Ru
09:25 / 07 Aprel 2022

Jirinovskinin ölümünə sevinmək - Şərif Ağayarın yazısı…

10147
Şərif Ağayar




Kimliyindən asılı olmayaraq ölən adamın ölümünə sevinməyi düzgün saymıram. Onu ələ salıb gülməyi isə etikadan kənar hesab edirəm. Lakin bir reallıq da var ki, insanın həyatı onun ölümünü şərtləndirir. Yəni necə yaşayırsansa, ona uyğun da öləcəksən, bədənin soyumamış yarlığın boynuna asılacaq.


Şair demiş, ölüm vurğu kimi düşür insanın üstünə. Onu bərkdən səsləndirir və bir anlıq diqqət mərkəzinə gətirir. Bu zaman yaxşılıqlar da, pisliklər də daha kəskin rənglərdə görünür. İllah da sosial şəbəkə əhli arasında. Axı burda hər növ insana rast gəlinir.


Məni incidən əlində qələm - qarşısında klaviatura olan adamların sadəlövh şənlənməsidir.




Jirinovskinin ölüm xəbəri ilə məzələnməyin, onu lağa qoymağın, bəzən həddi aşaraq təhqir etməyin əslində çox dərin mənalar daşıyan “alt yapısı” var. Bunun ən vacibi bizim komplekslərimizdir.



Yadınızı bir misal salmaq istəyirəm. Məşhur türkiyəli müğənni Yıldız Tilbə ali təhsil almaması ilə bağlı verilən qıcıq suallara cavab kimi belə bir cümlə işlətmişdi: “Gedib Azərbaycandan dandik bir diplom alacam...”


Bakıda Yıldız Tilbə əleyhinə bund başladı. Öz aləmində onu söyüb-batıranlar, hətta asıb-kəsənlər tapıldı. Tanınmış ictimai-siyasi xadimlərdən biri isə (o, həm də yazardır - müəl.) nisbətən mədəni davranaraq daha mütərəqqi bir təklif etdi. Dedi, Yıldız Tilbə Azərbaycan xalqından üzr istəsin! Bu zaman özümü saxlaya bilmədim. Götürüb yazdım ki, Yıldız Tilbə ilə yaxın dostam, istəyirsinizsə özünə yazım, üzr istəsin, amma məncə, problem Yıldız Tilbədən çox Azərbaycanın təhsilindədir. Zira Yıldız xanım üzr istəsə belə bizim təhsilimiz “dandik”likdən xilas olmayacaq. Bəlkə, təhsilimizi qaydaya salaq?


Düz anladınız. Nə qədər köntöy ifadə etsə də Jirinovskinin çıxışları çox zaman faktlara söykənirdi və buna görə də bizi incidirdi. Mən təhqirlərdən danışmıram. Təhqir edib heyvan adı çəkdi, ondan daha pisini deyib qarşılıq verdilər. Hərcayı sözün, hərcayı cavabı olur və bunun bizim yazımıza aidiyyatı yoxdur.


Mən başqa şeydən danışıram.

Jirinovski rus imperializminin ekvivalenti idi. Onu söymək, misal üçün, ABŞ-ı vurmaq üçün dolları cırmağa bənzəyər.


Problem bu lüzumsuz təfərrüatda deyil, 30 ildir Azərbaycanda hökm sürən rus totalitarizmindədir, Şuşa boyda tarixi zəfərdən sonra Xankəndində və Xocalıda dalğalanan rus bayraqlarındadır, addımbaşı sındırılan və təhqir olunan xalq iradəsindədir, demokratiyadan, azad mediadan, müstəqil məhkəmədən, sosial təminatdan məhrum qalan cəmiyyətimizdədir...


Hətta bütün bu tarixi fəlakətlərimizi göz önündə tutmaq və onu ən azı ayaqqabıda qalan xırda daş kimi daima hiss etmək üçün Jirinovski kimi avantüristlərə ehtiyac vardır.


Xəstəlik özünü büruzə vermədən orqanizmi daha tez məhv edir. Jirinovski böyük bəlaların patologiyası idi. Cəmiyyətimizə həkim gözü ilə baxmağı bacaranlara özü də bilmədən kömək edirdi.

Kaş Jirinovskinin sonu doğrudan da zülm və istibdadın sonu olaydı.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər