Xəbər verdiyimiz kimi, Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxunub.
Məhkəmə qərarına əsasən onlar 8 il azadlıqdan məhrum ediliblər.
Bakupost.az xəbər verir ki, hökm oxunduqdan sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəməni ədalətsiz qərar çıxarmaqda günahlandırıblar. Onlar məhkəmənin əlində heç bir sübut olmadığını deyiblər. Sübhan Quliyev eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyini də fəaliyyətsizlikdə ittiham edib.
“Bizim vəsatətlərimiz qəbul olunmur. 20 vəsatətimizin heç biri qəbul edilməyib. İşə baxan yoxdur. Azərbaycan dövləti özü bu işə qarışmalıdır. Mənə hökm kəssinlər, amma Misiri buraxsınlar. Bizi ermənilərə görə tuturlar, bir nəfər dillənmir. Ayıbdır, burda dayanıb bizi satırsınız. Bu, satqınlıqdır. Hardadır bizim səfirliyimiz? Hamısı qaçıblar. Bir nəfər öz vəzifəsini icra etmir”, - deyə Sübhan Quliyev bildirib.
Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev adam oğurluğu, xuliqanlıq və silah saxlamaq ittihami ilə bir il əvvəl həbs olunublar.
29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Elnur
BakuPost