Ru
13:04 / 17 Noyabr 2022

“Köhnə nəsil jurnalistlərin yenilərdən öyrənəcəyi çox şey var” – “Globalinfo”dan reportaj

3143
Noyabrın 15-dən Azərbaycan informasiya məkanında yeni sayt - Globalifo.az saytı fəaliyyətə başlayıb. Avqust ayından test rejimində işə başlayan sayt sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 10 gündür Globalifo.az özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlillərlə oxucuların xidmətindədir.


Elə bu səbəblə həmkarlarımızı təbrik etmək üçün saytın redaksiyasında qonaq olduq.


Globalinfo.az-ın çox da böyük olmayan, yığcam, amma rahatlığı hər halından bəlli olan redaksiyasına daxil olanda diqqətimi çəkən ilk nüans əməkdaşların redaksiyaya sığmayan enerjiləri oldu.


Kiçik bir komanda ilə fəaliyyətə başlayan Globalinfo.az-ın kollektivini əsasən gənc, amma gənc olmalarına baxmayaraq, öz sahələrində kifayət qədər iş təcrübəsi olan əməkdaşlar təşkil edir.

Azərbaycan müasir poeziyasının gənc simlarından olan Aqşin Evrəni görürəm.




Aqşin Evrən Globalinfo.az-ın redaktoru vəzifəsini üstlənib. Tural Rzayev isə daxili və xarici siyasətdən məsuldur. Enerji deposu Zaira Akifqızı sosial sahədə öz məharətini göstərəcək. Gülnar xanım isə sosial, siyasət mühitində baş verən ən son yenilikləri oxucuların diqqətinə çatdıracaq. Kollektiv şəndir, enerjilidir. Yeni və maraqlı ideyalarla informasiya məkanında ilk addımlarını atan Globalinfo.az-ı rəqabətə hazırlamaqda iddialıdılar.


Saytın baş redaktoru və təsisçisi Azər Ayxan 30 ildən çoxdur mətbuatda olmasına rəğmən, onun yeni, sıfırdan bir media orqanı təsis etməyin məsuliyyətindən doğan həyəcanını da hiss edirəm. Bu həyəcanın içərisində hər şey görmək mümkündür əslində. Sevinc, inam, peşəyə sevgi. Elə söhbətimizə də bu istiqamətdə başladıq. Yeni bir sayt yaratmaq həm də yeni bir məsuliyyətə çiyin vermək deməkdir. Amma Azər bəyin sözündən belə anladım ki, o bu barədə qərar verərkən bir an olsun tərəddüd etməyib:






“Bundan öncəki işimdən istefa verəndən sonra bir neçə versiya üzərində fikirləşdim. Təbii ki, ən əsas fikirləşdiyim sahə yenə media idi. Bilirsiniz, insanın həyatda uğurunun açarı bildiyi işlə məşğul olmasıdır. Bütün təcrübəli iş adamlarının hamısının tövsiyəsi budur ki, “hər bir insan bacardığı, bildiyi işlə məşğul olsa, daha yaxşı olar”. Təbii ki, əgər uğur qazanmağı hədəf seçibsə. Bizim də bildiyimiz iş budur. Qərara gəldik ki, iş yerimizi dəyişsək də, peşəmizi dəyişməyək”.


Bəs Globalinfo.az, sayt və xəbər bolluğunda nə ilə fəqrlənəcək, oxucuları daha çox hansı xəbərlərlə təmin edəcək?


Azər Ayxan hesab edir ki, bir informasiya saytına daxil olan oxucu orda görmək istədiyi hər şeyi əldə edə bilməlidir:


“Oxucu Globalinfo.az-da hər şey tapa biləcək. Mən siyasi yönümlü jurnalistəm. Hətta müxbir kimi fəaliyyət göstərdiyim zamanlarda da siyasi yazılara üstünlük vermişəm. Təbii ki, saytın da siyasi ağırlığı olacaq. Amma bizim əsas hədəfimiz oxucunu axtardığı hər şeylə təmin etməkdir. Necə ki, müştəri girdiyi marketdə axtardığı bir-iki şeyi tapmayanda başqa marketlərə yönəlir və bir daha həmin marketə girmir. Bizim işimizdə də prinsip belədir. Bu marketinq qaydasıdır və artıq xeyli müddətdir ki, bütün dünyada, eləcə də ölkəmizdə media marketinq qaydalarına uyğun olaraq fəaliyyət göstərir. Bizim sayt yeni ola bilər, amma təcrübəmiz fəaliyyətimiz, mövcudluğumuzun tarixi köhnədir”.


Azər Ayxan əsasən, gənclərlə, yeni imzalarla əməkdaşlığa üstünlük verdiyini deyir:


“Yeni nəsil jurnalistikada olan gənclər çox ciddi rəqiblərdir. Xəbərə baxışları, münasibətləri sözün yaxşı mənasında tamamilə fərqlidir. Düzdür, bəzən köhnə nəsil jurnalistlər yeni nəsil jurnalistləri bəyənmir. Çünki bizim nəsil jurnalistlərin yaradıcılığı kağız və mürəkkəbin sintezindən yaranıb. Bizim jurnalistika diktofon jurnalistikası, A4 kağızda redaktə olunmuş yazıların jurnalistikası, ayaqla xəbər gətirmək jurnalistikasıdır. Bundan bir dövr əvvəlki jurnalistikanın təmsilçiləri ilə bu günkü jurnalistika nümayəndələri arasında bir dünyagörüşü, texnoloji inqilab fərqi var. İndiki jurnalistika operativ, qaçan jurnalistikadır. Bizimki bir qədər arxayın jurnalistika idi. Ona görə də hesab edirəm, köhnə nəsil jurnalistlərin də yeni nəsil jurnalistlərdən öyrənəcəkləri çox şey var. Yenilər köhnələrdən, köhnələr də yenilərdən mütəmadi olaraq bir şeylər öyrənməlidir. Bu iki nəslin nümayəndələrinin bir yerdə işləməsi çox yaxşıdır, bir şərtlə ki, aralarında ziddiyyət olmasın”.


Azər Ayxan deyir ki, o, jurnalistikaya qəzetdən başlayıb:


“Amma xeyli zamandır yeni media ilə də təmasım var və onun incəliklərinə kifayət qədər bələdəm. Bilirsiniz ki, bundan əvvəl də fəaliyyət göstərdiyim media qurumda sayt, interner televiziya kimi yeni mediaya aid komponentlər var və onların idarə olunmasında, xəbər, yazı siyasətinin müəyyənləşməsində rol almışam. Ona görə də yeni nəslin nümayəndələrindən ibarət kollektivimizlə belə bir ziddiyyət yaranacağına inanmıram. Kollektivimizin üzvlərini çox sevdim. Artıq on gündən çoxdur bir damın altında çalışırıq. Hər biri çox maraqlı, yeni ideyalarla zəngin gənclərdir. Bir-birimizə çox tez uyğunlaşdıq. Aqşin Evrən kimi parlaq zəka sahibi olan bir gənc bizimlə çalışır. Aqşin bəy həm də poeziya adamıdır və düşünürəm bu da işimizə əlavə bir çalar qatacaq. Digər əməkdaşlarımız Tural Rzayev, Zairə Akifqızı, Gülnar Səlimova hər biri öz sahəsində gənc olsalar da, kifayət qədər təcrübəlidirlər. Mən onların yazılarını çox bəyənirəm. Redaktor bir yazının üzərində yarım saatdan artıq işləyirsə, deməli, artıq orda problem var. Odur ki, daha çox bu sahədə püxtələşmiş, yetişmiş jurnalistlərlə əməkdaşlığa üstünlük verirəm”.


Uzun illər informasiya məkanında yaradıcı kollektivə rəhbərlik edən Əməkdar jurnalist yaxşı xəbər saytı yaratmağın, informasiya məkanında rəqabətə dayanıqlı olmağın əsas düsturundan birinin də redaktorun güclü xəbər duyumunun olması ilə əlaqəli olduğunu deyir. Bundan başqa təcrübənin çoxluğuna arxayın olub yeniliklərə qapalı olmaqla rəqabətin kölgəsindən çıxmağın mümkünsüzlüyünü düşünür:


“Xəbəri duymaq əsas şərtlərdən biridir. Mən hərdən planlaşma iclasında uşaqlara deyirdim ki, mövzunu verəndə onun İP-sini indidən görürəm. Redaktorun yazının tirajını, oxunma sayını əvvəlcədən görə bilməsi çox mühüm məsələdir. Necə ki, bir rejissor ssenariyə baxan kimi bu ssenaridən yaxşı, uğurlu bir film çəkəcəyini görür, yeni informasiya məkanı yaratmaq da belə bir şeydir. Ola bilsin ki, bir qədər iddialı danışıram. Yəqin bu da özümə arxayın olmağımdan irəli gəlir. Bu, böyük bir bazardır, burda sənin təcrübən çox ola bilər, amma yeni bir resurs yaradıb bazara daxil olursansa, o təcrübənə və hekayənə arxayın olmamalısan. Kollektivin başındasansa, sən hamıdan çox öyrənməyə açıq olmalısan ki, saytın fərqli olması üçün yeni nələrsə qata biləsən”.




Gələcəklə bağlı xeyli planlarının olduğunu deyən Azər Ayxan Globalinfo.az-ın yeni media mühitində fərqləndirmək üçün daha çox işlər görməyin, eyni zamanda biliklərinə yeni biliklər əlavə etməyin vacib olduğunu deyir:


“Gələcəklə bağlı planlar hər zaman düşüncəmizdə var. Amma yeni başladığımız üçün hələ burda görəcək xeyli işlərimiz var. Sayta əlavə əməkdaşların cəlb olunması da planlarımıza daxildir. Çünki saytın daha çox zənginləşdirilməsinə ehtiyac var. Azsaylı kollektivimizlə hər gün müxtəlif istiqamətlərdə müzakirələr aparırıq. Vacib məsələlərdən də əlavə şeylər düşünürük, fərqlənməyə can atırıq. Çalışırıq ki çox ciddi rəqiblərimizlə baş edə bilək, onların kölgəsində qalmayaq. Uğurun hansı sahədə daha çox, daha rahat əldə olunması mümkündürsə, istiqamətimizi ora yönəldəcəyik. Çünki xəbər idman oyunu kimidir. Rəqibinə uyğun olaraq taktikanı dəyişməlisən. Bir komanda ilə oynadığın taktikanı digər komandalarla oyunda tətbiq edə bilmirsən. Biz də günə, gündəmə, aya görə fəaliyyət taktikamızı dəyişəcəyik. Elə gün olacaq xəbər saytına çevriləcəyik, elə gün olacaq analitik yazılar, maraqlı müsahibələr yayımlayacağıq. “Mütləq xəbər saytı olmalıyam” deyə bir şey yoxdur. Bəzən bir neçə gün xəbər qıtlığı olur. O zaman sən o boşluğu, qıtlığı başqa yazılarla doldurmalısan. Oxucuya nə isə verməlisən. Həmin gün oxucu xəbər tapmır, amma sənin təklif etdiyin analitik yazını, maraqlı bir müsahibəni oxuyur”.


Azər Ayxan media mühitində öz siyasi analitik yazıları ilə də xeyli oxucu auditoriyasına sahib olan jurnalistlərdəndir. Bir çox jurnalistlər rəhbər vəzifələrə keçidikdən sonra bəzən yazmaq, yaradıcılıq onlar üçün arxa plana keçir, çox zaman da yalnız idarəçi olurlar. Böyük ehtimal, bu idarəçiliyin özü ilə birlikdə gətirdiyi gərgin iş fəalliyyəti və gərəyindən artıq məsuliyyəti üstlənməyin yaratdığı zaman, vaxt darlığı məsələsi var. Amma Azər Ayxan nə qədər vaxt darlığı yaransa da, yaradıcı tərəfinin idarəçiliyin kölgəsində qalmayacağına səy göstərəcəyini deyir: “Redaktor istənilən mətbuat orqanının qara fəhləsidir. Mən özümdən belə görürəm. Əməkdaşlar saat 18:00-da gedir, amma mən bəzən onlardan 2-3 saat sonra çıxıram ofisdən. Bu belə də olmalıdır. Redaktor hamıdan tez gəlib, hamıdan gec getməlidir. İşin uğuru həm də bundadır. Mən yazmasam, özümü rahat hiss etmərəm. Hər yazıda imzam olmasa da, hər yazıda izim var və olacaq da. İdarəçiliklə yanaşı yaradıcılığımdan da qalmayacam”.


Rəqabətin çox və gərgin olduğu media mühitində yeni bir media resursunun uğurlu olmasının üç əsas şərti var: diqqət cəlb edən dizayn, performans və etibarlılıq. Operativ xəbər istehsalı və yayımlanması zamanla yarış çərçivəsində olduğu üçün son vaxtlar xəbərlərin nəzər salınmadan yayımlanması xəbərçilik etikası baxımından ciddi sıxıntılara səbəb olur. Amma bir media qurumun başında peşəkar jurnalistlər olduğu zaman bu cür xəbər kirliliyinə çox nadir hallarda rast gəlirik. Azər Ayxan 30 ildən artıqdır ki, bu sahənin öz sözü ilə desək, qara fəhləsidir. Odur ki, Globalinfo.az saytının peşəkarlardan ibarət komandasının da Azərbaycan media mühitində peşəkar sözünü deyəcəyinə şübhə yeri qalmır. Həmkarlarımıza çıxdığı bu çətin və keşməkeşli yolda uğurlar arzu edirik.



Günel Musa,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər