Ru
19:06 / 30 Sentyabr 2022

İran Zəngəzur dəhlizinin açılmasını sərhəd dəyişməsi kimi təqdim edir - Orxan Amaşovun ŞƏRHİ

4013
Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan sənədin müddəalarını yerinə yetirməkdən yayınır. Bu səbəbdən bölgədə hələ də gərginlik aradan qalxmayıb. Ermənistan gərginliyi uzun müddət saxlamaqla nəyə nail olmağa çalışır? Müharibə şəraitini alovlandıran Ermənistandır, yoxsa xarici qüvvələr?



Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən siyasi təhlilçi Orxan Amaşov bildirib ki, 10 noyabr Bəyannaməsinin 4-cü maddəsinə əsasən, rus sülhməramlılarının Qarabağa gəlişilə orada olan erməni silahlı birləşmələrinin çıxması eyni vaxtda baş verməli idi, lakin belə olmadı.


"Erməni tərəfi belə əsaslandırır ki, orada olan qüvvələr "özünümüdafiə qüvvələri"dir, Ermənistan dövlətilə əlaqələri yoxdur. İddia edirlər ki, Ermənistan dövlətinə aid olan rəsmi silahlı birləşmələr oradan çıxıb. Avropa İnsan Hüquqları Məhkəməsinin uzun illər öncə qəbul etdiyi qərarlarda da müəyyən olunub ki, Dağlıq Qarabağ adlanan qondarma qurum Ermənistan dövlətinin Azərbaycan ərazisində olan qeyri-qanuni mövcudluğunu əks etdirir. Yəni, o qurum Ermənistan dövlətilə birbaşa bağlıdır. Ona görə də "erməni silahlı birləşmələri" anlayışı birbaşa rəsmi Ermənistana aid qüvvələri, eyni zamanda qondarma rejimə aid qüvvələri ehtiva edir. Bununla yanaşı 9-cu maddə də hələ icra olunmayıb. Ermənistan tərəfi bunu onunla əsaslandırır ki, orada kommunikasiyaların geniş anlamda açılmasından söhbət gedir. Lakin biz 9-cu maddənin mahiyyətinə baxsaq, görərik ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməlidir. Ermənistan tərəfi qeyd edir ki, orada "dəhliz "termini yoxdur və Laçın koridoru ilə Zəngəzur koridorunun eyniləşdirilməsi düzgün deyil. Doğrudur "dəhliz" sözü orada yoxdur, amma biz mahiyyətə baxmalıyıq. Əgər Laçın dəhlizi ilə bağlı 6-cı və 9-cu maddənin mətninə diqqətlə baxsaq, görərik ki, hər ikisində dəhlizlərdə maneəsiz hərəkətdən söhbət gedir. Bu baxımdan Laçın və Zəngəzur dəhlizləri bir-birilə eyniyyət təşkil edir. 2021-ci ilin dekabrında Brüsseldə dövlət başçısı İlham Əliyev qeyd etdi ki, rejimlər eyni olmalıdır. Əgər Zəngəzur dəhlizində məhdudiyyətlər olsa, o zaman Laçında da Azərbaycan adekvat addımlar atacaq. Zəngəzur dəhlizi ilə bağlı orada xüsusi müddət yoxdur. Amma Ermənistan birləşmələrinin 4-cü maddəyə əsasən, çıxması ilə bağlı göstərilən müddət artıq çoxdan keçib".



O.Amaşov son vaxtlarda baş vermiş eskalasiyalara da toxunub:



"Eskalasiyaların əsas səbəbi sülh danışıqlarının optimal şəkildə getməməsilə bağlıdır. Ona görə də 2022-ci il avqustun əvvəlində rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazidə sığınacaq tapan erməni silahlı birləşmələrilə Azərbaycan tərəfi arasında eskalasiya baş verdi. Nə qədər ki, o müddəa icra olunmayıb, bu eskalasiyalar davam edəcək. Sözsüz ki, hüquqi arqumentasiya baxımından Ermənistanın mövqeyi çox zəifdir. Lakin onlar mümkün qədər gözləmək, bu müddəaların icrasını, sülh danışıqlarını uzatmaqla müəyyən qlobal mühitin formalaşmasına ümid edirlər ki, həmin öhdəliklərdən imtina xətti götürə bilsinlər".



Siyasi təhlilçi Zəngəzur dəhlizi ilə bağlı müham məqamlara toxunub:



"Zəngəzur dəhlizi məsələsində əsas destruktiv qüvvələrdən biri İrandır. İran Zəngəzur dəhlizi layihəsinin icrasını sərhədlərin dəyişməsi kimi təqdim edir. Bu baxımdan İranla Ermənistanın mövqeləri tamamilə üst-üstə düşür. Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr Bəyannaməsinin 9-cu maddəsi açıq-aydın şəkildə deyir ki, hərəkət maneəsiz olmalı və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti təhlükəsizliyi təmin etməlidir. Orada ermənilər olmalı deyil. Ermənistan hesab edir ki, bu eksteritoriallıq gətirir. Yəni, ki, onların Sünik, bizim Zəngəzur dediyimiz həmin o ərazidən keçən dəhliz üzrində ermənilərin nəzarəti olmayanda, faktiki olaraq, o ərazini itirmiş olurlar. Bəli, orada müəyyən eksteritoriallıq var, bu, şübhəsizdir. Lakin bu, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdən doğur. Zəngəzur dəhlizi ilə bağlı Fransanın ritorikasına diqqət etsəz, görərsiz ki, bir-birilə maraqları uyğun gəlməyən Fransa və İran bu məsələdə hardasa ortaq məxrəcə gəlmiş kimi görünür. İranın özündə çoxlu konspirasiya nəzəriyyələri var. Bu yaxınlarda oxumuşdum ki, onlar İkinci Qarabağ Müharibəsinin Ermənistandan çox İrana qarşı yönəldiyini hesab edirlər. Guya, Zəngəzur dəhlizi ortaq Britaniya, İsrail layihəsi idi. Bu cür konspirasiya nəzəriyyələrinə ciddi yanaşmıram".



Orxan Amaşov vurğulayıb ki, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hüquqi baxımdan əsaslı deyil:



"Zəngəzur dəhlizi ilk növbədə Azərbaycan və Türkiyənin marağındadır, daha sonra sözsüz ki, Rusiyanın da bu istiqamətdə böyük maraqları var. İran İkinci Qarabağ Müharibəsindən öncəki vəziyyətdən çox faydalanırdı. Ərazilərimizi işğaldan azad etdikdən sonra İranla olan demarkasiya xətlərini müəyyənləşdirdik. Uzun müddət İran biznesmenləri işğal olunmuş ərazilərə rahat daxil olurdular ki, hazırda bu imkanı itiriblər. İndi də Ermənistanla quru sərhədin itməsindən çəkinirlər. Ermənistan da təkidlə Zəngəzur dəhlizini qəbul etmək istəmir. Deyir ki, orada kommunikasiyalar ümumi açılmalıdır, bizdə artıq xətlər var və Azərbaycanla Naxçıvan arasında əlaqənin qurulmasına qarşı çıxmırıq. Amma məntiqlə baxsaq, 9-cu maddəyə görə Ermənistan Naxçıvanla Azərbaycan arasında ən qısa optimal yolu təmin etməlidir ki, bu da Mehridən keçir. Sözsüz ki, Ermənistanın hüquqi baxımdan mövqeyi əsaslı deyil. İndiki şəraitdə çalışır ki, buna etiraz etsin. Düşünürəm ki, ümumi çətinliklərə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizi istiqamətində məqsədinə çatacaq".



Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər