Ru
11:38 / 29 Dekabr 2021

İnternat məktəbinin ümidsizliyə buraxdığı kimsəsiz uşaqlar - Onları hansı təhlükələr gözləyir? - VİDEO

24305
Son vaxtlar internat məktəbləri və uşaq evlərindən çıxan yeniyetmələrin küçələrdə köməksiz və çarəsiz vəziyyətdə yaşaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Hətta aparıcı Nailə İslamzadə də öz sosial media hesabında bu barədə paylaşım edib. O paylaşımında gənc oğlanın sığınacaqdan çıxandan sonra çox ağır vəziyyətdə olduğunu bildirib.






Bəs internat məktəbləri, uşaq evləri məzunlarının gələcəyinə görə məsul olan dövlət qurumları və qeyri-hökumət təşkilatlarının fəaliyyəti nə yerdədir? Valideyn himayəsindən məhrum olmuş internat uşaqlarına edilən güzəşt, verilən imtiyazlar hansılardır?

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev Bakupost.az -a bildirib ki, dövlət olaraq hələ də onların effektiv qayğı göstərilməsi, yerləşdirilməsi, təhsil alması, dünya görüşünün inkişaf etdirilməsi, daha sonra cəmiyyətə inteqrasiya edilməsinə nail olmamışıq:

“Bu şəxslərlə bağlı çox problemlər var. Problemin əsas səbəbi odur ki, həmin şəxslər internat məktəblərinə yerləşdirildikdən sonra onların cəmiyyətə inteqrasiyası, təlim-tərbiyəsi ilə bağlı düzgün, effektiv işlər aparılmır, can yandırmırlar. Həmin şəxslər internat məktəblərində, uşaq evlərində bir ailədə ala biləcəyi istiliyi, qayğını görə bilmirlər.

Finlandiya, İsveç, Norveç və s. ölkələrdə internat məktəblərində oxuyan uşaqların cəmiyyətə inteqrasiyası məsələsi çox gözəl qurulub. Onların təhsil sistemi, effektiv təlim-tərbiyə metodları var. Öyrənmək lazımdır ki, Azərbaycanda bunlar necə tətbiq olunur, sovetdən qalma texnologiyalardır, yoxsa yeni dünya çağırışlarına uyğun prosedurlardır? Həmin internat məktəbində oxuyan uşaqlara yaxşı təhsil verilməlidir ki, ali təhsil alıb cəmiyyətdə özünə mövqe tutsun. Əgər onlar ali təhsil ala bilməyəcəklərsə, işə tapmayacaqlarsa, təbii ki, küçədə qalacaq, cinayət törədəcək, narkomanlara qoşulacaqlar. 18 yaşı tamam olandan sonra internatdan buraxılırlar. Maraqlısı odur ki, həmin şəxslər işə düzələ bilirmi? Yaxud haradansa qazancı varmı? Təbii ki, internat məktəbindən 18 yaşında buraxılan şəxs ali təhsili olmadığı halda ya cinayətkar, ya da narkoman olacaq. Onların ali təhsillə, işə və müəyyən ipotekalara cəlb olunaraq evlə təmin olunması vacibdir. Çünki onun ata-anası yoxdur, kim ona ev alacaq? İnsanlar övladlarına əvvəlcədən ev almağa kömək edirlər. Pis vəziyyətdə ana-atadan kömək istəyirlər. Lakin bu şəxslərin nə ata, nə də anası var. Amma onların atası-anası, çətinliyə düşəndə, xəstələnəndə sığınacağı yer, yalnız dövlətdir. Ona görə də söz demək, maarifləndirməklə məsələ düzələn deyil. Konkret iş görüb dediklərimizi həyata keçirməliyik. İlk növbədə orta təhsil yüksək səviyyədə olmalı, daha sonra ali təhsil və onların işlə təmin olunması, ailə qurması prioritet məsələ olmalıdır”.



Vəkil Cavid Cəfərov isə məsələ ilə bağlı qeyd edib ki, internat məktəblərində yerləşdirilənlər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır:

“1999-cu il 22 iyunda valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilib. Valideynlərini itirmiş uşaqlar, hər iki valideyni vəfat etmiş 18 yaşına qədər uşaqlardır ki, biz bunları valideyn himayəsindən məhrum olmuş uşaqlarla qarışdırmayaq. Yəni, valideyn himayəsindən məhrum olmuş şəxslərin ya hər iki valideyni sağ, ya da onlardan biri dünyasını dəyişmiş olur. Valideyn hüququndan məhrum edilən və valideyn hüququnu məhdudlaşdıran, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan valideynlərin uşaqları da valideyn himayəsindən məhrum edilmiş uşaqlar sırasındadır.

Hətta valideynin biri vəfat etmiş, o biri valideyni birinci və ikinci dərəcəli əlil olan şəxs 18 yaşına qədər valideyn himayəsindən məhrum olmuş şəxslər hesab edilir.

Təbii ki, onlar tam orta təhsilli ümumtəhsil internat məktəblərində təhsil alırlar. Ümumi internat məktəbləri ilə bağlı əsasnamə var.
Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər Azərbaycan Respublikasının qanuna əsasən bir sıra imtiyaz və hüquqlara malikdirlər.

Bu şəxslər orta məktəbi bitirdikdən sonra ali və orta ixtisas məktəblərində, peşə təhsili müəssisələrində pulsuz təhsil almaq hüququna malikdirlər. Həmin şəxslər 23 yaşına qədər dövlət mülkiyyətində olan təhsil müəssislərinə heç bir pul ödəmirlər. Onların təhsil haqqını dövlət öz üzərinə götürür və müvafiq təqaüdlər verir. Lakin həmin şəxslərin ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, yaxud magistratura səviyyəsində aldıqları təhsil dövründə onlara orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla pul vəsaiti verilir. Müvafiq icra hakimiyyəti təsdiq etdiyi qaydada mövsümi paltar, ayaqqabı və digər geyimlər verilir. Həmin şəxslər oranı bitirdikdən sonra özəl və dövlət sektorlarında müvafiq işlə təmin oluna bilirlər.

Amma internat məktəblərindəki uşaqlar üçün problemlər var. İstər qeyri-hökumət təşkilatları, istər dövlət təşkilatları, istər qəyyumluq orqanları, istərsə də həmkarlar təşkilatları həmin şəxslərə daim diqqət və qayğı göstərməli, onların müvafiq işlə təmin olunması üçün zəruri tədbirlər görməlidirlər. Hazırda həmin şəxslər bu qayğılardan və diqqətdən kənarda qalırlar. Hətta bəzən bir sıra hallarda həmin şəxslər cinayətə belə əl atırlar. Ona görə də həmin şəxslər xüsusi nəzarətə götürülməli və ümumtəhsil internat məktəblərini bitirəndən sonra ali-orta ixtisas məktəblərində təhsil almayan həmin şəxslər müvafiq dövlət orqanlarında, özəl sektorda sosial layihələr əsasında işlə təmin olunmalı, dövlətin diqqət və qayğısı ilə əhatə olunmalıdırlar”.



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də uşaqların dövlət müəssisəsinə, uşaq evlərinə yerləşdirilməsində ciddi problemlər olduğunu vurğulayıb:

“Bu mövzu olduqca aktualdır. Cəmiyyətdə fikir formalaşıb ki, internat, uşaq evləri, sığınacaqlar, bunların hamısı bir kateqoriyadır. Lakin qeyd etmək istəyirəm ki, sığınacaqlar müvəqqətidir. Sığınacaq, reabilitasiya və reinteqrasiya üçün nəzərdə tutulmuş tranzit funksiya daşıyır. Sığınacaqda uşaqların əksəriyyəti ya ailələrinə dönür, ya da dövlət uşaq müəssisəsinə yerləşdirilir. Niyə bu gün cəmiyyətdə fikir formalaşıb ki, uşaq evləri, internat məktəblərindən çıxan uşaqlar hansısa cinayət qruplarına, zərərli vərdişlərlə daha çox gündəmə gəlirlər? Səbəb odur ki, bu qurumlarda, müəssisələrdə uşağa həyat bacarıqlarını önə çəkmək önəmlidir. Çünki 18 yaşı tamam olmuş şəxs cəmiyyətə reinteqrasiya olunduqda bilməlidir ki, onun arxasında bu dövlət qurumu dayanır. Bunu deyən varmı? Bu gün ən çox gündəmə gələn məsələ uşaq müəssisələrindən çıxanların ev ilə təmin olunmasıdır? Haradadır o ev? Uşaq evlərindən, internat məktəblərindən universitetə qəbul olunan neçə uşaq tanıyırıq? Göstərici demək olar ki, çox azdır”.

Kəmalə Ağazadə əlavə edib ki, rəhbəri olduğu sığınacaqda qızlar-oğlanlar üçün repetitorlar da tutulub:

“Sağ olsunlar, müəllimlər bunu ödənişsiz həyata keçirdilər. O, uşaqlar zamanında universitetlər qazanıblar. Sığınacaq qısamüddətlidir. 14-15 yaşdan sonra uşaqların dövlət müəssisəsinə, eyni zamanda uşaq evlərinə yerləşdirilməsində çox ciddi problemlər var. Çünki internat məktəbləri 9 illikdir. Deməli 13-14 yaşından sonra uşaqlarla sağollaşırlar. Həmin uşaqların uğurunu bu kiçik bir müəssisədə universitet qazanmaqla bitirmədik, universitetlərin rəhbərləri ilə də görüşdük. Onların yataqxana ilə təmin olunması, balı aşağı olan uşaqların ödənişdən azad olunması məsələsini də diqqətdə saxladıq. Onların valideyn hüququndan məhrumetmə statusları yox idi. Çünki valideyn ortalıqda yoxdur, tapa bilmirlər. Məhkəmə qərarı olmadan da valideyn hüququndan məhrumetmə yoxdur. Amma bu uşaq kimsəsizdir, ortalıqda ona sahib çıxan heç kim yoxdur. Onların təhsil haqqından azad olunması, yataqxana ilə təmin olunması, hətta kiçik təqaüd ayrılmasını təmin etdik. Bu addımları şəxsi münasibətlər əsasında edirdik. Halbuki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bunlar qanunvericilikdə nəzərdə tutulub. Deməli, uşaq evləri, internat məktəblərində onların təhsilini önə çəkmək lazımdır. Bəlkə də onların içində mühəndis, həkim, müəllim var. Sadəcə o kimsəsizdi “əşşi” deyib keçmək lazım deyil. Çünki o uşaqlar gələcəkdə yeniyetmə gənc olaraq, mənim heç kimim yoxdur, heç kimə lazım deyiləm kimi depressiv vəziyyətlərə düşərək zərərli vərdişlərə, yüngül həyat tərzinə, cinayətkar qruplara meyillənə bilərlər”.

F. Söhrabqızı
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.



Şərhlər
  • t.ədalət

    Uşaq evlərində böyüyənlər üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə evlər tikilirdi.Mən,onlara mənzillərin paylanılmasının şahidi də olmuşam.Ancaq,Sahil Babayev nazir olandan sonra onların vəziyyəti ağırlaşıb.Əlbəttə,S.Babayevin bir erməni qanı daşıyanlardan olması onun bu uşaqlara qayğı göstərəcəyinə inamımızı sarsıdır.Təəccüblüdür ki,hakimiyyət erməniqanlı Sahil Babayevi nədən belə əziz-xələfə çevirib,bilinmir.Əmək və əhalinin sosial müdafiəsi kimi həssaslıq tələb edən nazirliyə,yəni,qanı-qanımızdan olan bir azərbaycanlı tapıb təyin etmək olmur?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər