Ru
13:15 / 22 Noyabr 2022

Kiçik mühərrikli avtomobillər niyə sığortalanmır? - Sığorta anarxiyası - ARAŞDIRMA

4879
Bir müddətdir ki, icbari sığorta üzrə agentlərə komissiya verilmədiyi üçün sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığortalamaqdan yayınır.

Bakupost.az xəbər verir ki, hətta bəzi şirkətlər kiçik mühərrikli avtomobillərin sığortasını onlayn qaydada bloklamağa başlayıb.

Məlumat üçün bildirək ki, 2011-ci ildə “İcbari sığorta haqqında” Qanun qəbul edilib. Bu Qanun yol-nəqliyyat hadisələri zamanı sürücülər, zərərvuran və zərərçəkən tərəflər arasında yaranan münasibətlərin sivil qaydada tənzimlənməsində böyük rol oynayır. Lakin bir müddətdir ki, kiçik mühərrikli avtomobillərin icbari sığortası problemə çevrilib.


Sığorta agentlərinə 2000 kub/santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmaması tapşırılıb. Onlar bu tələbə əməl etmədikdə, sığorta şirkətləri tərəfindən cərimə olunur. Şirkətlər sığorta agentlərinə bildirib ki, onlar kiçik mühərrikli avtomobillərə görə agent komissiyası ödəməyəcək. Qanunla agent komissiyası sığorta haqqının 15%-ni keçməməlidir. Amma bəzi şirkətlərdə bu göstərici 30-35%-ə çatır.




Məsələ ilə bağlı İcbari Sığorta Bürosundan Bakupost.az -a verilən açıqlamada da heç bir sığorta şirkətinin müştəri tələbindən imtina edə bilməyəcəyi deyilib:

“Sığorta sektoruna nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir. Sığorta şirkətlərinin fəaliyyəti və vətəndaş şikayətləri ilə bağlı məlumatlar bankın mərkəzi xəttinə daxil olur. Qanunvericiliyə əsasən, heç bir sığorta şirkəti ona müraciət edən vətəndaşın istəyindən imtina edə bilməz”.




Mövzu ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Əkrəm Həsənov bu halları sığorta şirkətlərinin sığorta haqlarını mənimsəmək istəyi ilə əsaslandırıb:


“Sığorta şirkətləri öz statistikalarına əsaslanaraq hesab edirlər ki, kiçik mühərrikli avtomobillər daha çox qəza törədir və ya qəzaya səbəb olur. Onlar əsasən, taksi xidməti göstərdiklərinə görə daim yollarda olurlar, tələsik sürürlər. Ona görə də qəza halları çox olur. Təbii ki qəza hallarına görə sığorta şirkətləri sığorta ödəməli olur. Bu da onların xərclərinin artmasına səbəb olur. Sığorta şirkətlərinin ən böyük arzusu odur ki, müştərilərdən sığorta haqqını toplasınlar, amma heç bir hadisə baş verməsin. Onlar da sığorta ödənişi etməyib, ödənilən sığorta haqlarını ciblərinə qoysunlar. Lakin söhbət avtomobillərin icbari sığortasından gedir. Qanun məcbur edir ki, insanlar avtomobillərini sığorta etdirsin. Heç bir sığorta şirkəti potensial müştəri ilə bu müqaviləni bağlamaqdan imtina edə bilməz. Əgər bundan yayınırsa, müştərilər Mərkəzi Banka və məhkəməyə müraciət edə bilər”.

Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, mühərrik həcmi 1500 kub/santimetrədək olan avtomobillərin sığorta haqqı 50 manatadək, 2000 kub/santimetrədək olan avtomobillərdə isə 75 manatadək təşkil edir. Sığorta şirkətinin verdiyi təminat isə istənilən mühərrikli avtomobil üçün 5000 manat təşkil edir.

Sığortasından imtina olunan avtomobillər isə aşağıdakılardır:

Azsamand/ Bütün modellər
Khazar/Bütün modellər
Daewo/BS090 avtobus, Gentra,
Damas Yük
Qoşqu və yarımqoşqular/bütün növ
Fiat/Albea
Hyundai/Country avtobus
İsuzu/Ecobus, SAZ NP 37 avtobus
Kia/Forte
London Taksi/Bütün modellər
MG/bütün modellər
Ravon/Bütün modellər
Renault/Megane, Tondar
Saipa/Bütün modellər
ZAZ
GELLY
Baic
Dong Feng
Tofaş
Changan
Renault
Toyota prius
Chevrolet Cruze 2016-dək
Toyoto Prius 2016-dək
Ford Fusion 2016-dək
Kia Rio 2016-dək
BMÜ 3-cü seriya 2001-dək
Mercedes Benz C Class 2001-dək
Mercedes Benz 190
Opel Astra
Opel Vectra
Saipa
Daewoo Nexia və Gentra
İran Khodro
London Taksi
Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər