Ru
20:00 / 02 Fevral 2023

"İran başa düşür ki, Azərbaycana həmlə etsə..." - Tofiq Zülfüqarov

6606
Beynəlxalq Böhran Qrupunun yeni hesabatında Qarabağ uğrunda ikinci müharibədən iki il sonra Ermənistan və Azərbaycanda üçüncü savaşın başlayacağından narahatlıq yaşandığı bildirilir.


Bəs iki ölkə arasında növbəti müharibə ehtimalı barədə ekspertlər nə düşünürlər?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ermənilər tərəfindən səsləndirilən müharibə təhdidi daxili auditoriya üçündür.


"Müharibə və təxribat fərqli şeylərdir” deyən sabiq nazir əlavə edib ki, genişmiqyaslı müharibəni təsəvvür etmək mümkün deyil:

"Çünki hərbi imkanlar baxımından Azərbaycan Ermənistanı üstələyir. Əlbəttə, Ermənistanın ənənəvi təxribatlarını istisna etmək olmaz. Əvvəllər necə olubsa, indi də hər hansı təxribat qarşılığında Azərbaycan cavab zərbələri endirə bilər. Amma genişmiqyaslı müharibə demək olar ki, mümkünsüzdür.

“Ermənistanda yaxşı başa düşürlər ki, onların Azərbaycana hərbi təzyiq göstərmək imkanları yoxdur”.


Tofiq Zülfüqarov qeyd edib ki, ermənilərin hazırki müharibə bəyanatları populizm xarakteri daşıyır və daxili siyasi auditoriyada istifadə üçün nəzərdə tutulub:


"Ukraynada müharibədən qabaq Rusiya Ermənistana kömək etmək niyyətində olmadığını göstərdi. Müharibə başlayandan sonra isə bizim regionda Rusiya faktoru Ermənistanın xeyrinə deyil. İrana qarşı isə artıq İsrail və Qərb koalisiyası formalaşmaqdadır. Bəllidir ki, onların arasında gec və ya tez hərbi toqquşma olacaq. Demək olar ki, hərbi əməliyyatlar artıq başlayıb. Bu şəraitdə Ermənistanı müdafiə eləmək üçün İranın da imkanları yoxdur. İranın əhalisinin az qala 40%-i etnik azərbaycanlılardır. İranda yaxşı başa düşürlər ki, əgər Azərbaycana hansısa həmlələr olsa, onlar öz qarşılarında Azərbaycan və Türkiyəni görəcəklər.

Hansısa Qərb ölkələrinin müdaxiləsi də real deyil. Çünki biz görürük ki, Avropa İttifaqında Azərbaycan-Ermənistan münasibətlərinə müxtəlif yanaşmalar var. Ermənipərəst Fransanın istəkləri tam şəkildə dəstəklənmir. Burada coğrafi məsafəni də nəzərə alsaq görərik ki, Fransanın da bu müharibədə iştirakı mümkün deyil".


Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər