Ru
14:06 / 30 Yanvar 2023

İran Azərbaycana qarşı yeni təxribatlar törədə bilər - Politoloq

5185
“İranda hərbi obyektlərə endirilən zərbələr bu ölkəni nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa məcbur etmək məqsədi daşıyır”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib.

Onun sözlərinə görə, İranın bir çox böyük şəhərlərində yerləşən hərbi və strateji obyektlərin, o cümlədən nüvə proqramının həyata keçirildiyi müəssisələrin bombalanmasına görə məsuliyyəti hələlik heç bir dövlət öz üzərinə götürməyib:

"Amma görünən budur ki, İranın nüvə proqramı ilə bağlı atdığı avantürist addımların müəyyən təhlükəli həddə gəlib çatması Qərb dövlətlərini, o cümlədən İranın nüvə proqramının əleyhinə olan qüvvələri konkret addım atmağa vadar edib".
Oqtay Qasımlı bildirib ki, zərbələr endiriləndən sonra Qətər XİN rəhbərinin İrana səfəri baş tutub:

"Qətərin Qərb dünyası ilə kifayət qədər yaxın münasibətləri var və o, Qərbin İranla əlaqələrini təmin edəcək dövlət kimi nəzərdə tutulur. İranın nüvə proqramı ilə bağlı təhlükəli həddi keçməsi, nüvə silahı əldə etməsi qəbul edilmir. Buna imkan verilməyəcək. Bununla bağlı ABŞ dövlət katibinin açıqlaması da diqqətçəkicidir. O, öz açıqlamasında qeyd edib ki, İranla bağlı bütün variantlar masadadır. İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verilməyəcək. Təsadüfi deyil ki, İrana zərbələrin endirildiyi bir vaxtda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Yaxın və Orta Şərqdə səfərdədir. Bunlar hamısı İrana xəbərdarlıqdır".

"İndiki şəraitdə İran tərəfindən Azərbaycana qarşı növbəti təxribatlar baş verə bilərmi" sualına cavab verən politoloqun sözlərinə görə, Rəisinin hakimiyyətə gəldiyi il yarım müddətində İranın daha təhlükəli, proqnozlaşdırıla bilməyən və daha təcavüzkar bir dövlətə çevrildiyi müşahidə olunur:
"Azərbacan heç vaxt ətrafında gərginlik ocaqlarının olmasını istəməyib. Qərb və İran qarşıdurmasında Azərbaycan bitərəf qalaraq, öz ərazisindən ona qarşı hansısa əməliyyatların keçirilməsinə razı olmayıb. Bu gün də bu mövqe qüvvədə qalmaqdadır. Amma əlbəttə ki, İran hakimiyyəti və orada təmsil olunan savaş tərəfdarları İranı düşdüyü vəziyyətdən çıxarmaq üçün istənilən təxribata gedə bilərlər. Çünki İran rejiminin mahiyyəti budur. Əhalinin diqqətini daxili problemlərdən yayındırmaq, başqa istiqamətə çevirmək, xarici işğalçı obrazı yaratmaq üçün belə təxribatlar istisna deyil".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər