Ru
14:42 / 24 Noyabr 2022

“KTMT-də hamı Ermənistandan üz döndərib" - ŞƏRH

957
"Paşinyanın bu addımı ikili zərbə alması və iflasa uğraması ilə bağlıdır”.

Bunu Bakupost.az-a politoloq Tofiq Abbasov Paşinyanın ötən gün KTMT-nın Təhlükəsizlik Şurasının bəyannəməsini imzalamaqdan imtina etməsini şərh edərkən bildirib.

Politoloq Paşinyanın illərdir israrla KTMT-ni Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdlərinin əsasında onun öz hakimiyyətini möhkəmləndirmək istəyinin dayandığını bildirib:

“2016 cı ildə 4 günlük müharibə və Tovuz hadisələri zamanı Paşinyan hakimiyyəti çalışırdı ki, KTMT-ni prosesə cəlb edib Azərbaycanla qarşı-qarşıya qoysun. Çünki onlar daim özlərini guya Azərbaycanın təcavüzünə məruz qalan ölkə kimi qələmə verməyə çalışırlar. Əslində bilirik ki, bu, belə deyil. 30 ildir Azərbaycana qarşı işğal siyasəti yeridən Ermənistan qınaq obyektinə çevrilmişdi. Sağlam mövqedə olan ölkələr onları qınayırdılar. Lakin beynəlxalq təşkilatların riyakarlığına görə heç bir şey dəyişmirdi. Ona görə də Prezident İlham Əliyev həmişə deyirdi ki, “beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetmədilər və Azərbaycan öz problemini özü həll etdi”.

Paşinyan digər tərəfdən də şəxsən özünü, bir siyasətçi kimi öz postunu KTMT-nin hesabına qorumağa çalışır. Əgər onun dediyi KTMT rəhbərliyi səviyyəsində reallaşsaydı, onda Paşinyan həm də şəxsi dividendlər qazanacaqdı. Eyni zamanda KTMT bəyannamədə Azərbaycana dair təzyiqə bənzər bir şey qəbul etsəydi, o zaman Paşinyan deyəcəkdi ki, “bəli, bu bizim böyük siyasi qələbəmizdir və Azərbaycanı artıq işğalçı dövlət kimi tanıyırlar, mən bu işi görə bildim”. Ancaq hər iki istiqamətdə - həm dövlət, həm də özününün xeyrinə heç bir şey əldə edə bilmədi”.

T.Abbasov qeyd edib ki, KTMT-nin Ermənistan-Azərbaycan qarşıdurması ilə bağlı münasibəti olduqca dəqiqdir:

“İrəvandakı iclasda Putin də bunu vurğuladı ki, bu məsələnin bizə dəxli yoxdur. Yəni KTMT-nin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. İrəvan görüşünə qədər Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev də bildirdi ki, Azərbaycanla Ermənistan arasında gərginliklə bağlı məsələ KTMT-nin səlahiyyət dairəsinə daxil deyil. Yəni dəfələrlə Ermənistana bu barədə xatırlatma olub ki, bizi bu işə qatmayın. Amma Ermənistan hakimiyyəti öz həyasızlığından əl çəkmir”.

Ermənistanın KTMT-yə üzv öıkələrlə münasibətləri korladığına da diqqət çəkən Tofiq Abbaslı deyib:

“Ermənistanın daxil olduğu təşkilatda hamı ondan üz döndərib Azərbaycanla dostluq edir. Deməli, Ermənistan özü günahkardır. Deyək ki, Azərbaycanla münasibətlər pisdir, bəs axı Ermənistanın KTMT üzvü olan bütün dövlətlərlə münasibətləri də hazırda pisdir. Həm Rusiya, həm Belarus, həm Tacikistan və KTMT-yə üzv olan digər dövlətlər görür ki, Ermənistan abırsızlıq nümayiş etdirir. Ermənistan isə deyir ki, "sizdən incimişik, bizim əvəzimizdən vuruşmadınız”. Bu nədən xəbər verir? Bu, Ermənistanın, onun liderinin, siyasi qüvvəllərinin abırsızlığından, riyakarlığından xəbər verir".

Politoloq Ermənistan daxilində baş verən müxalifət-iqtidar toqquşmasına da münasibət bildirib:

“Biz gördük ki, hələ KTMT-nin iclası başlamazdan əvvəl İrəvan qaynayırdı. Qərbpərəst, anti-Rusiya meyilli qüvvəllərin hamısı meydanlarada, küçələrdə idi. Onlar həm Rusiyaya, həm də Paşinyana təzyiq göstərməyə çalışırdı. Ümumiyyətlə, Ermənistan daxilində çox cılız kürsü davası gedir. Onlar dövlət siyasətini dəyişmək əvəzinə kürsünü hədəfə çeviriblər”.

Tofiq Abbasov iki ölkə arasında sülh müaviləsinin bağlanması məsələsində Rusiyanın Qərbdən daha təmkinli mövqe nümayiş etdirdiyini bildirdi:

“Putin İrəvanda da dedi ki, mən Ermənistan-Azərbaycan qarşıdurması çərçivəsində kompromislərdən ibarət böyük zəmin görürəm və bundan istifadə edərək tərəflər sülh müaviləsi imzlaya bilərlər. Düzdür, Rusiya Qərb kimi dəqiq vaxt qoymur. Bu baxımdan düşünürəm ki, Rusiya bu məsələdə bir qədər təmkin nümayiş etdirir. Putin son çıxışında vurğuladı ki, təki siz razılığa gəlin, biz sizin qərarınızı dəstəkləyəcəyik”.

Günel,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər