Ru
11:45 / 21 Sentyabr 2022

İranı çalxalayan qətl... - Hicabla bağlı qaydalar dəyişəcək? - Şərh

2439
"22 yaşlı gənc Məhsa Əminin faciəli şəkildə qətlə yetirilməsi İrandakı 43 il bundan əvvəllki ənənələrin davamıdır".


Bu fikirləri Bakupost.az -a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İranda baş örtüyünə görə öldürülən Məhsa Əmini haqqında danışarkən deyib.


Sədrəddin Soltan hesab edir ki, qadınların rejimin qoyduğu hicaba qarşı çıxması yeni hadisə deyil:



"1979-cu il inqilabından sonra İranda komitə quruldu. Bu komitə yeni hakimiyyətə gələnlərin qoyduğu qaydaları pozanlar haqqında məhkəməsiz edam hökmü çıxarıb öldürürdü. İndiki prezident İbrahim Rəisi həmin o komitənin üzvlərindən olub. Son zamanlar İranda hicabla bağlı müəyyən yumşalma hiss olunurdu və xanımlar bir qədər sərbəstləşmişdi. Saçlarını, tellərini qismən göstərə bilir, yaylığı çox da bərk bağlamırdılar. Bu xanım Məhsa Əmini də geyim qaydasını o cür pozanlardandır. Baş örtüksüz olmayıb, amma baş örtüyü ilə bağlı İranın 43 il əvvəl qoyduğu qaydaları pozub. Bildiyiniz kimi, orada da bir əxlaq polisi var. Həmin qurum hicab qaydalarını pozanları, İran hakimiyyəti əleyhinə danışanları tutub tənbeh edir. İranda bir bədbəxt hadisənin dəstəklənməsi kimi ənənə var. 1979-cu il inqilabı 1978-ci ildə baş vermiş hadisələrin davamı idi. Məsələn, bir nəfəri öldürürdülər, öldürülən həmin adamın 40 mərasiminə qədər aksiya davam edirdi. Bu isə get-gedə cəmiyyətdə etirazları artırırdı".


S.Soltan qeyd edib ki, Əmininin ölüm hadisəsi 1979-cu il inqilabından sonrakı hicaba qarşı etiraz aksiyalarını xatırladır:


"Bu, 1998-ci il və sonrakı prezident seçkilərində də özünü göstərmişdi. Xanımlar hətta üst paltarlarını belə çıxarıb, hakimiyyətə nifrət və etirazını bildirdilər. Hətta ölkə liderlərinin fotolarını belə yandırdılar. O dövrdə qadınlar bir ilə yaxın rejimin qoyduğu hicab qadağasına etiraz etdilər. Eyni zamanda çoxlu sayda qadınlar öldürüldü. İndi İran hakimiyyəti bu hadisədən qorxmağa başlayıb. Hökumət başçısı İbrahim Rəisi Əmininin ölümü ilə bağlı işin araşdırılmasına dair komissiyanın yaradılmasına göstəriş verib. İran parlamentində bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Bir sıra deputatlar iddia edir ki, ölkədə qanunları pozub, rüşvətxorluqla məşğul olanlar adi hicab qaydasına görə bir xanımın ölümünə fərman veriblər. Əvvəlki hadisələri nəzərə almaqla ehtimal etmək olar ki, İranda sosial hadisələrlə bağlı, o cümlədən hicab məsələlərilə bağlı etiraz aksiyaları güclənəcək. Bunun üçün İranda çox ciddi zəmin var".

Fərid
Baku Post
Şərhlər
  • İNSAN

    Pozğunluğu təbliğ edənlər cəzalanmadıqda, vəziyyət Azərbaycandakı kimi olur!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər