Ru
15:05 / 05 May 2022

“Kimsə polis forması geyinib dilənçilik edə bilər?!” - Qarabağ qazisi

3091
Vətən müharibəsindən sonra bəzi mülki şəxslər qazi adından istifadə edərək dilənçilik edir, hərbi forma geyinərək bu addan sui-istifadəyə yol verirlər. Bu cür hallar gün keçdikcə çoxalır.


Bəs bunların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?


Məsələ ilə bağlı Bakupost.az -a “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu açıqlama verib.


O, bu halların yolverilməz olduğunu və məsələ ilə bağlı qanunvericilikdə ciddi boşluqların mövcudluğunu vurğulayıb:


“Qarabağ qaziləri” İctimai Birliyi olaraq bu halları pisləyirik. Amma təəssüf ki, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsi dövründə bu hallarla rastlaşdıq. Bunların əksəriyyətini qaraçılar edir. Onların peşələri dilənməkdir. Bununla mübarizə hazırkı vəziyyətdə çox çətindir. Çünki qanunvericilikdə ciddi boşluqlar var. Qazilərin şərəf və ləyaqəti dövlət tərəfindən qorunmalıdır. Türkiyədə şəhid ailələri və ya qaziyə olunan hörmətsizlik dövlətə qarşı olmuş kimi qəbul edilir. Qazilər, şəhid ailələri, müharibə veteranları ilə bağlı ciddi qanun qəbul olunmalıdır. Onların adından, formasından, digər məqamlardan istifadə etmək yolverilməzdir. Şəhidlik, qazilik dövlət atributudur. Dövlətin bayrağı, himni nədirsə, qazi və şəhidlər də odur. Bayraq və himnə qarşı həqarət necə qəbul olunursa, şəhid və qazilərə qarşı olunanlar da elə qəbul olunmalıdır. Məncə, məsələnin kökü buradadır. Bu məsələni həll etsək, qaraçı, yaxud dilənçilər bu addan istifadə edə bilməyəcək. Edəcəyi təqdirdə xırda cərimələrlə yox, qanunun sərt üzü ilə rastlaşmalı olacaqlar”.



R. Kərimoğlu şəhid və qazilərə diqqətin artırılmalı olduğunu bilidirib:


“Əvvəllər, hələ “Qarabağ Əlilləri Cəmiyyəti”nin vaxtında bizim bir qrupumuz var idi. Qazilərin adından dilənən, idarə müəssisələrinə gedib reketlik edən şəxslər olurdu. Biz onları araşdırıb cəmiyyətə dəvət edirdik. Araşdırıb qazi olmadığını öyrəndikdə onlara bu məsələnin nə qədər həssas olduğunu söyləyirdik. Onlarla mehriban, normal danışırdıq, bir daha bu yola getmirdilər. Artıq bunu edə bilmirik. Çünki indi dövlətin müəyyən strukturları daha peşəkar, daha aktivdir. İndi şəhidlər, qazilər haqqında məlumat bazası formalaşır. Şəhidlərin, qazilərin siyahısı var. Dərhal araşdırma aparmaq, yoxlamaq daha tez olar. Bu işi dövlət strukturları aparmalıdır. Digər tərəfdən, biri polis forması geyinib bunu edə bilərmi? Yox. Çünki dərhal cinayət məsuliyyəti kimi qəbul olunur. Amma kimsə hərbi forma geyinib dilənçilik etdikdə heç nə baş vermir. Müharibədə olmayıb, hərbi forma geyinib belə davrananlara qarşı ciddi tədbir görülməlidir. Bu tədbir də qanunla tənzimlənməlidir. Şəhid, qazi adından sui-istifadə edənlərə cəza tətbiq olunmalıdır. Söhbət müharibədə olmayan şəxslərdən gedir. Ümid edirik ki, Milli Məclis və hüquq-mühafizə orqanları bununla bağlı düşünəcək və qanun çərçivəsində tədbir görüləcək”.








Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər