Ru
14:47 / 26 Aprel 2022

Kəlbəcərdə 20-dən çox insanı xilas edən əsgər mükafatlandırıldı - VİDEO

3465
Aprelin 16-da Kəlbəcərdə 20-dən çox soydaşımızı minaya düşməkdən xilas edən əsgər Mərdəli Aşurov mükafatlandırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə AzTV-nin reportajında qeyd olunub.


Bildirilib ki, M.Aşurov nümunəvi xidmətinə görə məzuniyyətə göndərilib.


M.Aşurov əslən Qubanın Qımıl kəndindəndir. AzTV-nin Mərdəlinin evindən hazırladığı reportajda hərbçinin gəlişinin ailəsinə də sürpriz olduğu əks olunub.


86 yaşlı nənəsi Asya Aşurova deyir ki, Mərdəli hələ uşaqlıqdan hərbçi olmaq isyəyib: “Deyirdi ki, mən əsgərliyə gedəcəyəm, komandir olacağam. Özü də vətənpərvər uşaqdır”.


Kəlbəcərdə mərdliyi ilə seçilən əsgər 3 uşaqlı ailənin böyüyüdür. Qardaşı Cəmil Aşurov Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsilini davam etdirir. Atası Fərhad Aşurov deyir ki, övladları lap əvvəldən hərbiyə meyillidir. Hərbi xidmət zamanı isə bu meyl peşə seçiminə çevrilib: “Soruşanda deyir ki, ata, heç nədən narahat olma, burada hər şey Vətən üçündür”.


Kəlbəcərin Günəşli kəndində aşkar olunan minaya gəldikdə isə, Mərdəli Aşurov hadisəni belə xatırlayıb: “Kəlbəcər sakini öz evini ziyarət etmək istəyərkən bölük komandiri müşayiət üçün məni göndərmişdi. Getdik, evin həyətinə birinci mən daxil oldum. Tank əleyhinə minanı aşkarladım”.


İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina buraya 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin ermənilər tərəfindən Azərbaycana təhvil verilməsi üçün istənilən vaxtda basdırılıb. Məqsəd evlərinə qayıdacaq dinc əhaliyə qarşı təxribat törətmək, kütləvi insan təlafatına nail olmaqdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə sıfıra bərabərdir.


Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanları da mina təhlükəsindən xilas edir. Mərdəli Aşurovla birgə qəhrəmanlıq göstərən xilaskar əsgərlər də nümunəvi xidmətlərinə görə fəxri fərmanla təltif olunublar.






Qeyd edək ki, Azərbaycanın ilk və ən qocaman televiziya kanalı olan AzTV 1956-cı il fevralın 14-də yayıma başlayıb. 24 saat yayımlanan televiziya kanalına bu gün dünyanın bir çox ölkələrində baxmaq mümkündür. Azərbaycan Televiziyasının Avropa, Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Amerika, Kanada, Orta Asiya, Gürcüstan, Şərqi Asiya və Çində müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. “Teleradio” İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV-Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya “Hot Bird” və “SESAT”, Şimali Amerikaya “Galaxy 25”, Asiyaya “Turksat 1C” peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.

2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər