Ru
20:00 / 22 İyun 2022

Kənd turizmi: bizdə niyə yoxdur? - AzTA sədrindən açıqlama

1388
Kənd turizminin inkişafı yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlıq fəaliyyətlərinin təşviqinə şərait yaradır. Bununla iş üçün Bakıya axın azalır. Kənd turizmi insanların istirahəti üçün önəmli olsa da, bu sahədə mütəxəssislərin, kadrların azlığı bu sahənin inkişafına mane olur.


Ümumiyyətlə, sözügedən sahəyə maliyyə dəstəyi varmı? Kəndə üz tutanlara dincəlmək neçəyə başa gəlir? Problemlərə baxmayaraq, dincəlmək istəyənlər kəndi seçirmi?


Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov Bakupost.az -a açıqlama verib.


O, kənd-yaşıl turizmlə bağlı görülən işlərə diqqət çəkib:





“Azərbaycanda turizmin bütün növləri inkişaf etməkdədir. Yay fəslinin ən çox turist cəlb edən mövsüm olduğunu nəzərə alsaq, yayda insanların dincəlmək üçün bir neçə alternativləri olur. Buraya çimərlik, kənd-yaşıl, müalicə-sağlamlıq turizmi misal göstərilə bilər. Azərbaycanda kənd-yaşıl turizmi üçün böyük potensial və imkanlar var. Bu turizm növü get-gedə daha çox marağa səbəb olur. Kənd-yaşıl turizmi həm sahibkarlara, həm kənd əhalisinə, eləcə də, regionun inkişafına yardım edir.
Bir ailə, yaxud turist hər hansı bir kəndə gedirsə, oradakı evdə qalır. Burada kənd təsərrüfatı məhsullarından istifadə edir, orqanik qidalanır. Beləliklə, kəndli turizmdən gəlir əldə edir. Bu da iqtisadiyyata çox böyük töhfə verir. Bu baxımdan həm xarici, həm də yerli turistlər hotellər yerinə kənd turizmini seçir.


Ə.Qurbanovun sözlərinə görə, bu sahəyə dövlət tərəfindən dəstək göstərilir:


“Həm Dövlət Turizm Agentliyi, həm Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOBİA) tərəfindən müxtəlif layihələr həyata keçirilir. Artıq kəndlərdəki qonaq evlərinin yaxşılaşdırılmasının şahidi oluruq. Dövlət Turizm Agentliyinin bu yaxınlarda açıqladığı 10 regionda müxtəlif kənd evlərinin bərpası və yenidənqurma işləri aparılacaq. Bununla həm kənd evlərinin sahibləri gəlir əldə edəcək, həm də iqtisadiyyata töhfələr veriləcək”.


İdarə Heyətinin sədri sözügedən turizm növünün rahatlığından da söz açıb:


“Ümumiyyətlə, kənd evlərinə çəkilən xərclər hotellərlə mqayisədə azdır. Kənd evləri böyükdürsə, burada bir neçə ailə rahat şəkildə istirahət edə bilir. Bu da qiymətlərdə özünü göstərir. Orqanik qida məhsullarından istifadə də bu turizm növünün üstünlüyüdür.
Kənddə müxtəlif növ fəaliyyət sahələri var. İnsanlar burada qalırsa, təsərrüfata kömək edir, həyətyanı sahə varsa, bağdakı meyvələrdən istifadə edə bilirlər. Bu baxımdan kənd turizmi çox rəngarəng və maraqlıdır. Ümid edirəm ki, dövlətin də dəstəyi ilə kənd-yaşıl turizmi gələcək dövrlərdə daha çox vüsət alacaq və xarici turistləri də ən az yerli turistlər qədər razı salacaq”.


Aynur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər