Ru
12:02 / 01 İyul 2022

Kəndli malını bazarda özü sata bilmir: inhisarçılıq var, qiymət artır - Deputat

3804
“Bu gün kəndlinin öz istehsal etdiyi kənd təsərrüfatı məhsulunu bazara çıxarıb özü tərəfindən satmağında müəyyən çətinliklər mövcuddur”.


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov deyib.


Deputat kəndlilərin müəyyən problemlərinə toxunub:




“Bu gün bazarlarda əksər satış nöqtələri eyni adamlar tərəfindən tutulub. Həmin şəxslər topdansatış ticarət məntəqələrindən, kəndlilərdən məhsulları alır, üstünə də öz əlavəsini qoyaraq satışını həyata keçirir. Yəni kəndlinin istehsal etdiyi məhsul yerində çox ucuz qiymətə alınır, sonra da topdansatış məntəqəsinə daşınaraq artıqlaması ilə bazarlara və marketlərə satılır. Bazarlarda və marketlərdə satışı həyata keçirənlər isə bu sahəni inhisarına alıb. Nəticədə malın son qiyməti ilkin qiymətindən 3-4 dəfə baha olur”.


Millət vəkili kəndlinin birbaşa bazara yolunun açılmasına imkan yaradılmalı olduğunu qeyd edib:


“Düzdür, bazarlar, marketlər özəl mülkiyyətdədir və bazar sahibi istədiyi adama satış nöqtələrini icarəyə verə bilər, lakin bazarlarda həmişə eyni adamlar olduğundan qiymətlər rəqabətliliyin yaranmasına imkan vermir. Bazar işlədən sahibkarların qarşısında tələb qoyulmalıdır ki, kəndlilər öz məhsullarını birbaşa bazarada satışa çıxara bilsin. Bunun üçün bazarda kənd təsərrüfatı məhsullarını satan şəxslərə malın özü tərəfindən istehsal edildiyi haqqında yerli bələdiyyədən və ya icra nümayəndəsindən arayışın alınması tələbi qoyulmalıdır. Arayışı olmayan mallar isə ümumi bazarlara buraxılmamalıdır. Bu yolla bazarlardakı qiymət inhisarçılığını aradan qaldırmağın mümkün olacağını düşünürəm”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər