Ru
13:45 / 06 May 2022

Maaş və təqaüdləri artırmazdan əvvəl hökumətin atmalı olduğu addımlar - Ekspert rəyi

862
“Azərbaycanda rəsmi inflyasiya 2016-cı ildən bəri ən yüksək həddə çatıb”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.


Ekspert Azərbaycanda inflyasiyanı sürətləndirən amilləri açıqlayıb:


“Ümumi inflyasiya 12.2%, ərzaq inflyasiyası isə 18%-ə yaxınlaşıb. 2016-cı ildə devalvasiyadan sonra inflyasiya yüksəlmişdi. Amma indi manatın alıcılıq qabiliyyəti aşağı düşür və inflyasiya sürətlənir. Əsas səbəbi dünyada ciddi bahalaşma dalğasının olmasıdır. Əsasən də ərzaq məhsullarının qiymətində ortalama ərzaq indeksi 40%-ə yaxın artıb. Bu da Azərbaycanın idxaldan asılı ölkə olduğunu sübut edir. Ən yaxşı halda 50% ərzaq məhsuları ilə özümüzü təmin edə bilirik. Xaricdən gətirilən məhsulların qiymətinin artması, logistikanın, yəni yükdaşıma xidmətlərinin və qiymətlərinin bahalaşması Azərbaycanda da inflyasiyanı sürətləndirən amillərdir. Bu tendensiya, təəssüf ki, davamlı ola bilər”.


N.Cəfərli qeyd edib ki, qiymət artımının növbəti dalğalarını yaşaya bilərik:




“Ukrayna və Rusiya dünya iqtisadiyyatının dənli bitkilər bazarında təqribən 27%, bitki yağlarında isə 58% paya malik idilər. Yəni kənd təsərrüfatı məhsullarında kifayət qədər ciddi ixrac potensialı olan ölkələrdir. Müharibənin davam etməsi, Rusiyanın sanksiyalara məruz qalması, özünün də bəzi məhsullarının ixracına qadağalar qoyması dünyada ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Azərbaycanda da bu tendensiya yaxın gələcəkdə sürətlənə bilər və qiymət artımının növbəti dalğalarını yaşaya bilərik”.


İqtisadçı hökumətin ata biləcəyi addımlara diqqət çəkib:


“Bu addımları iki istiqamətə bölmək olar. Qısamüddətli, digəri isə uzunmüddətli addımlardır. Uzunmüddətli deyəndə, yəni istehsal artmalı, iqtisadi azadlıqlar, rəqabətli mühit yaradılmalıdır ki, daha çox məhsul istehsal etmək mümkün olsun. Amma qısamüddətli addımlar da var ki, müsbət effekt verə bilər. Yəni gömrük rüsumları ərzaq məhsullarına görə ilin sonuna kimi sıfırlana və onların əlavə dəyər vergisi, yəni 18%-lik vergidən azad olunması ilə bağlı qərar verilə bilər. Bu iki qərar olsa, bu zaman ölkədəki ərzaq bazarındakı indiki bahalaşma dalğası xeyli dərəcədə səngiyə bilər”.


Ekspert maaş və müavinətlərin artırılması məsələsinə də toxunub:


“Azərbaycanın gəlirləri artır. Maaş və müavinətləri artırmaq üçün imkanlar var. Bu il nəzərdə tutulandan iki dəfə çox valyuta gəlirimiz olacaq. Neft indi 100 dollardan da bahadır. Maddi imkanlar var. Lakin ölkədə mal və məhsul bolluğu yaratmadan sırf maaş, təqaüdlərin artımı baş verəndə, bu zaman inflyasiya sürətlənir. Yəni maaşlar artır, amma qiymətlər ondan daha çox artır. Əsas hədəf sosial vəziyyəti ağır olan insanların maaş və təqaüdlərinin, sosial müavinətlərin artımı ilə bağlı müəyyən addımlar atılmasıdır. Parelel olaraq mal və məhsul bolluğunun yaradılmasına çalışmaq lazımdır ki, bu artımlar inflyasiyaya yem olmasın. Ona görə də maaş və təqaüd artımı ilə paralel olaraq məhsul bolluğunun yaradılması vacib amilə çevrilməlidir”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər