Ru
11:27 / 09 Yanvar 2023

"Məktəb direktorunun kabinetində seyf varsa..." - Şahlar Əsgərovdan sərt sözlər

7417
Xəbər verdiyimiz kimi, bugünlərdə Naftalan şəhəri, İmadəddin Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynovanın summativ qiymətlərin yazılması üçün valideynlərdən pul tələb etdiyi ilə bağlı səs yazısı yayılıb. Səs yazısında Vəfa Hüseynova valideyn və şagirdlərin pulları müəllimlərə toplu şəkildə verməli olduğunu deyir.




Qeyd edək ki, indiyədək direktorların şagirdlərə attestat vermək üçün “şirinlik” tələb etməsi, məktəbdə hazırlıq keçən müəllimlərdən haqq alması, əlavə dərs saatları müqabilində pul istəməsi və s. bağlı xəbərlər, səs yazıları çox yayılıb. Düzdür, direktorların bəziləri rüşvətə görə işdən azad olunub, bir çoxuna ciddi töhmət verilib. Ancaq vəziyyət yenə də dəyişməz olaraq qalır. Gürülən cəza tədbirlərindən nəticə çıxarmayan bəzi direktorlar hələ də iş başındadırlar. ​ ​
​ ​


Mövzu ilə bağlı Bakupost.az -a danışan Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, yaxşı direktorun tək amalı məktəbin adını yüksəltmək, onun ən qabaqcıl təhsil müəssisələri sırasında olmasına nail olmaq olmalıdır. Ən başlıcası isə direktor müəllimlərin təhsilalanlara yüksək səviyyədə təhsil verməsinə, savadlı nəslin yetişməsinə çalışmalıdır:


“Danılmaz həqiqətdir ki,​ təhsil müəssisəsinin uğuru, inkişafı yaxşı direktordan asılıdır. Tək amalı məktəbini sözün əsil mənasında ən yaxşı təhsil müəssisəsinə çevirmək olan direktorun çalışdığı təhsi olcağı öncüllər sırasında olar. Özünü təlim-tərbiyə üçün qurban verən direktor məktəbi çiçəkləndirər. Ancaq təhsil ocağını öz şəxsi ambisiyalarına qurban verən, əsas amalı tutduğu mövqedən istifadə edib qazanc əldə etmək olan direktor isə məktəbi uçuruma aparar, təhsili məhv edir”.


Şahlar Əsgərovun dediyinə görə, Elm və Təhsil Nazirliyi məktəblərdəki neqativ halların qarşısını almaq üçün müəssisələrə idarəçilik qabiliyyəti olan, ​bacarıqlı, potensiallı və ən başlıcası, vicdanlı direktorlar təyin etməlidir:

“Direktorları günün tələbinə uyğun seçmək lazımdır. Kiminsə qohumu, tanışı və ya yaxını olduğu üçün yox. Direktor millətə xidmət etməli, rəhbəri olduğu məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsinə çalışmalıdır. Direktorun kabinetində seyf varsa, deməli, şəxsi mənafeyi yüksəkdir. Yaxşı direktorun məktəbində neqativ hal baş verməz”.




Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, bu gün bəzi məktəb direktorları çirkin əməllərlə məşğuldurlar. Onlar məktəbə biznes obyekti, gəlir mənbəyi kimi baxır, və bu da təhsilimizə çox ciddi ziyan vurur:


“Təhsil olan yerdə rüşvət olmamalıdır. Rüşvət olan yerdə normal təhsil mühiti ola bilməz. Əgər, bir məktəb direktoru rüşvət alırsa və bu əməlinə görə işdən azad olunursa, bu, yetərli deyil. Belə halların baş verməməsi üçün sərt cəzalar olmalıdır. İnsanlar görməlidir ki, filankəs bu əməli törətdi və cəzasını aldı. Direktorların rüşvət alması ilə bağlı fakt aşkarlanan zaman onlar daha sərt şəkildə cəzalandırılmalıdır. Biz məktəblərdə təhsilin keyfiyyətindən danışmaq istəyiriksə, orada bir qəpik rüşvətdən söhbət gedə bilməz. Məktəblərdə rüşvətin kökünü kəsməliyik. Məktəbə direktor təyin olunan şəxs bilməlidir ki, o bu müəssisəyə təhsilin səviyyəsini artırmaq, bilikli və savadlı gənc nəslin yetişməsinə nail olmaq üçün təyin olunub. Rüşvət almaq, qazanc əldə etmək üçün yox”.

Millət vəkili hesab edir ki, hər insanı məktəb direktoru təyin etmək olmaz:

“Bir məktəbə direktor təyin etməzdən öncə onun əvvəlki işi, fəaliyyəti dəqiqliklə araşdırılmalı, yoxlanılmalıdır. Təyinat zamanı tapşırıqlar, kiminsə qohumluğu, kiminsə yaxınlığı nəzərə alınmamalıdır. Direktorların işə qəbulu prosesi tam şəffaf və obyektiv həyata keçirilməlidir. Belə olsa, neqativ hallara da rast gəlinməz. Son vaxtlar baş verən neqativ hallar onu göstərir ki, bir çox təhsil müəssisələrinə direktor təyinatı düzgün həyata keçirilmir. Təhsil müəssisəsinə rəhbərlik etməyə layiq olmayan insanlar bu vəzifəyə təyin olunur. Bu gün müəllim adını daşıyan bir məktəb direktorunun müəllimlərdən, şagirdlərdən hər hansı vəsait yığması utancverici haldır. Belə halların qarşısının alınması üçün real və ciddi addımlar atılmır. Əks halda, vəziyyət idarəolunmaz hal alacaq və təhsil müəssisələrində rüşvət ayaq tutub yeriyəcək”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər