Ru
11:53 / 04 Aprel 2022

Maska da aksesuar olmuş...

8572










Firidun Ağazadə




Dilçi olmağın da bir mənfi cəhəti var. Ki, hər sözün, hər kəlmənin başına ip salırsan... Məsələn, “aksesuar” sözü. Hələ bu qalsın.

Deyirəm, görəsən, ilk dəfə eynəyi hansı qadın saç aksesuarı eləyib? İlk dəfə onu hansı qadın baş aksesuarı eləyib? Hələ yuxudan oyanan kimi “açki”ni (belə deyək ki, mənası üzə çıxsın!..) başına taxan qadınlar..! Vallah möcüzədir.


“Aksesuar” fransızca ”accessoire” (latınca “accessorius”) sözündəndir, “nəyinsə vacib olmayan əlavə hissəsi, bir şeyi tamamlayan əlavə detal” deməkdir. Diqqət edin, “vacib olmayan”, “prosto” tamamlayan”. Modada paltarı tamamlayan, bəzəyən köməkçi bir detal. Məsələn, baş geyimi, şərf, dəsmal, qalstuk, eynək, çətir (“sarı çətir” yox), əlcək, çanta, pulqabı, portmanat, kəmər, bijuteriya, zinət, saat...
İşgüzar adamların aksesuarı olur: vizit kartı, yazı kitabçası, qələmi və s.

Teatrda aksesuar: butaforiya predmetləri yaxud rekvizitlər.

İnteryerdə aksesuar: interyerə harmoniya verən predmetlər, vaz, balaca xalça, heykəlciklər...

Mobil rabitədə aksesuarlar... Hə, burada “uşaq da bilir”, aksesuar nədir. Çoxumuz aksesuar sözünü daha çox mobil telefonlarla bağlı eşidib bilmişik. Naqilli-naqilsiz, mobil telefonların müxtəlif qarniturları (tələbəlikdə bir “qarnir” sözü eşidirdik, “xörəyin qarniri”, indi o da yoxdur) hamısı aksesuar deyil də nədir..?

Avtomobil aksesuarları var... çeşid-çeşid. Sükan üzlüyündən tutmuş uşaq kreslosuna, panoram linzalara qədər... Qoy, sözdən bir söz çəkim. Dünya miqyasında uğur qazanmış hər bir azərbaycanlı öz ölkəsinə, vətəninə aksesuardır. Yəqin, belə deyə bilərik. Mədəniyyət sahəsində, idmanda, elmdə, musiqidə yüksək nailiyyətlər əldə etmiş hər bir azərbaycanlı Vətənin aksesuarıdır. Ölkəsinin imicini tamamlayır, onu dünyada böyüdür, tanıdır, şöhrətini artırır. Sizcə, yox?


Bir də var qadınların aksesuar seçimi... Türkün sözü “Off bə..!” Qadınlar hər şeydən bir aksesuar yaradır. Hər paltara, hər saç şəklinə, getdiyi hər yerə görə aksesuar seçən qadınlar. Saç düzümünə, yığıma və darama formasına görə, dəri rəngi, saç rəngi və kiloya görə aksesuar seçən qadınlar...


Xülasə, qadınların aksesuar seçimi bir ayrı aləmdir. Bu, aksesuar-terapiyadır...


“Mən bu sətirləri yazdığım dəmdə” Real TV-də bir xanım deputat göy bir maskanı aksesuar kimi geyib maskanın vacibliyindən danışırdı. Amma maskanı ağıza-buruna yox, çənəsinin altına taxmışdı. Yəni, kovidə yoluxmadan qoruyan maska yerində deyildi. Bəlkə tənbəllik edib maskanı açmamışdı? Yox, xanım çox zirək və mübariz bir qadındır. Görüntü-zad ona yabançıdır. Sadəcə, qorxuram ki, görənlər bunun bir aksesuar odluğunu bilə və...


Heç bilirsiz, bu cür - maskanı çənəsinin altında gəzdirən nə qədər adam var şəhərdə..? Lap aksesuar kimi... Eynəyi də elə bu cür aksesuar elədi qadınlar... gözə yox, saçlarına taxdılar onu, indi eynək olub saç aksesuarı, baş aksesuarı... Daha çox bu funksiyanı yerinə yetirir. Görəsən, ilk dəfə eynəyi hansı qadın saç aksesuarı eləyib? Yəni, şübhəsiz ki, bunu əvvəlcə qadın etmiş olar, kişi belə qələti eləməz. Belə istedadlar qadında olur... Bunlar eynəyin təyinatını tamam dəyişdilər, yenə Təpəgöz onu başına taxsa, izah olunandı... Onun bir gözü var, o da təpəsində. Amma qadınlar maskanı da aksesuar etdilər, axı – çənə aksesuarı. İndi gəl, tərgit onlara bunu! Maskanı qola-dirsəyə taxanlar var, pandemiya bir az uzansa, qorxuram, maska ayağa taxıla, ayaq aksesuarı, diz aksesuarı ola...

Təbabətdə “aksesuar süd vəzi” və ya “aksesuar məmə” adı verilən süd vəzi xəstəliyi var, cərrahlar asanlıqla öhdəsindən gəlirlər.

O gün bir banka işim düşmüşdü. Növbəyə durmalı olduq. Qadınlar maskanı bir qulağından açıb eləcə (eləcənə) o biri qulağından asılı vəziyyətdə axşama qədər növbədə durdular. Sabah maskanı bir qulaqdan asmaq aksesuar olacaq.


Elə bilirsiz, olmaz?..

Dünyada hər şey qadın aksesuarıdır...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər