Ru
12:25 / 10 Yanvar 2022

Mətbuat katibləri azad olunan torpaqlara niyə aparılmır... - Kimlər gedib? - SORĞU

3295
İşğaldan azad olunmuş ərazilərimizə mətbuat nümayəndələrinin, QHT-lərin, partiya rəhbərlərinin səfərləri təşkil olunub. Bəzi dövlət qurumlarının mətbuat katibləri bu ərazilərimizə səfər etsələr də, onların ayrıca səfərləri təşkil olunmayıb.

Bakupost.az mətbuat katibləri arasında işğaldan azad olunan torpaqlarımıza gedib-getmədikləri ilə bağlı sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev qeyd edib ki, 25-26 sentyabr 2021-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları və media nümayəndələri ilə birlikdə Şuşa şəhərində olub:

“Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə etdilər. Layihə çərçivəsində Şuşa şəhərinin ərazisində ağacəkmə aksiyası da təşkil olundu. Şəhidlərimizin övladları tərəfindən 100 ədəd eldar şamı əkildi”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da işğaldan azad olunmuş ərazilərdə olduğunu bildirib:

“Bəli, işğaldan azad olunan ərazilərə səfər etmişəm. Həmin səfər çərçivəsində böyük ağacəkmə kampaniyaları həyata keçirmişik”.


Diasporla İş Üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı da Qarabağa səfər etdiyini qeyd edib:



“Xaricdə yaşayan azərbaycanlıların Şuşaya 4 səfəri təşkil olunub. Bunların ikisində iştirak etmişəm. Yoldaşım şuşalıdır, özüm də Şuşa sakiniyəm. Diaspora nümayəndələri ilə gedəndə hətta yoldaşımgilin evinin yerini də gördüm. Şuşanı ermənilər dağıdıblar; ev yox idi, tamamilə otluq idi ”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova isə işğaldan azad olunmuş ərazilərimizdə olmadığını bildirib:


“Torpaqlarımız işğaldan azad olunmamışdan əvvəl Ağdamın bizdə olan hissəsinə səfər etmişdim. Lakin işğaldan azad ediləndən sonra bu ərazilərimizdə olmamışam. Təbii ki, bütün Qarabağ torpaqlarında olmaq böyük qürurdur. Amma hələ qismət olmayıb. Ən çox Kəlbəcər və Şuşada olmaq istərdim”.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarat Məmmədov da həmin ərazilərə getməyib:


“Hamı kimi mən də bu müqəddəs ərazilərimizə getmək, oraları görmək, qəhrəman şəhidlərimizə ehtiram olaraq onların qanı axan torpaqlarda dua etmək, qazilərimizə cansağlığı arzulamaq istərdim. İnşallah, bu səfər şansı bizə də qismət olar. Açığı bu günlərdə düşünmüşdüm, hətta bir neçə adamla söhbətdə də demişdim ki, "yəqin, mətbuat katibləri üçün də işğaldan azad olunmuş ərazilərə ayrıca bir səfər təşkil olunar". İlk növbədə Şuşada olmağı çox istərdim. Bu, hamının arzusudur”.

BNA-nən mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, işğaldan azad olunan ərazilərə səfər etmək nəsib olmayıb:

“Əgər belə bir imkan olarsa, əlbəttə, böyük sevinc hissi ilə o torpaqlara getmək istərdim. İşğaldan azad olunan ərazilərin hər qarışı mənim üçün müqəddəsdir”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da Qarabağa getmədiyini bildirib:

“Əlbəttə, mən də hamı kimi müqəddəs torpaqlarımıza işğaldan azad olunandan sonra getmək istəyirəm. Oranın hər qarışı müqəddəsdir və saatlarla o torpaqlardan danışmaq olar. Kəlbəcərdən başlayaraq, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, mədəniyyət paytaxtı olan Şuşamız və digər azad olunan ərazilərimizin hər qarışı möcüzədir. Xüsusilə Şuşanın təbiəti, tarixi-mədəni abidələri, mədəniyyəti deyərdim ki, bir təbiət möcüzəsidir. Sonuncu dəfə 1980-ci illərdə Ağdamdan Xocavənd istiqamətində o yolu getmişəm, amma Şuşaya çatmamışam. Yetər ki, salamatlıq olsun, inşallah hamımız o torpalqarı ziyarət edəcəyik”.

DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev də getməyənlər sırasındadır:

“Təbii ki, mən də işğaldan azad olunmuş torpaqlarımızda olmaq istərdim. Qarabağın hər qarışı bizim üçün əzizdir, müqəddəsdir. Təbii ki, Qarabağın hər yerində olmaq arzumdur. Xüsusilə Şuşa hər bir azərbaycanlı üçün qibləgah şəhərdir. İnşallah, qismət olsa gedəcəyik”.

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri qeyd edib ki, işğaldan azad olunan torpaqlara hələ getməyib:



“Hər bir azərbaycanlı üçün müqəddəs olan Qarabağ torpaqlarına getmək çox böyük qürurdur. Şuşanı görməyi çox istərdim. İnşallah, qismət olsa növbəti səfərlərdə biz də gedib, müqəddəs torpaqlarımzı qarış-qarış gəzərik”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qarabağa getdiyini deyib:



“Cənab nazirin rəhbərliyi ilə nümayəndə heyətimiz Şuşada olub. Demək olar ki, Şuşanın hər yerində olmuşam”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə demək olar ki, azad olunmuş torpaqlardan geri qayıtmır:


“Bilmirəm bu, təsadüfdür, torpaqlar azad olunandan heç oradan çıxmamışam. Kəlbəcərə təsərrüfatları köçürəndə 82 gün orada olmuşam. Kəlbəcərə iyun ayının 2-dən, sentyabrın 2-nə qədər 6 qoyunçuluq təsərrüfatı köçürmüşük. Daha sonra yenidən Kəlbəcər və Laçına 70-dən çox təsərrüfat köçürtdük. Demək olar ki, kənd təsərrüfatı ilə əlaqədar azad olunan bütün ərazilərdə olmuşam. Bircə Şuşada kənd təsərrüfatı fəaliyyəti olmadığına görə Şuşada olmamışam. Yəni, mənim bütün səfərlərim işimlə bağlı olub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, torpaqlarımız işğaldan azad olunandan dərhal sonra jurnalist həmkarlarla bu ərazilərdə olub:



“Bildiyiniz kimi, mən uzun illər "Lider" televiziyasında aparıcı-müxbir kimi çalışmışam. Torpaqlarımız işğaldan azad olunandan sonra jurnalistlərin həmin ərazilərimizə səfərləri təşkil olunduğu zaman mən də getmişəm. Təkcə Şuşada olmamışam. Təbii ki, böyük məmnuniyyətlə istərdim Şuşada da olum. Qismət olar gedib Şuşanı da görərik”.

F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər