Ru
14:59 / 05 Oktyabr 2022

İranın hərbi hədələrinə Bakıdan cavab - Tehrana qarşı yeni güc mərkəzi yaranır

8337
Sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra beynəlxalq güclərin Cənubi Qafqaza diqqəti daha da artdı.


Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün həm hər iki ölkənin rəhbərliyi, həm də beynəlxalq güclər tərəfindən diplomatik müstəvidə səylər davam etdirilir. Hətta Ermənistan mediası bir həftədir ki, sabah Nikol Paşinyanını sülh müqaviləsinin mətninin ilkin variantı ilə Praqaya gedəcəyini bildirir.




O da məlumdur ki, sentyabrın 27-də Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə keçirilən görüşdə əsas diqqət sülh müqaviləsi mətninin layihəsinə yönəldilib. Tərəflər bu görüşdə öz yanaşmalarını təqdim edib, konsensus variantına nail olmağa çalışıblar.


ABŞ, Rusiya və Fransa siyasətçi və diplomatlarının həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə danışıqlarında sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqları, hətta bunun üçün səy göstərdikləri də bəyan edilir. Amma o da aydın sezilir ki, tərəflər, xüsusən də Qərb və Rusiya Cənubi Qafqazda əsas söz sahibi olmaq uğrunda mübarizələrini davam etdirirlər. Son vaxtlar Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması, bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının gündəmə gəlməsi də elə bundan xəbər verir. Lakin Paşinyan hakimiyyəti özü də yaxşı başa düşür və etiraf edir ki, əvvəlki hakimiyyətlər dövründə Ermənistan Rusiyaya elə bağlarla bağlanıb ki, münasibətlərdəki kəskin dönüş İrəvan üçün intihara bərabər addım ola bilər.


Region dövlətlərinə gəlincə, Türkiyə Azərbaycana dəstəyini davam etdirir və Azərbaycan-Ermənistan sərhəddində gərginliyin yaşanmaması üçün Ermənistanın öz öhdəlikərini yerinə yetirməli, Azərbaycanla sülh müqaviləsi imzalamalı olduğunu vurğulayır. İran isə Zəngəzur dəhlizinin açılmasını öz maraqlarına zidd hesab edir və qəti şəkildə bunun əleyhinə çıxır. Rəsmi Tehran hətta tez-tez Azərbaycanı müharibə ilə hədələməkdən də qalmır.




Məhz belə bir situasiyada oktyabrın 3-4-də İsrailin Müdafiə naziri Benyamin Qansın, Səudiyə Ərəbistanın Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan Al Səudun və Türkiyə Milli Müdafiə naziri Hulusu Akarın böyük bir heyətlə Azərbaycana səfəri diqqətdən yayınmır.


Əksər analitiklər İsrail, Səudiyyə Ərəbistanı və Türkiyənin Müdafiə və Xairici İşlər nazirlərinin Azərbaycanı səfərini məhz Ermənistan-Azərbaycan sərhədində sentyabrın 12-13-də baş verən toqquşma və İranın Azərbaycana yönələn hərbi hədələri fonunda şərh edirlər. Onu da xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı son silahlı toqquşmalar zamanı İran Azərbaycanla sərhədə 45 minlik ordu cəlb etmişdi. Bu baxımdan indiki şəraitdə İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə nazirlərinin Azərbaycana səfəri mövcud təhdidlərlə əlaqədar rəsmi Bakıya dəstək xarakteri daşıyır.


Onu da qeyd edək ki, hər üç ölkə Ermənistanla Azərbaycan arasında münaqişə dövründə daim Azərbaycanı fəal şəkildə dəstəkləyiblər. Türkiyə və İsrailin Azərbaycanla hərbi əməkdaşlığı barədə zənnimizcə, geniş danışmağa ehtiyac yoxdur. Səudiyyə Ərəbistanı isə Ermənistanla münaqişədə daim Azərbaycanı dəstəkləyib və işğal illərində prinsipual olaraq, rəsmi İrəvanla diplomatik münasibətlər qurmaqdan imtina edib.



Ekspertlərin fikrincə, İranın qətiyyətlə Zəngəzur dəhlizinə qarşı çıxmasından sonra Azərbaycan İsraillə hərbi-siyasi əməkdaşlığı genişləndirməyə qərar verib. İsrailin Müdafi naziri Benyamin Qansın nümayəndə heyəti ilə Bakıya səfəri də bunun ilk işartısı hesab olunur.





Yeri gəlmişkən, bu səfər İsrail mətbuatında da geniş şərh olunur. İsrailin "Yerusəlim Post" qəzetinin yazdığına görə, Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi, həmçinin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədindəki gərginlik fonunda Benyamin Qansın Bakıya səfərinin "vacib regional nəticələri" olacaq:

"Beni Qansın Azərbaycan prezidenti ilə görüşündə Yaxın Şərq regionundakı dəyişikliklər, həmçinin Türkiyə-İsrail münasibətlərinin bərpası müzakirə olunub" - deyə "Yerusəlim Post" qəzeti yazıb.


Məqalədə o da qeyd olunur ki, İsrailin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi bu ölkənin coğrafi mövqeyi, eləcə də Türkiyə və İranla sərhəddə yerləşməsi ilə əlaqədardır:


"Bəllidir ki, İsrail-Azərbaycan münasibətləri daha da möhkəmlənir. Azərbaycanla əlaqələr bəzilər üçün mübahisəli, hətta qəbuledilməz ola bilər, lakin İsrail üçün bu əlaqələr strateji əhəmiyyət kəsb edir".


Qeyd edək ki, İsrail-Azərbaycan əlaqələrinin möhkəmləndiyini təsdiq edən faktorlardan biri də İsraillə Türkiyə arasında uzun illərdir davam edən gərginliyin azalmasıdır. Artıq Ankara və Təl-Əviv keçmiş umu-küsüləri kənara qoyub diplomatik əlaqələri bərpa etdilər və yüksək səviyyədə danşıqlara hazırlaşırlar.





Həmçinin jurnalist Camal Qaşıqçının qətlindən sonra problemlərin yaşandığı Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri də artıq bərpa olunub və bu ilin yayında Ankaraya səfər edən şahzadə Salmanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də bunu təsdiq etdi.


Beləliklə, analitiklər hesab edirlər ki, İranın artan hədələri fonunda Türkiyənin İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməsi Yaxın Şərqdə yeni güc mərkəzinin formalaşdırılmasına yönəlib. Bu güc mərkəzi İranın bölgədə hegemonluğuna qarşı yönəlib. Eyni vaxtda İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə nazirlərinin Bakıya səfəri isə Azərbaycanın yeni formalaşan bu güc mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu göstərir.


Zaur
BakuPost
Şərhlər
  • Veteran

    Allah Xeyir Versin !

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər