkələndiyini hiss etdim. Ölüm hissi ilk dəfə idi bu qədər yaxınıma gəlmişdi. Yaxşı ki, dağıntıların içindəydik, qəzalı bina olsaydı, üstümüzə aşardı. Bilmirdim gördüyüm mənzərəyəmi yanım, ya canımın halına.

Dəhşət yaşayıram. İndi bu sözləri qəzalı bir binanın zalında, 70 nəfərlə kafel döşəmənin üstündə, səhra yatağında, əynimdə gödəkcə, papaq başımda yazıram.

Gözümün önündən o uşaq və anası, qoxuları burnumdan getmir.....

Amma bunlara baxmayaraq burada olmaq, işləmək, nələrisə Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün çalışıram. Artıq 8 gün geridə qalıb. Günlər keçdikcə bəziləri üçün nələrsə adiləşir, amma burda gördüklərim mənim yaddaşımdan silinməz. O uşağın cansız, bədəni parçalanmış halı ağlımdan çıxmaz....

Kahranamaraşda həyat yoxdur. Qida isə son dörd gündür şəhərə yardımlar vasitəsilə gətirilir. İlk 48 saat burda nə qida qəbul etmişik, nə də yatmışıq. Yatdığımız yerin də fotolarını yəqin sosial şəbəkələrdən görmüsünüz.

Burada vəziyyət təsəvvür edə bilməyəcəyiniz qədər pisdir. Sizin efirdən gördüyünüz mənzərələr dəhşəti bütün çılpaqlığı ilə əks etdirmir. Məsələn, cəsədlərin qoxusunu... Şəhəri dağıntılar altında qalan cəsədlərin iyi bürüyüb. Bu gedişlə dezinfeksiya işləri aparılmasa böyük epidemiyanın yayılacağı istisna deyil...

Və bu zəlzələ təkcə Türkiyənin faciəsi deyil. Türk qardaşlarımızın acı taleyi deyil.

Kahrmanamaraş zəlzələsi insanlıq imtahanıdır.

Hamımız üçün.

Bütün bəşəriyyət üçün.

Bu ağır faciədən üzü ağ çıxmaq üçün.

Zəlzələdən maddi və mənəvi zərər görənlərin ağrı-acısını cüzi də olsa azaltmaq üçün.

Kömək olaq, yardım edək.....

İnsanlıq adına...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər