Ru
10:10 / 17 May 2022

İlan sancan 3 yaşlı körpə xilas edildi

1464
İlan sancması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 3 yaşlı körpə uzun sürən mübarizədən və müalicədən sonra sağalıb.

Bakupost.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Bildirib ki, xəstəxanaya daxil olarkən kəskin halsızlıq, ödəm, hemodinamik göstəricilər və qanında bəzi dəyişikliklər olan 2019-cu il təvəllüdlü Emin Niftəliyev üçün artıq heç bir həyati təhlükə yoxdur.

Xəstəxanaya gətirilərkən körpənin bədəninin təxminən yarıya qədərinin şişdiyini bildirən nənə Gülər Niftəliyevanın sözlərinə görə, hadisə aprelin 28-də Ağdaş rayonunda taxıl sahələrinin birində baş verib və sahədə oynayarkən körpəni ilan sancıb:


“Emin ferma ərazisində taxıl əkilmiş ərazidə bacısı ilə oynayırdı. Bir də baxdım ki, uşaq ağlaya-ağlaya gəlir. Uşağı götürüb tez atasının yanına qaçdım. Baxdıq ki, ayağından ilan sancıb. Atası ilan sancan nahiyənin yuxarı hissəsindən körpənin ayağını bərk bağladı. Sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Nəvəm orada ilkin tibbi müayinə edildikdən sonra təcili tibbi yardım maşını vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirildi. Açığı desəm artıq uşaqdan əlimizi üzmüşdük. Bura çatanda bədəni yarıya qədər şişmişdi. Buradakı həkimlərin sayəsində bu gün o körpə sağdır. Çox ağır vəziyyətdə olan Emini həyata qaytardılar. Onların hər birinə öz təşəkkürümüzü bildiririk”.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-terapevti Tünzalə Daşdəmirovanın sözlərinə görə, körpə vaxtında çatdırılmasaydı və buradakı tibbi müdaxilələr olmasaydı nəticə tam fərqli olardı:

“Xəstə 29 apreldə şöbəyə daxil olub. Xəstəxanaya daxil olarkən çox ağır vəziyyətdə idi. Xəstəyə aparılan zərdab və simptomatik müalicədən 3 gün sonra müəyyən dinamika hiss edildi. Hazırda xəstənin ümumi vəziyyətini kafi qiymətləndirmək olar. Toksikoloji baxımdan hər şey normadadır”.

Məlumat üçün qeyd edək ki, 3 yaşlı Emin Niftəliyevin bütün tibbi müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. 19 günlük ciddi həkim nəzarəti və müalicədən sonra körpə artıq evə buraxılıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər