Ru
09:13 / 30 Avqust 2022

Kişi olan şəxs minə bilmədiyi dayçaya axsaq deməz…

11829
Mətbuat Şurasının sədri Əflatun Amaşov vəzifəsindən ayrılacağı ilə bağlı xəbərlər yayıldıqdan sonra özünün Feysbuk hesabında romandan parça paylaşıb.


Bakupost.az həmin paylaşımı təqdim edir:


Çapa hazırladığım "Qoşa Qarın adamları və şeytanları" romanımdan:


DÖRDÜNCÜ FƏSİL

Adama elə gəlir ki, Qoşa Qarın heyvanları ölmürlər. Birisi dünyadan köçən kimi həmin adda başqası peyda olub onun yerini tutur, elə həminki görkəmdə, eyni boyda, eyni buxunda. Qanığın nəslindəndisə, mütləq heç vaxt yatmayan dik qulaqlarının arxasından başlayan ağ, bir az da sarımtıla çalan zolaq onun döşünü və qarın nahiyyəsini örtərək qara rəngə elə fon verir ki, sanki ilahinin yaratdığı səkkizinci möcüzədir, üstəlik duruşu da, baxışı da canavar görkəmində. Yox, əgər Dəli Düyənin törəmələrindəndisə, mütləq qabaq ayaqları hündür, qulaqları böyük və çevik olur, bədənini xallar örtür, çətin ayıra biləsən maraldan.

Adamlar da itirdiklərinə kədərlənə-kədərlənə tezcə də bağlanırlar yenisinə. Az keçmir, ona elə isişinirlər, elə isinişirlər, ölüyə olan sevgiləri yenisinə elə hopur ki, sanki indiki əvvəlkinin elə özüdür, bəlkə də daha kamil formasıdır. Sanki neçə gün imiş yurd yerindən geniyibmiş, sürüdən ayrılıb tək-tənha çöllərdə qalıbmış, qurd-quşun felinə uymadan canını qurtarıb yurd yerinə təzəcə qayıdıb. Sahibinə yenə əvvəlkininin sevgisini, davranışını sərgiləyir.

Bir dəfə Xəmməd Yetər qardaşı Xəmməd Alıdan bunun səbəbini soruşanda:

- Bəs bilmirsənmi, Uca Tanrı canlılara ruh paylayanda növbə itlərin imiş. Allah baxır ki, küçüklərin sayı çox, ruh az, onda bir ruhu on-onbeşinə birdən verib. Ruh da neyləsin, məcbur qalır ki, bir-bir gəzib sahiblərini yola versin... Öldü-qaldı, fərqi yoxdur, sahibləri də onların hamısına eyni it kimi baxırlar. Növbə inəklərə gəlir, onlar da elə. Bir sözlə, belə taleni bütün canlılar yaşayırlar. Məsələn, Alıöyünün Dəli düyəsi öldü, sonra Xallı peyda oldu, o da getdi, Ala düyə gəldi. Hamısında eyni ruh, eyni davranış.

- Nə danışırsan, a tufağı dağılmış, heç elə şeymi olar? - deyə Xəmməd Yetər təəccüb edəndə:
- Niyə də olmasın. İnan ki, bütün yarananlar elədir, hətta insanlar da. Görmürsən, bəzi adamlar var, bilmirsən nə diridi, nə ölü. Şaman Abanur söylüyürdü ki, elə adamlarda ruh gedib-gəlir. Dad amam ruhsuz vaxtına düşəsən, haqqında özü də bilmədən nələr danışar, ruhu qayıdanda elədiklərini böynuna almaz. Dırdı İsmeel ki var, haa, sən ki onu yaxşı tanıyırsan.

- Onu tanımıyanmı var? Allah qorusun şərindən!
- Bax, o, deyilənə görə, elədir, yəni ruhu gedib-gəlir. Ruhu bədənində olmayanda adamlara pislik etməklə məşğul olur. Onu da söylüyürlər ki, NKVD-yə Qoşa Qardan yollanan donosların hamısını o yazıbmış. Allah-təala ona sanki sağalmaz xəstəlik verib: donos yazmadığı günün axşamı gözünə yuxu getməzmiş. Səhərisi gün ikisini yazırmış ki, bəlkə yata bildi.

Deyilənlər Yetər arvadın ağlına batmasa da, mövzu maraqlı idi. Sabah açılar-açılmaz Qoşa Qarın arvadlarını Daş Bulağın başında tutub mütləq ordan-burdan danışacaqdı. Sonra da “sözdü, məndən çıxmamış olsun” deyərək söhbəti fırladıb Dırdı İsmeelin üstünə gətirəcəkdi. Ruhunun gəlib-getdiyini, gecələr uzunu yata bilmədiyini elə ağrı ilə, elə kədərlə danışacaqdı ki, başına toplaşanlar onu gözləri yaşlı dinləyə-dinləyə Dırdı İsmeelə yazıqları gələcəkdi, atalarından, ərlərindən, oğullarından yazdığı donosları elə oradaca bir anlığa unudacaqdılar. Yetər arvad sanki bununla həm də özünə haqq qazandıracaqdı ki, niyə çox-çox illər əvvəl, özünü yeni-yeni tanıyan vədələrində Dırdının eşqini gözündə qoydu, həyatından da elə yarıdı ki, qardaşının evində qarıyıb qaldı... O vaxtdan nə qədər sular axıb gedib. Bəlkə anasının sözündən çıxmasaydı, Dırdıya arvad olsaydı, xoşbəxt olardı. Onda donosbazlıq Dırdının heç yadına da düşməzdi. Dəfələrlə olmuşdu ki, yolda-izdə Dırdı gözünə dəyəndə, barəsində hansı ağzıgöyçəkdən nəsə eşidəndə onun o vəziyyətə düşməsində Xəmməd Yetər özünü də günahkar sayırdı. Neyləmək olardı ki?

Adəti üzrə adamların içində özünü canıyanan göstərmək üçün sifətinə ciddi görkəm verib:

- Görürsünüz şeytanların gücünü. Beçərə neyləməliydi ki? Ruhunun olmayan vaxtı o ifritələr içinə elə girirlərmiş ki, yazıq bilmirmiş neyləsin. Bəlkə də elə kağızı, qələmi özləri gətirib qoyurlarmış qabağına.
- Yaman qahmar çıxdın, haa, Dırdıya. Yazığı dəli-divanə elliyif çöllərə salan da sən, indi rəhmi gəlib əl-üzünü yuyan da sən, - bunu Dırdı İsmeelin yaxın qohumu olan yaşlı qadın söylədi. O, bayaqdan dolu səhəng altında başını bulaya-bulaya Yetər arvadın qurduğu səhnəyə tamaşa edirdi. Axırda dözmədi, əlini yelləyib:
- Çox asıb-kəsmisən, Xəmməd qızı, bir irtməyini uzatmağın qalıb, onu da görərik, inşallah, - deyib sərt baxışla onu süzdü və belindəki səhəngin ipindən bərk yapışıb yelli addımlarla uzaqlaşdı.

Bulaq başındakılar Dırdı İsmeelin qohumunun ehyamını başa düşüb gözləri yaşlı-yaşlı qımışdılar. Xəmməd Yetər özünü görməməzliyə vurdu, ikilikdə olsaydı, yəqin ki, ciyərini çıxardardı, guman ki, bunu sonraya saxladı. Amma Dırdı İsmeellə bağlı sözləri bulaq başında olanları bərk tutdu, həmin gün onlar Dırdı İsmeeli görəndə çəkinə-çəkinə, həm də hörmətlə salam verdilər. O da elə bilirmiş ki, Qoşa Qarın arvadları onu bağışladılar, günahından keçdilər. Xəmməd Yetərin sözünün gücü sabaha qədər qalmazmış. Yenə onu görənlər yanından salamsız-kalamsız ötərlərmış...

Dırdı İsmeel ilk günahını cavanlığında eləmişdi. Gərək heç Yetər üçün dəli-divanə olmayaydı, nənəsini dalınca elçi göndərməyəydi. Yoxsa indiyə kimi əməlli-başdı adam kimi qalardı, el arasında hörməti-izzəti olardı. O zamanlar Qoşa Qarda az-az adam tapılardı ki, rus dilini onun kimi bilsin. Doğrudan da rusların özləri kimi danışırdı, bəlkə bu onun şəhərdə o dildə məktəbə getməsi ilə bağlı idi, bəlkə də istedad paylananda Tanrının xoş vaxtına düşmüşdü. İstəsəydi, böyüyəndə özü üçün bir kontor açardı, ərizə, şikayət yazdıran kim, məktub oxudan kim. Qazancı nəyinə çatmazdı? Nə isə...

İddiası böyük idi, bəxtindən uşaqlıqdan arzuladıqları gözündə qaldı. Onu himayəyə götürən dayısı ağır xəstəlikdən qalxmayanda o, kor-peşman anasının üstünə Qoşa Qara qayıtdı... Nə gəldisə başına, elə onda gəldi. Vəlini aşağılamaq məqsədilə Alıöyündən olan tay-tuşları ilə mübbahisəyə girib Göy Qayanın Vəlinin özünü atdığı yerə qalxarkən, kələ-mayallaq yıxılması, onurğasının qırılıb uzun illər türkəçarədən sonra əyri bitib ona qozbel görkəmi verməsi də ədasından oldu. Elə qozbel çağlarında da Yetəri Daş bulağın üstündə görüb bir könüldən min könülə vuruldu. Kaş ki heç görməyəydi. Bax, onda nənəsini onun dalınca göndərmişdi. Elə onda demişdi Xəmməd Alı:
- O it küçüyünə mən bacı vermərəm.
Söz İsmeelin nənəsini yaman tutdu. Elə bil ki, qızını, yəni İsmeelin anası hələ balaca olub ərə getməyəndə onu görmək üçün gecəli-gündüzlü döqqazlarının ağzında yatan Xəmməd Alı deyildi. Sanki hər rastlaşanda onun daşıdığı yükü zorla əlindən qapıb evlərinə qədər aparmırdı, nədi-nədi bircə dəfə qızını uzaqdan görsün.

Dırdı İsmeelin nənəsi hələ də özünü Qoşa Qarda qərib sanırdı, indi-indi isinişirdi buraların huyuna-xəsiyətinə. Ona görə də qızını Xəmməd Alıya verməyə hazır idi ki, o yazıq da qəribliyə düşməsin, bir şey olanda əli üstündə olsun. Ancaq uşağın gözü başqasını tutubmuş. Tiflisdə yaşayan dayısı ilə Qoşa Qarın əl çatmaz, ün yetməz dağlarına ova gəlibmiş. Günlərin birində anasından da xəlvət ona qoşulub ilim-ilim itib. Nə vaxtsa tənbələmtək, yanında da bir uşaq – həmin bu İsmeelin hələ dırdı olmadığı vaxtları, Qoşa Qarda peyda olub. Xəmməd Alı neyləməliydi? Heç özü də bilmədi. Qızı baş götürüb gedəndən sonra sanki heç anasını tanımırmış. Elə o vaxtdan bəri ilk dəfə idi ki, üz-üzə gəlmişdilər.
- Kişi olan minə bilmədiyi dayçaya axsaq deməz. Kül başıma, kişi bilirəmmiş səni, - deyə Dırdı İsmeellin nənəsi Xəmməd Alının düz gözünün içinə baxdı. Xəmməd Alı bilmədi neyləsin. Heç sifətinə tüpürcəyin necə yapışdığını da bilə bilmədi. Özünə gələndə Dırdı İsmeellin nənəsi artıq döqqazı güllə kimi keçirdi.

Nənəsi Xəmməd Alının dediklərini Dırdı İsmeelə beləcə çatdırdı: o it küçüyünə mən bacı vermərəm. Ona qədər Dırdının içindəki boşluq elə böyük, elə dərin idi ki, nəinki onu doldurmaq, heç miqyasını belə təsəvvürə gətirmək mümkün deyildi. Bir yandan ilk sevgisinin daşa dəyməsi, üstəlik də it küçüyü sayılması. Hər şeyi Allahından gördü, onu yanına aparan, oxudan dayısının ölümünü də, Göy Qayadan yıxılıb qozbel olmasını da, talesiz bəxtini də. Yaradanından intiqam almaq üçün onun yaratdıqlarına böhtanlar yağdırmaqla özünə toxtaqlıq tapdı. Təcrübəsi də vardı. İlk donosunu atasından yazmışdı, özü də düz yuxarıya. Onda şəhərin Ortaçala deyilən yerində yaşayırdılar. Daha doğrusu Dırdı hələ dünyaya gəlməmişdən xeyli əvvəl anası atasına qoşulub bura gəlin gəlmişdi. Qoşa Qarda hamı onu şəhərli sanırdı, amma o, Qoşa Qara elə isinişmişdi ki, şəhərin dar küçələrinə alışa bilmədi, kiçicik daxmada sıxılıb qaldı, ərinin .... səsi tez-tez divar qonşuları Haykanuşun evindən gələndə içini şübhələr diddi.

İsmeel məktəbə burda getdi, özü də rus məktəbinə. Zirək idi, tezcə də hərfləri öyrəndi, yaşlı qonşuları ona məktublar yazdırdılar, cavablar oxutdular... Bir gün anası, Haykanuşun üstündə atası ilə sonuncu dəfə mübahizə elədi, hirsindən kişi tumarına həsrət saçlarını yoldu, iti dırnaqları ilə yaşa bələnmiş sifətini cırıq-cırıq elədi, mübahisə davaya çevrildi, aldığı zərbələrdən anasının sifəti, qolları kömürdən seçilmədi. Atası səhərisi evdən çıxan oldu, axşam evə qayıtmadı. Amma gecə yarısı .... səsi yenə Haykanuşun evindən gəldi. İsmeelin atasına nifrəti o qədər böyük idi ki, anasına qarşı onun bu hərəkətini cavabsız qoymaq istəmədi. Özünün balaca ağlı ilə xeyli fikirləşdi, nəhayət atasının döşəmənin altında özü üçün düzəltdiyi saxlanc yerindən menşevik biletini çıxardı, məktəbli dəftərindən bir vərəq cırıb nə isə yazdı, bileti də ona büküb mağazadan aldığı zərfə qoydu və yuxarılara göndərmək üçün hamamın yanındakı poçt qutusuna atdı. Bir neçə gündən sonra gecə yarısı qara rəngli maşında dörd nəfər qara paltarlı adam gəlib Haykanuşun evindən atasını tapdılar, qolunu bağlayıb gəldikləri maşına mindirdilər. Elə bu vaxtacan da nə öldüsündən, nə qaldısından xəbər yoxdur...

Qoşa Qarda bir başı papaqlı qalmadı ki, Dırdı İsmeel onun barəsində yazmasın. Elə indi də NKVD-nin arxivindəki qalaq-qalaq donoslarından Qoşa Qarın həmin dövr üçün mükəmməl şəcərə quruluşunu müəyyənləşdirmək olar: Qoşa Qarda təqribən neçə başıpapaqlı yaşaylb, kim nə işlə məşğul olub, quruluş üçün kimlər təhlükəliymiş. Donoslar rus dilində o qədər mükəmməl yazılırdı ki, NKVD-dəyə elə birinci donos çatanda onun yalnız bir qoşa qarlıya məxsusluğuna əmin idilər. Dırdı kimi savadlılar demək olar yox idi və bunu yuxarıdakılar bilməmiş deyildilər.

O dövrlər pantürkizmə qarşı mübarizənin qızğın çağlarıydı. Hətta ana dilini sevdiyinə görə adama sorğusuz-sualsız elə bir damğa vurardılar ki, ayılanda özünü Qazaxıstanın kimsəsiz çöllərində tapardın. Bir sözlə, Dırdı İsmeel çox ailələri başsız qoydurdu, günahsız oğulları doğmalarınından ayırıb Qoşa Qardan sürgün etdirdi, isti ər nəfəsinə həsrət qalan gəlinlər övladlarını dul böyütmək məcburiyyətində qaldılar.

Dırdı İsmeel elə indi də kəndin kənarındakı daxmasında yalqız yaşayır. Deyilənə görə, o vaxtlar Qoşa Qarın Dırdının dul qoyduğu arvadları rəhmə gəlib onu susuz, yeməksiz qoymurlar. Kim bilir, bəlkə də cavanlıqlarından həmişə yollarını gözlədikləri ərlərinin qoxusunu Dırdıdan alırlar. Dediklərinə görə, elə indi də yatağının böyründə kağızı, qələmi əksik olmur.
Xəmməd Yetər bir ruhun Allah tərəfindən bir necə heyvana verilməsi, adamlarda ruhun gedib-gəlməsi məsələsini Qoşa Qarla bir elədi. O, “yeniliyə” elə bir ciddiyyət qatdı ki, sanki dünyanın hansısa tanınmış alimi bu kəşfə görə Nobel Mükafatına layiq görülüb. Xəmməd qızını eşidəndən sonra adamların öz heyvanlarına münasibətləri dəyişdi, elə bil ki, boylarını söydükləri buzovlar, danalar, düyələr, yelin-yelin süd verən inəklər, küçüklər, itlər, dayçalar, atlar, hətta yurd yerinə şığıyıb toyuq-cücəni bir-bir dənləyən çalağanlar da gözlərində başqalaşdılar. Elə özündən şübhələnən də oldu, o, ruhunun tək sahibidirmi, yoxsa kiminləsə eynisini bölüşür? Adamlar qohum-əqrabalarından, tanış-bilişlərindən də şübhələndilər. Bəzi kişilərin içlərini qeyri-müəyyənlik diddi. Görəsən, onun arvadı tək ruhamı malikdir, bəlkə hansısa kişi onun qulağına daha şirin nəsə pıçıldayır, onu ürəyincə məst edir, o da daha çox ona uyur. Hətta bəzi qadınlar öz ərlərinin özlərinə olan münasibətini saf-çürük edə-edə qaranlıq keçmişlərində nəyisə axtarırdılar.

Hasanın da dərdi Qanıq, Qaragöz idi. Bir dəfə girəvəyə salıb Molla Ayvazdan soruşanda ki, görəsən, hardan bilmək olar, ruhun birinə, yoxsa çoxlarına məxsus olduğunu, yazıq molla xeyli susdu, bilmədi nə cavab versin. Görəndə ki, Hasan hələ də baxışlarını ondan çəkməyib, maraqla dirənib cavab gözləyir, onda:

- Bu məsələ kitablıq deyil, oğul, Xəmməd Alıdan soruşsan, yaxşıdır, daha düzgün cavab alarsan.

Hasan Xəmməd Alıdan heç nə soruşmadı. Ehtiyat elədi. Xəmməd Alı tərslik edib Qanığın və Qaragözün ruhlarının yalnız özlərinə məxsus olmasını deməyə də bilərdi. Bəs onda Hasan neyləyəcəkdi?


Həmçinin oxuyun:



Şərhlər
  • Cammat

    "cənab"amaşov sizi axsaq eşşəyə mindiriblər,30ilə yaxındırki çapırsız .Özünüzün heç xotuğa da minmək qabiliyətiniz yoxdur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər