Ru
12:06 / 23 Sentyabr 2022

İran od içində: etirazçılarla polis arasında toqquşmalar güclənir - VİDEO

1948
İranda 22 yaşlı Məhsa Əmininin Əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan kütləvi etiraz aksiyaları genişlənməkdədir.



Bakupost.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, aksiyalar dünən axşam və bu gün səhər saatlarında da davam edib. Paytaxt Tehranın Əhmədabad qəsəbəsində qəzəbli etirazçılar polis bölməsinin binasını yadırıblar.


İranın əksər əyalətlərini bürüyən etiraz aksiyaları Həmədan şəhərində də genişlənməkdədir.


Narazı gənclər küçələrə axışaraq “Zalıma ölüm olsun, istər şah olsun, istər rəhbər, ölüm olsun!” şüarları səsləndirərək, Məhsa Əmininin qətlə yetirilməsinə öz etirazlarını bildiribər.


Güney Azərbaycan şəhərlərində də əhali rejim əleyhinə aksiyaları davam etdirir.


Xüsusən də Təbrizdə etirazların getdikcə alovlandığı bildirilir. Etiraz aksiyalarına qoşulan xanımlar baş örtüklərini odda yandırır, “Yaşasın özgür türk qadını!” şüarı səsləndirirlər.




Təbrizdə aksiyaların qarşısını almaq üçün İran xüsusi təyinatlıları cəlb olunublar. Sosial şəbəkələrdə onların Təbrizdə yaşlı kişini vəhşicəsinə döyməsini əks etdirən görüntülər yayılıb. Görüntülərdən etiraz aksiyalarını dağıtmaq üçün gücləndirilmiş rejimə keçən xüsusi təyinatlı qüvvələrin Təbrizdə küçədə dinc şəkildə hərəkət edən müdafiəsiz qoca kişiyə hücum edərək, onu dəyənəklə doydükləri aydın olur. Hadisəni kənardan görən sakinlər polislərə xitabən "Bişərəf" deyə qışqırırlar.


Üçnova (Uşnəviyə) şəhərində də etirazlar davam edir. Burada da etirazçılar “Diktatora ölüm olsun!” şüarları səsləndirirlər. Həmçinin Üçnovada sahibkarlar Kürdüstan əyalətinin əhalisinin hökumət qüvvələri tərəfindən günahsız yerə öldürülməsinə etiraz olaraq iş yerlərinin qapısını bağlayaraq, aclıq aksiyası keçirirlər.


Urmiya sakinləri də ötən axşam Məhsa Əmininin qətlinə etiraz mitinqində öldürülən 23 yaşlı Fərcad Dərvişinin dəfn mərasiminə qatılıb və “Diktatora ölüm olsun!", "Şəhidlər ölmür” şüarları səsləndiriblər.





Güney Azərbaycanın Zəncan şəhərində isə iki azərbaycanlı gənc öldürülüb. Onların hökumət qüvvələrinin açdığı atəş nəticəsində yerindəcə keçindikləri bildirilir.




Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı öldürülüblər.


Qeyd edək ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insan güllələnərək qətlə yetirilib. Öldürülən etirazçıların sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiqini tapıb.


İnsan haqları təşkilatları ağır yaralıların çox olması səbəbindən ölənlərin sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.


Bu arada İranın futbol ulduzu və hər zaman xalqın sözünü deyən Əli Kərimi İran ordusunu günahsız yerə qan axmasının qarşısını almaq üçün xalqla birləşməyə çağırıb.


“Bu vətən sizi gözləyir. Günahsız yerə qan tokülməsinə imkan verməyin!”,- deyə o, çağırış edib.


Təbriz şəhərinin İran parlamentindəki üzvü Əhməd Əlirzabeygi isə Əxlaq" polisi tərəfindən qadın və qızların həbs edilməsinə və Tehranda polis idarəsində Məhsa Əmininin ölümünə toxunaraq deyib: “Bu gün, dünyada hansı dövlət hakimiyyəti bizim tətbiq etdiyimiz üsullarla cəmiyyəti idarə etmək istəyir? Bizim bu davranışlarımız insanların qıcıqlanmasına, ruh düşkünlüyünə səbəb olur, onlar dindən qaçırlar".


İran parlamentindəki üzvü bildirib ki, xalq parlamentin onun hüquqlarını həyata keçirməyə çalışdığını görməlidir: "Parlament bu məsələyə münasibət bildirməli və daxili işlər nazirini çağıraraq bu hadisənin niyə baş verdiyi ilə bağlı izahat tələb etməlidir. Nazir parlamentə izahat verməlidir ki, bu məsələlərin bir neçə dəfə təkrarlanmasına, ictimai şüurda və beynəlxalq rəydə İranın imicinə xələl gətirmək baxımından bizə xeyli ziyan vurmasına baxmayaraq, niyə belə hallar baş verir? Niyə yenidən təkrarlanır?”


Qeyd edək ki, hazırda bütün ölkə boyu aksiyalar davam etməkdədir.



Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər