Ru
09:10 / 05 May 2022

Narkotik satışında məktəblər əsas hədəf götürülüb – Ekspertdən SOS

1939
“Son vaxtlar şagirdlər arasında kriminal aləmə meyillilik, narkotik vasitələrdən, siqarətdən istifadə, zorakılıq halları xeyli artıb. Bu gün orta məktəblərimizdə narkotik istifadə edən, siqaret çəkən, özünü kriminal avtoritet kimi aparan, sinif yoldaşına xəsarət yetirən, bıçaqlayan şagirdlərimiz var. Hətta məktəbə özü ilə bıçaq gətirən qız şagirdlərimizə də təsadüf olunur. Təəssüf doğuran məqam odur ki, belə şagirdlərin sayı günbəgün artır. Təhsil Nazirliyi sadalanan bu məsələlərin üzərində ciddi şəkildə dayanmalıdır. Müvafiq işlər, təxirəsalınmaz tədbirlər görülməlidir. Çünki belə halların baş verməsi cəmiyyət üçün xoş nəticə vəd etmir. Əgər vaxtında lazımi tədbirlər görülməsə, qarşıdakı illərdə məktəblərdə daha artıq neqativ hallar müşahidə olunacaq”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.


Ekspert bildirib ki, son dövrlər şagirdlər arasında psixoloji olaraq gərginlik müşahidə olunur:


“Biz pandemiya dövründə demişdik ki, şagirdlərin məktəbdən uzaqlaşması, şagirdlərarası münasibətlərin yenidən qurulması bir qədər uzun zaman tələb edəcək və onlarda psixoloji problemlər olacaq.

Deyilənlər öz əksini tapdı. Bütün bunların səbəbkarı əlbəttə ki, tək pandemiya deyil. Müasir dövrdür. Texnologiyaların həddindən artıq inkişaf etməsi, şagirdlərin sosial şəbəkələrə asan çıxış imkanı, onların hər birinin ağıllı telefondan istifadə etməsi, mövcud trendlərə qoşulmaları şagirdləri təhsildən yayındırıb.

Bu vəziyyətə görə ilk olaraq məsuliyyəti həmin şagirdlərin valideynləri daşıyır. Çünki ilkin tərbiyə, təlim ailədən gəlir. Digər məsuliyyət isə ümumtəhsil müəssisələrinin, müəllim və direktorların üzərinə düşür. Çünki orta ümumtəhsil məktəbləri də şagirdlərin bir evi sayılır. Şagirdlər demək olar ki, günün daha çox hissəsini məktəblərdə keçirirlər. Onlar biliklə yanaşı davranışları da özlərində əks etdirməlidirlər. Amma təəssüflər olsun ki, yaxşı hərəkət etməyən uşaqların vərdişlərinin başqa uşaqlara da sirayət etməsinin şahidi oluruq. Nəticədə də bu hadisələr zəncirvari şəkildə cərəyan etməyə başlayır. Məktəblərdə neqativ hallar günbəgün daha da kriminal artan sahədə inkişaf edir. Təhsil Nazirliyindən tutmuş, məktəb rəhbəri, müəllim, valideynədək hər kəs bu məsələlərə ciddi və həssas yanaşmalıdır. Məktəblərdə olan kriminal hadisələrin və digər xoşagəlməz halların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir”.


Ekspert qeyd edib ki, bu gün orta məktəblərin nəzarət işində problemlər var. Həmçinin təhsil müəssisələrində ümumi psixoloji söhbətlər aparılmır. Buna görə də məktəblərdə problemlər daha geniş vüsət alıb:


“Müvafiq olaraq təhsil müəssisələri tam nəzarətə götürülməlidir. Məsələn, Daxili İşlər Nazirliyinin əməkdaşları məktəbləri nəzarət altında saxlamalıdır. Çünki narkotik vasitələrin satışı kimi məktəblər əsas hədəf götürülüb. Təəssüflər olsun ki, bu sahədə əsas bazar rolunu məktəblər oynayır. Eyni zamanda nizam-intizama fikir verən, rəhbərlik etməyi bacaranlar məktəbə gətirilməlidir. Kimlərinsə tapşırığı, dostluq, tanışlıq yolu ilə məktəbə rəhbər, yaxud da psixoloq götürülməməlidir. Bütün pedoqoji qaydalar doğru şəkildə həyata keçirilsə, məktəblərdə də neqativ halların qarşısı alınar. Fikrimcə, bütün bu hallara görə təhsildə köklü şəkildə islahatlar həyata keçirilməlidir. Bir-iki məktəbdəki yaxşı görüntü o demək deyil ki, bütün ümumtəhsil məktəblərində hər şey əladır, qaydasındadır. Xeyr, bu belə deyil. Məktəblərin çoxunda heç də hər şey ideal deyil. Reallıq odur ki, məktəblərdə baş verənlər ürəkaçan deyil və get-gedə vəziyyət daha da pisləşir”.


Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər