Ru
21:00 / 04 May 2022

İranın Zəngəzur dəhlizi əndişəsinin əsas səbəbi - Zərdüşt Əlizadə şərh edir

4607
İranın Ermənistandakı səfiri Abbad Badaxşan Zuhuri, Zəngəzurdan keçəcək kommunikasiya xətləri ətrafında koridor yaratmaq İran üçün qəbul edilməzdir deyib. Təbii ki, belə bəyanat bizim üçün sürpriz olmadı.


Lakin bu bəyanatın İran və Azərbaycan arasındakı diplomatik əlaqələrə təsiri olacaqmı? Bəyanatın arxasında hansı məqsədlər dayanır?


Məsələ ilə bağlı Bakupost.az -a Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə açıqlama verib.


Onun sözlərinə görə İranın, iki ölkə arasındakı hansısa razılaşmaya müdaxilə etmək ixtiyarı yoxdur:


“Bu açıqlamanı eşidəndən sonra insanın beyninə belə bir fikir gəlir. Ermənistan Zəngəzur dəhlizi statusuna razı olarsa, İranın hansı imkanları var ki, buna mane olsun? Diplomatik və hərbi baxımdan İranın ixtiyarı yoxdur ki, iki və yaxud üç ölkə arasında olan hansısa razılaşmaya müdaxilə etsin. Dəhliz məsələsi əsasən Azərbaycana aid deyil, Rusiyaya aiddir.


Rusiya istəyir ki, Ermənistanın əsas iqtisadi sahələrinə, Laçın dəhlizilə yanaşı, həm də Meğri yoluna nəzarəti ələ alsın və torpaq zolağı dəhliz statusu qazansın.


Rusiya da həmin zolağın hüquqi təminatçılarından biri olsun. Azərbaycana üçün dəmir yolunun, şose yolunun hüquqi statusunun əhəmiyyəti yoxdur. Əgər Ermənistanla münasibətlər tənzimlənəcəksə onlar gəlib bizim torpaqdan keçəndə, eyni zamanda biz onların torpağından keçəndə tranzit haqqı verəcəyik. Bütün Avropa ölkələri kimi biz də bu cür edəcəyik. Məsələn, Ermənistan qatarları bizim ərazimizdən keçəndə tranzit haqqı ödəyəcəklərsə, bizim də qatarlar, maşınlar Meğri yolu ilə Naxçıvana gedəndə pul ödüyəcəklər. Əgər baş-başa prinsipi ətrafında razılıq olmasa, hər km-ə görə pul götürülsə, Ermənistan Azərbaycandan keçəndə təxminən 500 km yol gedəcək və o qədər pul ödəyəcək. Bu da Azərbaycana gəliri gətirəcək. Belə bir şəraitdə İranın belə bir bəyanat verməsi yalnız onu göstərir ki, mən də varam, mənimlə də hesablaşın. Amma işlər elə gətirib ki, İranla hesablaşan yoxdur”.


Z. Əlizadə Zəngəzur dəhlizinin İran üçün əhəmiyyəti haqqında da danışıb:


“Bu dəhlizin İran üçün əhəmiyyəti ondan ibarətdir ki, paralel olaraq İran ərazisindən yol çəkiləcək. Bu da İran Azərbaycan münasibətlərinə aiddir və Ermənistana heç bir aidiyyəti yoxdur. Yəni, İranın Ermənistandakı səfirinin bəyanatı tamamilə mənasızdır. Bildirmək istəyib ki, mən də varam və geosiyasi məsələlərə münasibət bildirə bilərəm. Bu o qədər də ciddi bir addım kimi qəbul edilməməlidir. Ölkələr arasında münasibətlər dövlət başçıları və Xarici İşlər nazirləri arasındakı münasibətlərlə tənzimlənir. Hanasısa deputat, səfirin dediyi sözün heç bir əhəmiyyəti yoxdur”.


Politoloq Ermənistanda Paşinyan əleyhinə mitinqlərə də diqqət çəkib:


“Paşinyanın Ermənistanda böyük problemləri var. Rusiyapərəst qüvvələr çalışırlar ki, Ermənistan-Azərbaycan arasındakı münasibətlər tənzimlənməsin, iqtisadi, siyasi və diplomatik əlaqələr qurulmasın. Ona görə də vəziyyəti laxladırlar. Ermənistanın milli mənafeyi tələb edir ki, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qursun. Eyni zamanda Ermənistandakı mitinqlər Paşinyanı devirə bilməz”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər