Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasından sonra ciddi etiraz aksiyaları və tətillər başlayıb.
Tətillər nəticəsində “SNCF” milli şirkətinin qatarlarının hərəkəti pozulub, Paris Orli hava limanında uçuşların təxminən 20%-i təxirə salınıb. Ölkədə 230-a yaxın etiraz aksiyası təşkil edilib. Fransa Senatı isə əhalinin etirazlarına baxmayaraq, pensiya islahatı layihəsini təsdiqləyib.
Bəs, bundan sonra proseslər necə inkişaf edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında Fransadakı mövcud pensiya islahatının kifayət qədər problemli məsələ olduğunu bildirib.
Onun sözlərinə görə, Fransa hökuməti doğuşun azalması və bir sıra digər demoqrafik problemləri həll etmək üçün pensiya yaşını artırıb:
"Amma bu, ciddi etirazlara səbəb oldu. Çünki əhalinin böyük bir qismi öncədən təqaüdə çıxmaq haqqında planlar qurur. 62 yaşda təqaüdə çıxan hansısa bir avropalı, o cümlədən fransız öz həyatını sanki yenidən yaşamağa başlayır. Orda təqaüdlər çox yüksəkdir və insanlar bəzi hallarda təqaüdə daha tez çıxmağa çalışırlar. Hazırkı etirazlara səbəb yalnız yaş həddinin artırılması deyil. Həmçinin təqaüdə çıxarkən müəyyən güzəştlər nəzərdə tutulurdu ki, onlar da ləğv olunub. Bunu kompensasiya etmək üçün təqaüdün artırılması da yetərli olmadı”.
Natiq Cəfərli bildirib ki, bu qərarın siyasi əks-sədası yaxın gələcəkdə keçiriləcək seçkilərdə özünün biruzə verəcək:
"Bu addım növbəti seçkilərdə Makronun komandasına baha başa gələcək. Seçkidə onların hakimiyyətdə qalmaq, ümumiyyətlə, hökumət qurmaq imkanları tamamilə əllərindən çıxacaq. Fransa hökuməti ciddi etirazları və qərarın parlatmentdən keçməyəcəyini nəzərə alaraq çox anti-demokratik qərar verdi. Parlamentdə səsverməyə çıxarmadan qərar qəbul olundu. Bu isə Makronun israrı nəticəsində baş verdi. Çünki bu qanun layihəsinin parlament müzakirələrindən keçməsi mümkün deyildi. O səbəbdən ki, alt palatada Makronun partiyasının səs çoxluğu yoxdur. Hətta deputatların çoxu bu qanunun əleyhinə idi. Senat isə üst palata sayılır. O, daha çox Makronun partiyasının əlindədir. Ona görə də bu qərar Senatda tez təsdiq olundu. Bu,ə anti-demokratik bir yanaşma idi və Makron bunun altını çəkəcək".
Əfsanə Rəcəb
BakuPost