Ru
16:06 / 19 Aprel 2022

İntiharın xortlayan statistikası – Əslində, onları xilas etmək olar...

80609
Son vaxtlar ölkədə yaşamaq istəməyib həyatlarına qəsd edən insanların sayı xeyli artıb.


“Gənc qadın intihar etdi”, “3 uşaq atası özünü asdı”, “21 yaşlı gənc canına qıydı”, “Yeniyetmə özünü binadan atdı”, “Sirkə turşusu içib özünü öldürdü”, “Gənc müəllimə intihar etdi”, “Kişi yaşadığı evdə odlu silahla özünə atəş açaraq intihar etdi”, “Əvvəl arvadını, sonra özünü öldürdü”...


Bu cür xəbərləri, demək olar ki, son vaxtlar hər gün eşidirik. 10-15 il öncə az-az hallarda baş verən bu tip hadisələr hətta son dövrlər adi hal kimi qəbul olunmağa başlanılıb.


Bakupost.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2022-ci ilin 3 ayı ərzində ölkədə 102 intihar halı qeydə alınıb. 2021-ci ildə isə ölkədə 612 nəfər özünə qəsd edib. İntihar hadisələrindən 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. İntihar edənlərin 313 nəfəri evli, 299 nəfəri isə subay olub. 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib. 2018-ci ildə bu rəqəm 521, 2017-ci ildə 498, 2016-cı ildə 507, 2015-ci ildə 499, 2014-cü ildə isə 490 nəfər təşkil edib.



İntiharların sayı niyə artır? İnsanlar niyə intihar edir, onların özlərinə qəsd edib həyatlarına son qoymalarına səbəb nədir ? İnsanlar niyə yaşamağı yox ölməyi üstün tutur? Bu problemin kökündə nə dayanır?


Psixoloq Vəfa Əkbər deyir ki, insanlar üzləşdikləri problemlərin həllinə çarə kimi intiharı çıxış yolu seçərək, həyatlarına son qoyurlar. Özünəqəsd biri digəri ilə əlaqədə olan sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Depressiya, ruhi və sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən istifadə, biopolyar affekti pozuntu, təşviş pozuntuları, posttravmatik stress pozuntusu kimi hallar da intihara meyillilik yaradır:





“Sosial problemlər, maddi sıxıntı, alkoqolizm, narkomaniya kimi mənfi vərdişlərdən əziyyət çəkənlər, təzyiq, şiddət və zorakılığa məruz qalma, ümidsizlik, ailə və yaxınlarla münaqişənin olması, ciddi maliyyə məsələləri, müflisləşmə və s. hallarda insanlar bəzən vəziyyətdən çıxış yolu kimi intihara əl atır. Bəzi insanlar güclü iradəsi sayəsində özünü toplayır, düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarır. İntihar fikrini heç ağlına belə gətirmir. Çünki o insan anlayır ki, intihar etməklə o problemi həll etmir. Ancaq depressiyaya meyilli insanlar üzləşdiyi çətinliklərdən sarsılır, psixoloji gərginlik keçirir, ümidsizliyə qapılır, özünü dünyanın ən aciz adamı hesab edir, vəziyyətdən çıxmaq, problemi həll etməyə çalışmaq yerinə intiharı seçir”.


Psixoloqun sözlərinə əsasən, əvvəllər insanlar intiharı ən son çarə kimi seçirdi. Ən son məqamda insan canına qəsd edirdi. İndiki isə sosial gərginlik, maddi sıxıntılar intiharların əsas səbəbi kimi qarşımıza çıxır:


“İnsanlar gündəlik tələbatlarını ödəmək üçün vasitə lazımdır, bugünkü gündə həmin vasitə maddiyyatdır. Maddi çətinliklərin yaşanması insanların arzu, istəklərini həyata keçirməsinə mane olur ki, bu da insanların mənəvi cəhətdən doymaması və ardınca da intiharı gətirir. Bəlkə də gün ərzində 10 nəfərə yaxın insan intihara təşəbbüs edir. Təəssüf ki, hazırda intiharların sayında həddən ziyadə artım var”.

V. Əkbər bildirib ki, intihar edən şəxs bunu törətməmişdən öncə mütləq şəkildə bu barədə danışır, sanki mesaj verir, onu bu fikirdən daşındırmaq üçün səbəb axtarır. Sanki ətrafındakılara məni xilas edin, kömək edin, bu yoldan çəkindirin, qoymayın canıma qəsd edim deyir:


“Əgər diqqət etmisinizsə, intihar hadisələrindən sonra yaxınları bununla bağlı mütləq bir neçə fakt söyləyə bilir. Buradan belə nəticəyə gəlmək olar ki, əslində, intihar etmək istəyən şəxs eyni dərəcədə həm yaşamaq, həm də ölmək istəyir, sadəcə olduğu vəziyyətdən çıxış yolunu tapa bilmir. Bu səbəbdən də, bəzən intiharlar aşkar şəkildə, hamının görə biləcəyi yerlərdə törədilir. Bu səbəbdən də insanlar bir-biri ilə qarşılıqlı ünsiyyət zamanı çox diqqətli olmalıdırlar. Xüsusən də problemləri, çətinlikləri olan insanlara qarşı xırda bir nüansa belə diqqət yetirilməlidir”.


Psixoloq qeyd edib ki, son vaxtlar intihar edənlər içərisində yeniyetmələr, gənclər üstünlük təşkil edir. Yeniyetmə və gənclər arasında intihar hallarının artması bu məsələyə daha diqqətlə yanaşmağın vacib olduğunu göstərir:

“Gənclərin intihara meyilli olması əslində, xəbərdarlıq siqnalıdır və bu mövzuya həssaslıqla yanaşmaq çox vacibdir. Bu gün uşaqların, yeniyetmə və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir. Mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı azaldır. Belə hallar da sonda intihara yol aça bilir. Eyni zamanda, bəzi ailələrdə valideyn-övlad münasibətlərinin düzgün qurulmaması, valideynlərin uşaqlara şiddət, təzyiq göstərməsi belə ağır fəsadlara gətirib çıxarır. Ailə daxili münaqişələr, valideynlərin uşaqların gözü qarşısında bir - birinə qarşı xoşagəlməz ifadələr işlətməsi, daim münaqişə etməsi, şiddət uşaqlarda ağır travmalar yaradır. Qorxu, həyəcan, psixoloji sarsıntı keçirən uşaq depressiyaya düşür, umidsizliyə qapılır və düşdüyü vəziyyətdən çıxış yolunu canına qəsd etməkdə görür. Valideynlər unutmamalıdırlar ki, yeniyetməlik və gənclik dönəmi insan həyatının ən həssas mərhələsi sayıla bilər. Bu dövr mürəkkəbliyi ilə fərqlənir. Şəxsiyyətin formalaşdığı bir vaxtda yeniyetməyə fərqli yanaşma tələb olunur. Bu yaşlarda intiharlar daha çox ailənin yeniyetməni anlamaması, onu diqqətə almaması, bəzi hallarda aşağılaması səbəbindən baş verir. Burada tibbi-bioloji məqamlar da var təbii ki. Valideyn övladından bir çox halda onun gücündə olmayanları gözləyir, bəzən də həmin yaşda özünün arzuladığı, amma əldə edə bilmədiklərini övladı vasitəsilə reallaşdırmaq istəyir. Qarşılığını görmədikdə isə tərəflər arasında anlaşılmazlıqlar, narazılıqlar, münasibətin korlanması, hətta şiddət müşahidə olunur. Bəzən nəticə isə heç kəsin istəmədiyi bir sonluqla yekunlaşır – intihar. Bu səbəbdən də valideynlər son dərəcə diqqətli olmalı və sevdikləri ilə həssaslıq, təmkinlə davranmalıdırlar. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir. İstər yeniyetmə və gənclər, istərsə də digər intihara meyilli şəxslərlə mütəmadi vaxt keçirmək, onları dinləmək, yanında olduqlarını hiss etdirmək və digər amillər həmin şəxslərdə zaman keçdikcə öz müsbət nəticələrini göstərir”.


V. Əkbərin dediyinə görə, insanlar ətrafına, çevrəsinə, doğmalarına qarşı diqqətli və duyarlı davranmalıdır:


“Əzizlərimiz üçün sonradan soyuq və cansız məzar başında göz yaşı tökməkdənsə, sağ ikən onların bizə uzanan əlini tutmaq lazımdır. Ətrafımızda çətinliyi, problemləri, sıxıntıları olan dost, tanış yaxın insan varsa ona mümkün qədər mənəvi dəstək olmağa çalışmaq lazımdır. Mənəvi dəstək intihar etmək niyyətində olan insanı bu fikrindən daşındıra bilər”.





Son illərdə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd faktlarının sayı artıb.


Yeniyetməlik dönəmində uşaqlar çox gərgin və stressli olur. Ən xırda bir problem belə onlar üçün böyük görünür. Bu səbəbdən də bu dönəmdə onlarla daha diqqətli davranılmalıdır. Valideynlər yeniyetməlik dövrü yaşayan övladlarına daha çox diqqət yetirməli, onlara qayğı, sevgiylə yanaşmalıdırlar. Daim gərgin və aqressiv olan yeniyetmələri tənqid edəndə, onlara qarşı aqressiv davranın nümayiş etdirəndə, onları cəzalandırmağa çalışanda yeniyetmələr buna cavab olaraq intiharı, çanına qəsd etməyi seçir. Bu səbəbdən də yeniyetməlik dönəmində uşaqlarla çox ehtiyatlı davranmaq lazımdır. Evdə valideynlər, məktəbdə isə müəllimlər yeniyetmələrə qarşı mümkün qədər anlayışlı və diqqətli davranmalıdırlar.


Müəllim Bəsti Salmanovanın sözlərinə əsasən, tənqid, təhqir, şiddət kimi psixoloji duruma təsir edən halların baş verməsi yeniyetmənin intiharına gətirib çıxarır: “Məlumdur ki, yeniyetməlik uşağın ən həssas və çətin dövrü hesab olunur. Bu dövrdə onlarda yeniyetməliyə xas xüsusiyyətlərlə yanaşı, zərərli vərdişlərə, depressiyaya, intihara meyllilik yüksək olur. İstənilən söz onları qıcıqlandırır, xətrinə dəyir, əsəbləşdirir, onların əhval-ruhiyəsinin dəyişməsinə səbəb olur. Tənqidi qəbul etməyən yeniyetməyə sən düz fikirdə deyilsən və ya sənin söylədiyin fikir yanlışdır deyəndə onlar bunu qəbul etmir, əsəbləşib özlərindən çıxırlar. Belə sözlərin onlara təkrar-təkrar deyilməsi isə sonda yeniyetmələrin özünə qəsd etməsi ilə nəticələnir. Bu səbəbdən də biz müəllimlər yeniyetmə şagirdlərimizlə mümkün qədər ehtiyatlı davranmalıyıq. Onlar keçid dövrü yaşadıqları üçün psixoloji vəziyyətləri çox həssas olur. Bunu nəzərə almaq lazımdır. Eyni zamanda yeniyetmə şagirdlər arasında intihar əleyhinə maarifləndirmə işi həyata keçirilməlidir”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın sözlərinə görə, intihar halları son zamanlar demək olar ki, gündəmdə olan və hər kəsi çox narahat edən mövzulardan biridir:





“Son zamanlar tək Azərbaycanda deyil, bütün dünyada intihar edənlərin sayında artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada hər 40 saniyədən bir intiharla başa çata ölüm hadisəsi qeydə alınır. Dünyada hər 100 min kişidən 13.5 faizi, hər 100 min qadınlar 7.7-si dünya miqyasında intihar edir. Təhlillər göstərir ki, intihar hadisəsi ölkələrin sosial­-iqtisadi vəziyyətindən, insanların sosi­al və maddi durumundan daha çox onun sosial davranışından asılıdır. Biz ayrı­ayrı ölkələrdəki intihar hallarının statistikasına baxsaq, görərik ki, inkişaf etmiş, insanların rifah halında yaşadığı ölkələrdə intiharlar daha çox baş verir. Ekspertlər də bildirirlər ki, insan həddindən artıq şəkildə ümidsizlik, inamsızlıq hiss edəndə, həyatın mənasızlığını fikirləşəndə, adamlara qarşı duyduğu inam və etibarını tam itirəndə intihara meyl edir, özünə qəsd edir”.


H. Hüseynova bildirib ki, bu gün ölkədə yeniyetmələr, gənclər arasında özünə qəsd hallarının baş verməsi bir sıra məsələləri aktuallaşdırır:



“Hesab edirəm ki, gənclər arasında baş verən intihar hallarının qarşısını almaq üçün ilk növbədə yeniyetmə və gənclərlə arasında maarifləndirmə işi aparılmalıdır. Onlara izah olunmalıdır ki, gənclər hər hansı bir problemlə üzləşən zaman bunu valideynləri, yaxınları ilə bölüşməli, paylaşmalıdırlar. Problemin həlli yollarını axtarıb tapmaq və onu həll etməyə çalışmalıdırlar. Gənclər anlamalıdırlar ki, onların gələcəyi qabaqdadır. Təhsil almaq, özünü inkişaf etdirmək, cəmiyyət, dövlət üçün yararlı vətəndaş olmaq üçün çalışmaq lazımdır. Hər hansı bir xırda problem, çətinliklə üzləşən zaman intihara əl atmaq və cana qəsd etmək açızlikdir, doğru davranış deyil. Fikrimcə, gənlərin asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı tədbirlərin sayını artırmaq lazımdır. Valideynlərlə görüşlər keçirilməlidir. KİV, xüsusilə də televiziya vasitəsilə sosial çarxlar yayımlanmalıdır. İlk növbədə, reabilitasiya-psixoloji mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi vacib məsələlərdəndir. Digər mühüm bir məqam isə qaynar xəttin və ya “etimad telefonu” nun yaradılmasıdır. Bu layihələr də çox müsbət nəticə verir, ona görə də mərkəzl­ərin bir çoxunda bu xidmətlərin göstərilməsi təqdirəlayiqdir. Ailə psixoloqlarının hazırlanması və fəaliyyət göstərməsi isə növbəti addımlardan biri ola bilər. İnsan ən çətin və böhranlı vəziyyətdə lazımı dəstəyi alarsa, əlbəttə ki, intiharların, sosial davranışların və ailədaxili konfiliktlərin sayı da azalar. İnsan ən çətin və böhranlı vəziyyətdə lazımı dəstəyi alarsa, əlbəttə ki, intiharların, sosial davranışların və ailədaxili konfiliktlərin sayı da azalar”.


Millət vəkili Fazil Mustafa deyir ki, ölkədə İslam dəyərlərinə düzgün əməl olunmur. Bu səbəbdən də intihar hallarının sayı günbəgün artır:


“Dinə görə, intihar ən böyük günahlardan sayılır. İntihar edən insanın yeri cəhənnəmdir. Cünki Allahın verdiyi cana qıymaq ən böyük günahlardan biridir”.





F. Mustafanın dediyinə görə, cəmiyyətdəki sosial gərginlik, maddi sıxıntılar, işsizlik, yoxsulluq, müalicə xərclərinin yetərsizliyi, əzizlər­inin itkisi, psixi depressiya, borc və sair səbəblərdən insanlar intihara əl atır:

“İnsan tavana dirənəndə vəziyyətdən çıxış yolunu intiharda görür. İntiharların qarşısını almaq üçün ilk növbədə müəyyən sosioloji araşdırmalar aparmaq lazımdır. İnsanlar daha çox hansı səbəblərdən dolayı intihar edir. İlk olaraq səbəbləri öyrənmək lazımdır. Bu səbəbləri aradan qaldırmaq, insanlara dəstək olmaq istiqamətində işlər görülməlidir. Psixoloji durumu yerində olmayan insanları araşdırmaq, onları maarifləndirmək lazımdır. Kompleks tədbirlər görülməlidir ki, bunun qarşısı alınsın”.



Millət vəkili vurğulayıb ki, dövlət tərəfindən intiharlarla bağlı məsələyə xüsusi diqqət ayrılmalıdır:


“Məktəblərdən başlayaraq, uşaqlar arasında münasibətlərin təqib olunması vacibdir. İcra hakimiyyətlərinin tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya fəaliyyət göstərsə də, fəaliyyətini normal qurmayıb. Sosial institutlar formal olaraq fəaliyyət göstərirlər, amma real olaraq fəaliyyət yoxdur. Ona görə də, problemli insanlar kənarda qalır. İnstitutları dirçəltmək lazımdır. Xeyriyyə təşkilatları və qadın sığınacaqları şəbəkəsinin genişləndirilməsinə ehtiyac var. Çünki burada gələcəkdə potensial intihar etmək istəyən insanlara çevrilə biləcək şəxslər olur. Əgər bu institutlar dirçələrsə, vəziyyətdə dönüş yaratmaq olar. İndidən tədbirlər görmək lazımdır. İndidən müvafiq tədbirlər görülməsə, intihar edənlərin sayı gün­bəgün artacaq”.





F. Mustafanın sözlərinə görə, məktəbl­ərdə, universitetlərdə intihar əleyhinə maarifləndirmə işləri həyata keçirilməlidir. Gənclərin, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində müvafiq tədbirlər görülməlidir. Gənclərin idmanın müxtəlif növlərinə yönəldilməlidir:


“Gənclərin musiqi, idman, şahmat və başqa bilg­ilər əldə eləməsinə nail olunmalıdır. Ancaq təəssüf ki, bu gün ölkədə gənclərin pulsuz idmanla məşğul olması üçün yer yoxdur. Hər yer pulludur. Bir çox valideynlərin də buna maddi imkanı çatmır”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər