Ru
13:28 / 12 Aprel 2022

Keçmiş kumirim Mirşahinə… - Cəlil Cavanşirin cavabı

64526

Yazar Cəlil Cavanşir




Mirşahinin sönmüş ulduzu və ya əskik olan kimdir?




Dövlət idarələrinin birində növbə gözləyirəm. Mühafizəçi gəlib-gedənlərlə kobud davranır, yeri gələndə yaşına-başına baxmadan qəbula gələnlərin üstünə çəmkirir. İki vulqar gülüşlü, laqeyid görkəmli, zövqsüz və parıltılı geyimləri ilə göz yoran xanım girişdə şikayətçilərin ərizə yazması və telefonla daxili nömrələrə zəng etməsi üçün nəzərdə tutulan masanı zəbt edib, heç kəsə məhəl qoymadan selfi çəkirlər. Bəli, dövlət idarəsinində növbə gözləyə-gözləyə selfi çəkdirirlər. Onların oturduğu masada əyləşib ərizə yazmalıydım. 3-4 dəfə masaya yaxınlaşdım, xanımlar dərhal özlərini məşğul göstərib, başlarını aşağı saldılar. Anladım ki, rahat yerlərindən qalxmaq, ayaq üstə növbə gözləmək istəmirlər.

Bir kənara çəkilib telefonumu çıxardım ki, növbədə hədər gedən vaxtımı gündəmi izləyərək dəyərləndirim. Bir-iki ədəbiyyat, mədəniyyət xəbərinə nəzər salmışdım ki, telejurnalist Mirşahin Ağayevlə bağlı bir başlıq diqqətimi çəkdi: “Mirşahin yazıçıları, rejissorları... “topa tutdu” ”.


***


Əvvəlcə sevindim. Düşündüm ki, Mirşahin də Yazıçılar Birliyinin, Mədəniyyət Nazirliyinin yarıtmaz fəaliyyətini tənqid edib. İllərdir bizim eşidilməyən səsimizi eşitdirmək, sənət adamlarına dəstək vermək qərarına gəlib. Yazıya baxanda dodağım qaçdı, Mirşahin yenə öz ampluasında idi. Yenə ehkam kəsir, yenə özünü hamıdan ağıllı hesab edib, öyüd nəsihət, danlaq tonunda qəzəb püskürürdü. Ürəyim ağrıdı.


***


Mirşahin mənim uşaqlığımın, yeniyetməliyimin, hətta erkən gəncliyimin qəhrəmanlarındandır. Bəli, o vaxtlar elə bilirdim ki, Mirşahin qəhrəmandır. Onun televiziyaya gəlişini xatırlayanlar yəqin mənimlə razılaşar. O həqiqətən müstəqil Azərbaycan jurnalistikasında yeni və fərqli nəfəs sayıla bilər. Xüsusilə mətnə münasibəti fərqli və özünəməxsus, tənqidi fikirləri daha kəskindi. Bir vaxtlar, onunla həmsöhbət olmaq, müsahibə almaq arzusundaydım. Xülasə, bir vaxtlar kumirim olan Mirşahin, elə hamının gözü qarşısında metamorfoz keçirdi, cəmiyyətin, xüsusilə gənclərin sevdiyi yox, söydüyü insana çevrildi. Getdikcə onu izləmək maraqsız, dinləmək yorucu gəlməyə başladı. Mirşahinə olan heyranlığım laqeyidliyə çevrildi. Xülasə, Mirşahin səhifəsi mənim üçün qapandı. Səmimi etiraf edim ki, hamı yamanlasa da, mən Mirşahinə qarşı hər zaman neytral mövqedə olmuşam, onu təhqir edənlərə də imkan verməmişəm. Çünki adamın öz işinin peşəkarı olmasına heç vaxt şübhəylə yanaşmamışam. Mirşahin bir dövrün əfsanəsidir. Bir vaxtlar ulduz olan jurnalistdən indi bir qırıq köz, çınqı qalıb. Ha üfürür, alışdıra bilmir.


Hər halda Mirşahin nə vaxtsa istedadlı, özünəməxsus jurnalist olub. Təsadüfi deyil ki, ondan sonra televiziyaya gələnlərin əksəriyyəti hələ də onu yamsılamağa çalışır. Bir sözlə, Mirşahinin peşəkarlığına, istedadına, biliklərinə zərrə qədər şübhəm yoxdur. Hazırki vəziyyətinə isə ürəyim ağrıyır. Banal yanaşmaları, özündənrazı ritorikası, ağsaqqallıq iddiası adamı sadəcə diksindirir.


***


Mirşahin rəhbərlik etdiyi televiziyada, aparıcısı olduğu "Mir Şahinin vaxtı" layihəsində yazıçıları qələbəmizdən yazmamaqda, rejissorları çəkməməkdə ittiham edib, hətta sənət adamlarını yüngülvari danlayıb. “Ümumi, mənasız yanaşmadır, hamının bostanına atılan daşa görə mən niyə narahat oluram?” – düşüncəsi ilə, köks ötürüb növbəm çatdığı üçün bürokratizmlə mücadiləyə atıldım. Bir saatlıq süründürməçilikdən sonra yenidən Mirşahin və onun səsləndirdiyi məsuliyyətsiz fikirləri xatırladım. Yazıya yenidən göz atdım və düşündüm ki, keçmiş kumirimə bir neçə kəliməlik cavab verim.


***


Mirşahin qəzəb püskürür, kin qusur: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?”
Ritorik sual olsa da, məncə bu suala cavab vermək lazımdır. Hörmətli Mirşahin bəy, “..gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar”, özünü ağıllı, çoxbilmiş, dahi sayan bataqlıq ruhlu jurnalistlərlə birlikdə şəraitə uyğun rənglərini dəyişib, zamanla ayaqlaşmağa çalışırlar. Əgər cəsarətin varsa, bunu sorğulamalısan. Yoxsa ümumi sözlərlə, nağıl danışmaqla baş qatmaq peşəkarlıq deyil. Sənin axtardığın yazıçılar sizin həndəvərdədir, sadəcə diqqətli baxmırsan.


***

Ümumiyyətlə sənət, ədəbiyyat sifarişlə yaranmır. Bunu bir vaxtlar Mirşahin də yaxşı bilirdi, indi unutsa da. Yazıçıya, şairə, bəstəkara, rejissora, ssenaristə ittiham tonunda “Niyə qələbəni vəsf etmirsən? sualını vermək vermək yüngül desək cahillikdir. Təbii ki, Vətən müharibəsi ərəfəsində, ondan sonra da bədii əsərlər yaranıb. Şəxsən mən müharibə dönəmində bir neçə şeir, müharibədən sonra da bir neçə esse, bir hekayə yazmışam. Hətta yazdığım esselerdən biri Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin əsas mükafatını alıb.

“Müharibə rapsodiyası” adlı hekayəm dərgilərdə, qəzetlərdə saytlarda yayımlanıb, “TEAS Press” nəşriyyatında “44 fəsil. Payızda gələn bahar hekayələri” almanaxına daxil edilib. Müharibədən bir müddət sonra Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizlə bağlı çəkilən “Vətən dastanı” adlı sənədli filmin ssenari müəllifiyəm. Bütün bunları ona görə qeyd edirəm ki, yazar olaraq heç nədən yaxamızı kənara çəkmirik, əgər yazmaq mümkündürsə, ehtiyac varsa, hadisələr bizi həyəcanlandırırsa, yazırıq. Yəni, yazmaq bizim işimizdir, Mirşahin bəy buna görə narahat olmasa yaxşı olar.


***


Mənə elə gəlir ki, qələbə mövzulu kifayət qədər şeirlər, hekayələr, romanlar, povestlər yazılıb. Musiqilər də bəstələnəcək, filmlər də çəkiləcək. İnanıram ki, gələcək nəsillər müharibənin ağrı-acısını bu əsərlər sayəsində daha dərindən dərk edə biləcək. Böyük qələbəni dünyaya təqdim etməyə gəldikdə isə, bunun üçün ciddi maliyyə dəstəyi olmalıdır ki, yazılan əsərlər tərcümə edilib, nəşr edilsin. Bütün bunlar isə dövlətin siyasətinə uyğun həyata keçirilməlidir. Mirşahin bəyin bütün bunları bildiyinə şübhə etmirəm.


***


Mirşahin dildən-dilə dolaşan, hamının əzbəri olan mahnılar, şeirlər, əsərlər istəyir. Ancaq unudur ki, zaman başqadır. Ciddi əsərlər nədən bəhs edirsə, etsin populyarlaşmağı çətin prosesdir. İndi yazıçılardan, şairlərdən eybəcər tonda bunu tələb etmək sənətdən, müasir gedişatdan bixəbərlikdir.


***


Mirşahin deyir: “Bəs hanı bizim “Den pobedi”miz?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?!”

Deyəsən ulduzu sönmüş keçmiş kumirim “День Победы(Zəfər günü)” mahnısının Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsindən 30 il sonra yazıldığından xəbərsizdir. Bəli, bəli. “День Победы” mahnısı Böyük Vətən Müharibəsində qələbənin 30 illik yubileyi münasibəti ilə təşkil edilən müsabiqə üçün yazılıb və müsabiqənin əsas mükafatın “Zəfər günü” mahnısının sözlərini yazan Vladimir Xaritonov, bəstəkarı David Tuxmanov alıb. Bəli, “Zəfər günü” kimi populyar, keçmiş SSRİ-nin hər yerində dinlənilən mahnın yazılması üçün 30 il lazım olub. Ən azından yaradıcı insanlar müharibə travmalarından qurtulub, qələbəni mənimsəyib, özününküləşdirə bilib. Tələm-tələsik “niyə qələbədən yazmırsan?” və ya “Yazdığın niyə populyarlaşmır, kütləviləşmir”– deyib yaradıcı insanların yaxasından yapışmaq, onları danlamaq, məzəmmət etmək sənətdən bixəbərlikdir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər