Ru
09:58 / 11 Yanvar 2022

Narkoman sürücülərin sayı artır: onları necə tanıyaq? - Ekspertlər

977
Görülən profilaktik tədbirlərə baxmayaraq, ölkədə narkoman sürücülər sükan arxasında maşın idarə etməkdə davam edirlər. Ən təhlükəlisi də budur ki, onların da əksəriyyəti sərnişin daşıyır.

Növbəti belə fakt Ağdaşda aşkarlanıb. Rayon polis şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Vaxtaşırı Bakıda da analoji faktlar, marşrut avtobuslarını narkomanların idarə eləməsi haqqa məlumatlar yayılır.

Bəs belə halların kardinal şəkildə kökünü kəsmək mümkündürmü? Ümumiyyətlə, narkotik təsiri altında olan adamı, sürücünü əhali necə tanıya bilər? Hansısa sadə test varmı?




Ramin Allahverdiyev: “Yalnız dəqiq araşdırmadan sonra sürücünün narkotik istifadəçisi olub-olmadığını demək mümkündür”


Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, öncə asılılığın mahiyyəti düzgün qəbul edilməlidir: “Qəbul etdiyi maddənin növünə, miqdarına, müddətinə uyğun olaraq şəxsdə bir sıra dəyişikliklər ola bilir. Bu dəyişiklik sosial, psixoloji və fiziki ola bilir. Sosial dəyişiklik zamanı şəxsin çevrəsinin dəyişilməsi, işə, dərsə marağın azalması və yaxud başqa sosial işlərdə lənglik müşahidə olunur. Və yaxud yanaşı xəstəliklər var ki, məsələn, refleks, panik atak, şəxsiyyət pozğunluqları ola bilər.



Fiziki baxımdan müşahidələr isə maddənin növündən asılı olur. Məsələn, təbii şəkildə marixuana istifadə edən şəxsdə heç bir fiziki dəyişiklik müşahidə olunmur. Amma hazırda qeyri-leqal olaraq satılan psixotrop maddələr var ki, onlardan qəbul zamanı şəxsdə arıqlama müşahidə edilir, şəxs ağız, burun suyunu saxlaya bilmir, göz bəbəklərində böyümə və yaxud böyük göz bəbəklərində kiçilmə yarana bilir. Yəni görünüş baxımından bunları müşahidə edə bilərik. Amma bütün bunlar bizə imkan vermir ki, hansısa sürücüyə baxanda deyək ki, o maddə istifadəçisidir. Ona görə də bunun cavabını dəqiq demək mümkün deyil. Bunun üçün aidiyyəti orqanlar gərək sürücüləri tez-tez yoxlasın və yaxud hüquqi baxımından dəyələndirmə aparsın. Yalnız bu zaman dəqiq deyilə bilər ki, şəxs maddə istifadəçisidir, ya yox".


Emil Maqalov: “Sərnişindaşımaya cavabdeh olanlar gündəlik olaraq sürücülərdən test götürməlidir”


Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov da mövzu ilə bağlı danışıb:



“Təəssüf ki, narkotik istifadə edib, ictimai nəqliyyata çıxan sürücülərin sayı artmağa başlayıb. Polisin uğurlu işinə baxmayaraq, mövcud vəziyyət yenə də öz yerində qalır. Bunun üçün çox yaxşı olardı ki, hansısa səbəbdən polis sürücünü saxladıqda mütləq şəkildə onları 5 dəqiqəlik testlərdən keçirsin. Araşdırma zamanı bu cür hal aşkarlanarsa tədbir görülməlidir”.

Ekspert qeyd edib ki, bu cür halların kökünü kəsmək mümkün deyil: “Bunun üçün gərək hamıdan ümumi test götürülsün. Əgər bu mümkün olsaydı, inkişaf etmiş ölkələrdə məsələ həll olunmuş olardı.

Təbii ki, sərnişinlər də sürücü ilə ünsiyyətdə onun narkotik istifadə etməsindən şübhələnə bilər. Amma məlum məsələdir ki, adətən sərnişin arxada əyləşir və ona görə də məsələni müşahidə etməyə bilər. Lap tutaq ki, sərnişin bunu bildi, nə etməlidir? Buna görə də hesab edirəm ki, sərnişindaşımaya cavabdeh olanlar gündəlik olaraq test götürməlidir. Həmçinin taksi şirkətləri də mütləq şəkildə bu cür testi həyata keçirməlidir".

Ekspert qeyd etdi ki, ölkədə narkotik istifadəçilərinin sayının artmasının fonunda bu bəladan xilas olmaq üçün müalicə müəssisələrinin sayı həddən artıq azdır:

“Tutaq ki, şəxsin narkotik istifadəçisi olduğu aşkarlandı, amma bir problem var ki, müalicə lazım gəldikdə narkodispanserlərdə yer yoxdur. Çox bölgələrdə heç narkodispanserin özü yoxdur.

Narkotik istifadəçiləri dispanserdə müalicə aldıqdan sonra reabilitasiya mərkəzlərinə yönləndirilməlidir ki, bunun üçün də reabilitasiya mərkəzləri yaradılmalıdır.

Reabilitasiya mərkəzləri var, amma bu, özəl sektordadır, bahalıdır və hər kəsin buna imkanı çatmır. Ona görə də dispanserdə müalicə alanların yalnız 3-5-i asılılıq vəziyyətindən çıxa bilir, qalanları yenidən narkotik istifadəçisinə çevrilir.

Beləliklə, reabilitasiya mərkəzi olmadığından və yaxud dispanserdə yer olmadığından narkotik istifadəçiləri iş tapa bilmir və nəticədə məcbur olurlar ki, kredit tapıb özlərinə maşın götürsünlər və taksi və yaxud avtobus sürücüsü işləsinlər".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər