Ru
11:23 / 28 Aprel 2022

Hökumətin ƏDV menyusu: lülə kabab, yoxsa kitab? - Şərif Ağayarın yazısı

13044
Şərif Ağayar



Bir qız 35 yaşında ərə gedir, qohum-əqrəba sevindiyindən gəlinin qarşısında çox oynayır. Bu vaxt ağsaqqallardan biri yanaşıb uca səslə deyir: “Bədbəxtin qızı çox tez ərə getməyib ki, bir az da siz yubadırsınız...”.


Nəşriyyat, mətbəə və kitab mağazalarının Əlavə Dəyər Vergisi (ƏDV) dərdi hər dəfə yadıma bu lətifəni salır.


Demək, iyirmi ilin başında ölkə başçısının göstərişi ilə kitab və kağız üzərindən ƏDV götürülüb, di gəl, yeni qanun yanvarın 1-dən qüvvəyə minsə də icra olunmur.


Eynilə Azərbaycansayağı absurd: sənəddə qanun belə deyir, realda məmurlar başqa cür hərəkət edir.


Ən maraqlısı isə budur ki, Vergilər Xidmətinin bir idarəsi qanunun tətbiqini “müvafiq siyahı gəlməyib” açıqlaması ilə ləngidir, başqa bir idarəsi kitab mağazalarının satışa ƏDV tətbiq etməsinə görə onları cərimə ilə hədələyir.


“Müvafiq siyahı” nə olsa yaxşıdır? ƏDV güzəşti tətbiq olunan kitabların siyahısı aidiyyəti icra orqanı tərəfindən təqdim edilməlidir.


Burda üçüncü absurdla üzləşirik. Əgər söhbət konstitusiyamıza zidd kitabların ölkəyə daxil olmasının qarşısını almaqdan gedirsə, bunu ƏDV ödəyəndə daha rahat etmək mümkündür. Həm də bu cür kitabların müəyyən edilməsi və lazımı tədbirlərin görülməsi başqa qanuni mexanizmlərlə tənzimlənir.


İşin içində dördüncü absurd da var: kağıza da güzəşt tətbiq olunmur! Görəsən, niyə? Ona da siyahı lazımdır?


Biz elə bir məmləkətdə yaşayırıq ki, mütərəqqi işlər qanuniləşəndə belə onu görmək istəmirlər. Çünki buna öyrəşməyiblər. Əmin olun, marginal maraqlar təmin olunsaydı, yanvarın 2-nə qalmazdı.


Azərbaycan insanı kitabın nə olduğunu başa düşmədi. Məmurundan tutmuş qapıçısına qədər hamısı. Rusun bizə zorla öyrətdiyi oxu mədəniyyətini müstəqillik boyu tədricən itirməyə başladıq. Ortada aşağı-yuxarı 10-15 min oxucu var, onlar da istədiyini almağa yer tapmır. Statistika biabırçıdır. 60 milyonluq Fransada 50 mindən artıq kitab mağazası var, 10 milyonluq Azərbaycanda 50 mağaza yoxdur. Olmasın mağaza, olsun müstəqil nəşriyyat, mətbəə, kitab yayımı şəbəkəsi...


Bir də ki, nə Fransa, qonşu Gürcüstan və düşmən Ermənistanla müqayisədə gülməli vəziyyətdəyik. Sözünü etdiyimiz ƏDV məsələsini hər iki ölkə çoxdan həll edib. Ermənilər düşməndir, onlar heç, onlardan danışmıram, “acından ölən” gürcülər Tiflisdə elə bir sistem yaradıblar ki, addımbaşı kitabla rastlaşırsan, kitabı həyatının içində, onun vacib komponenti kimi hiss edirsən. Bu mühitdə yazıçı da özünü adam balası kimi hiss edir, naşir də, mətbəəçi də, kitabçı da. Bir gürcü üçün çaxır və kupati nədirsə, kitab da odur. Vacibdir, doğmadır, əzizdir. İndi gəl bir azərbaycanlı üçün lülə-tikə və dana basdırmasını kitabla müqayisə elə. Adamı vurub öldürərlər! Bizdə lülə-tikə və dana basdırması yalnız 18 faiz əlavə dəyər vergisi ödəyəndə kitabla eyniləşir.


Məmurumuz da milli mentalitetə çevrilmiş “kitabsızlıq” azarından əziyyət çəkir. Vəzifəyə keçən adamdan “qaz vurub qazan doldurmaq” tələb olunurkən, gedib kitabla uğraşması kənardan gülməli görünər. Atalar sözümüzdə də var: “Kitab bilik mənbəyidir”. Oxuyub lazımı diplomları aldınsa, mütləq bir kənara tullamalısan. Kitab oxumaq bekar adamların, hətta, inciməsinlər, avaraların işidir. Gül kimi vaxtını niyə belə mənasız şeyə xərcləyəsən. Oxuyanların halı ki ortadadır.


Yaponların kitab haqqındakı fikri bizdəkindən Yaponiya ilə Azərbaycan qədər fərqlənir. Onlar kitabı ruhun qidası hesab edirlər. Dolayısı ilə insanlığı bəsləyən bulaq... Yaponların məntiqi ilə bizi adamlıq maraqlandırmır. Halbuki bizim öz adət-ənənəmiz var və onu xaricdən gələn zərərli vərdişlərdən mütləq qorumalıyıq. Biz azərbaycanlıyıq axı. Müharibə şəraitində yaşayırıq. Erməni kimi düşmənimiz var. Özümüz də Şuşaya qayıtmışıq.


Kitaba güzəşt 4 ay ləngiyib, qan olub?! Lap eləmirik bu güzəşti, kimə nə? Bəlkə, bizə belə xoşdur? Əlimizi “Quran”a basıb and içərik ki, yolun ortasında motosikl sürücüsünü təpiyinin altına salan şöbə rəisi son illər bircə kitab da oxumayıb, o döyülən binəvanın isə Allah bilir, çantasında “Əxlaqi-Nasiri” çıxıb.


Kitab oxumaq adamlıq nişanəsi ola bilər, amma hər məmləkətdə yox. Bizim fərqli nişanlarımız var. Bütün iradlar isə, şübhəsiz, paxıllıqdandır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər