Dünən axşam saatlarında İranın İsrailə raket hücumu Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. İsrail tərəfi bu addımın cavabsız qalmayacağını, "uyğun vaxtda" İrana zərbə endirəcəyini bəyan etdi. Eyni məzminlu bəyanatlarla ABŞ və digər Qərb dövlətləri də çıxış etdilər.
Qarşıdakı günlərdə Yaxın Şərqdə hadisələr necə inkişaf edəcək? İran-İsrail qarşıdurması genişmiqyaslı müharibəyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov hesab edir ki, İran bu addımı ilə İsrailin onun ərazisinə hücim etməsinə əsas vermiş oldu.
T.Zülfüqarovun sözlərinə görə, mövcud vəziyyət İranın nüvə proqramının iflic vəziyyətinə salınması üçün fürsət yaradıb:
"Bəziləri deyirlər və mən də bu fikirlə razıyam ki, İsrail İrana zərbə endirməyə bəhanə əldə etdi. Onun əsas məqsədi təbii ki, İranın hansısa şəhərləri, insanların yaşadığı ərazilər olmayacaq. İsrailin hədəfi ilk növbədə İranın nüvə layihələri olacaq. Onlar bu obyektlərlə bağlı yaxşı məlumatlıdırlar. Ona görə də İsrailin zərbələri nəticəsində nüvə obyektləri tamamilə darmadağın olunacaq".
Sabiq nazir İsrailin cavab zərbələrindən sonra İranla "Altılıq" ölkələri arasında danışıqların aparılacağını istisna etməyib:
"Bu vəziyyət əslində gələcək danışıqlar üçün zəmin yaradacaq. Bilirsiniz ki, bir çərçivə mövcud idi: İran və 6 fövqəl dövlət (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) bu danışıqlarda iştirak edirdi. İndiki vəziyyət düşünmürəm ki, danışıqların daha da fayda verməsi üçün müvafiq bir vəziyyət yaradacaq. Ona görə də müharibə deyəndə bir çoxları İsrailin İranın nüvə layihələrinə, hansısa obyektlərinə zərbə vuracağını nəzərdə tuturş Yəni, İranın nüvə proqramı bitmiş vəziyyətə salınacaq. Bu vəziyyətdən sonrakı danışıqların daha da uğurlu olması istisna olunmur. Çünki İranın indiki mərhələdə məqsədi bəlkə də nüvə proqramı yox, mövcud sanksiyalardan azad olunmasıdır. Artıq yeni bir vəziyyət yaranıb. Bu dəyişikliyi hiss etmək üçün İranın yeni prezidenti Məsud Pezeşkiyanın BMT-dəki çıxışını bir daha yada salmalıyıq. İlkin fikirlər bundan ibarətdir".
Qonşu dövlətlə İran arasında mövcud qarşıdurma vəziyyətinin Azərbaycana təsirinə gəlincə, T.Zülfüqarov bildirib ki, hələlik barədə danışmaq çətindir:
"Münaqişənin miqyası, hərbi əməliyyatlarla bağlı müxtəlif mənbələr fərqli fikirlər söyləyirlər. Köhnə bir mövqe geniş yayılıb ki, indi hərbi əməliyyatlar geniş miqyaslı müharibə deyil. Yəni 2-3 aydan bir hansısa tərəfin raket zərbələri hələ tam miqyaslı müharibə demək deyl. Ona görə də hesab etmirəm ki, indiki mərhələdə bu münaqişənin Azərbaycana təsiri barədə danışmaq doğru olar. Əgər söhbət münaqişənin ölkəmizə təsirindən gedirsə, hazırda İranın hava məkanı bağlı olduğuna görə Azərbaycandan hansısa istiqamətlərə uçan təyyarələr və yardım üçün məkan tapıblar. Bunu da bir simvol kimi görürəm. Çünki Azərbaycan bu məsələdə neytral mövqeyini saxlayacaq. İkincisi, artıq bilirik ki, bizdən şimalda və cənubda demək olar ki, müharibə gedir. Rusiya-Ukrayna müharibəsi, İranla İsrail qarşıdurmasıı... Bu baxımdan indiki dövr üçün bu neytral mövqeyi saxlamaq və kommunikasiyalar təklif etmək bizim üçün faydalı mövqedir. Hesab edirəm ki, bu mövqe davam etdiriləcək".
Zahid
BakuPost