Ru
10:50 / 06 Fevral 2023

İran: ya dağılmalı, ya dəyişməli... – Molla rejimi seçim qarşısında

10648



İrandakı molla rejimi aqressivləşdikcə, müharibə ehtimalı artdıqca daxildən Rəsmi Tehrana qarşı çağırışlar artır.
İnsanlar başa düşür ki, rejimin bu siyasəti ölkəni uçuruma aparır.

Cənubdakı vəziyyəti Bakupost.az –a şərh edən "Demokratik Azərbaycan Naminə" İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud deyib ki, İranın anti-türk mərkəzli siyasətindən irəli gələn aqressivləşmə yüksəldikcə bu ölkənin əhalisinin ən azı yarıya qədərini təşkil edən türklərin rəsmi Tehranın addımlarına verdiyi reaksiyalara da diqqət artmaqdadır:



“İran türklərinin milli müqəddəratını təyin etmə və Güney Azərbaycanın müstəqil dövlət olması ilə bağlı artan çağırışları ilə yanaşı hazırkı siyasi sistemin transformasiyasının zəruriliyi ilə də bağlı fikirlər maraq doğurur.
İranın keçmiş Xarici işlər naziri, 1981-1989-cu illərdə isə baş naziri vəzifəsində (bu vəzifəni tutan sonuncu şəxs) çalışmış və ölkənin müxalifət liderlərindən olan MirHüseyn Musəvi bu günlərdə İranda "azad" referendumun keçirilməsi və yeni konstitusiya layihəsinin hazırlanmasına çağırış edib.

"Yaşıl Hərəkat"ın liderlərindən olan Musəvi bu çağırışı indiki siyasi sistemin cəmiyyətə vurduğu zərər və iranlıların köklü dəyişiklik istədiklərini bildirdiyi bəyanatda səsləndirib.
MirHüseyn Musəvinin siyasi islahatlarla bağlı ifadə etdiyi tələblərin bu həddə çatması hazırkı sistemə bağlanan ümidlərin getdikcə tükəndiyini göstərir. Halbuki Musəvi indiyə qədər mövcud konstitusiyanın geniş imkanlar yaratdığını, onun icrasının vacibliyini və Xomeyni irsinə sadiqliyin vacibliyini vurğulayırdı”.

E.Behbud deyib ki, müxtəlif mərkəzlərin ötən bir ildə keçirdiyi ictimai rəy sorğuları da ictimaiyyətin əksəriyyətinin indiki siyasi sistemin köklü islahatlara ehtiyacının olması ilə bağlı radikal tələbləri bölüşdüyünü göstərir: “İran cəmiyyətində dövlətin daxili və xarici siyasi kursunun aidiyyəti rəsmi siyasi orqanlardan daha çox SEPAH mərkəzli radikal hərbi və təhlükəsizlik qurumlarının müəyyənləşdirməsi fikri də qüvvətlənməkdədir.
İran hakimiyyətinin teokratik ideoloji nəzəriyyəyə söykənməsinə və mühafizəkar ruha malik olmasına rəğmən ötənilki kütləvi etiraz aksiyalarından sonra islahatlar keçirilərək rejimin ömrünün uzadılması ilə bağlı sistem daxilindən də müxtəlif fikirlər eşidilməkdədir”.



Qeyd edək ki, 15 ilə yaxın müddətdə ev dustağı edilərək ictimai-siyasi fəaliyyətdən məhrum olunan MirHüseyn Musəvi keçən il hazırkı Ali dini rəhbər Xamneyinin vəzifəsinin irsi yolla ötürülməsi ehtimalına da münasibət bildirərək “Məgər 2500 illik şahlıq geri qayıdıb ki, oğul atadan sonra hakimiyyətə yiyələnsin?!” ritorik sualı ilə etirazını bildirmişdi.


2009-cu il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq keçirilən kütləvi aksiyaların zorakılıqla dağıdılmasından sonra prezidentliyə namizəd Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd həbs olunub və ev dustaqlığına məhkum olunub.


Azər
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər